Sahibkarlıq subyektlərinin maliyyə durumunu müəyyən etməyə imkan verən ən vacib göstəricilərdən biri onun nizamnamə kapitalıdır. Həmin məbləğ şirkətin gəlir əldə etməsi üçün ilkin kapitalı, eyni zamanda müflis olduqda onun kreditorlarının maliyyə tələblərinin ödənilməsini təmin etmək üçün istifadə ediləcək mənbədir. Mövzu ilə bağlı aktual məsələləri Vüqar Mirheydərov şərh edir.
Maliyyə hesabatlarının təhlilində istifadə olunan müxtəlif əmsallar arasında Debt-To-Equity Ratio (Borcun kapitala nisbəti) əmsalı biznesin kreditləşməsinin dərəcəsini qiymətləndirmək üçün istifadə olunur. Bu əmsal müəssisənin bütün öhdəliklərinin səhmdarın yerləşdirdiyi nizamnamə kapitalına nisbətini ifadə edir.
Debt-To-Equity Ratio əmsalını bizim biznes subyektlərinin maliyyə hesabatlarına tətbiq etdikdə hansı nəticələr verəcəyini təsəvvür etmək çətindir. Statistikaya görə, yeni yaradılan şirkət ilk 6, bəzən də 12 ayı ziyanla işləyir. Müştərilərin yeni şirkəti tanıması, satışların başlaması və artması müəyyən vaxt tələb edir. Bu müddət ərzində şirkətin təsərrüfat və inzibati xərclərinin icra edilməsi üçün lazım olan pul vəsaitləri şirkətin bank hesabına nizamnamə kapitalı formasında yerləşdirilməlidir. Həmin vəsait şirkətin gəlirləri xərclərini ödəyə biləcək həddə çatanadək istifadə olunmaq üçün nəzərdə tutulub. Lakin, adətən yerli şirkətlər nizamnamə kapitalı qismində simvolik məbləğlər - 10 və ya 100 manat qeyd edib, digər vəsaitləri ən yaxşı halda səhmdarın şirkətə verdiyi borc kimi rəsmiləşdirirlər. Əksər hallarda, ümumiyyətlə, səhmdarın şirkətə xərclədiyi vəsaitlərin uçotunu aparmırlar.
Bunun bir neçə səbəbi var və burada vergidən yayınmaq cəhdləri öndədir. Belə şirkətlər adətən qeyri-peşəkar komanda ilə işləməyə, mühasib olmadan idarə etməyə, yüksək keyfiyyətli proqram təminatına pul xərcləməməyə üstünlük verirlər. Nəticədə isə sanksiyalar və digər problemlərlə üzləşirlər. Səbəblərdən ən birincisi bu vəsaitlər gələcəkdə səhmdara qaytarıldıqda ödəmə mənbəyindən tutulan 10 faizlik vergidən yayınmaqdır. Məsələn, bir şəxs 10 min manatlıq kapitalı olan şirkət yaradır, nizamnamə kapitalı şəklində isə 10 manat göstərilir. Qalan 9 min 900 manatın təsisçidən borc şəklində alındığı göstərilir. Həmin məbləğ dividend kimi təsisçiyə ödənilərkən 990 manat ödəmə mənbəyində vergi verməkdən azad olur.
Nizamnamə kapitalının tam yerləşdirilməsindən imtinanın ikinci ən populyar səbəbi şirkətin ləğvi zamanı hesablarda qalan vəsaitin geri alınması ilə bağlıdır. Bu zaman, həmin müddət uzun çəkir. Ona görə də sahibkarlar tam məbləği nizamnamə kapitalına yatırmaqdan yayınırlar. Azərbaycanda sahibkarlar bir şirkət yaradaraq uzun illər onun fəaliyyətini təmin etməkdən daha çox necə ləğv etməyi düşünürlər. Onların marağı şirkətin dövriyyəsi 200.000 manata çatdıqda onu təcili ləğv edib başqa bir şirkət yaratmaqdan uzağa getmir. Çünki dövriyyəsi həmin məbləği keçdikdə ƏDV qeydiyyatına düşməyə və işə mühasib götürməyə məcburdurlar. Bundan qaçmaq üçün ləğvetməyə üstünlük verirlər.
Nizamnamə kapitalı şirkətin uçotunda görünən vizit kartıdır. Onun gəlir və xərclərinin uçotu qanunvericiliyə uyğun aparılmalıdır. Məhz belə bir şirkətin kredit bazarına çıxışı, yeni investisiyalar cəlb etmək imkanları daha geniş olur. Nizamnamə kapitalını hissə-hissə ödəmək imkanı da istisna deyil. Təsisçinin birbaşa hesabına daxil etmək üçün kifayət qədər pulu olmadıqda nizamnamə kapitalını tədricən ödəyə bilər. Bu zaman 1 və ya 2 il müddətində şirkətin xərcləri nəzərə alınmır. Şirkət ləğv edildikdə isə bütün öhdəliklər ödənildikdən sonra hesabda və kassada qalan vəsaitlər nizamnamə kapitalındakı paya görə səhmdarlar arasında bölünür. Bu o deməkdir ki, nizamnamə kapitalına yerləşdirilən vəsait heç yerə itmir.
Nizamnamə kapitalının artırılması da mümkündür. Bunu bölüşdürülməyən mənfəət hesabına etmək olur. Əgər şirkət yaradarkən sahibkar 10 manat nizamnamə kapitalı bəyan edibsə, 2-3 ildən sonra, şirkət inkişaf etdikdə dividendlərin verilməsindən sonra qalan bölüşdürülməmiş mənfəətin bir qismini nizamnamə kapitalına əlavə etmək olar. Bu, şirkətin dəyərini artırır və heç bir vergi öhdəliyi də yaratmır. Əksinə, xeyli vəsaitə qənaət edilmiş olur. Vergi Məcəlləsinin 106.1.19-cu maddəsinə əsasən, 3 il müddətində investorun sahib olduğu müəssisədəki səhmlərin satışından əldə etdiyi gəlirin 50 faizi gəlir vergisindən azad edilir. Beləliklə, adekvat nizamnamə kapitalını əks etdirən sahibkar şirkətdəki payını satmalı olsa, həmin əməliyyatın gəlir vergisində xeyli qənaət etmiş olar.
Fərqanə ALLAHVERDİQIZI
Mənbə: https://vergiler.az/news/taxes/7503.html
|