Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.11.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

     Nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin rəsmiləşdirilməsi


2021-02-22 | Mühasibat uçotu | Baxılıb: 5167 dəfə

İqtisadi subyektlərdə nizamnamə kapitalının formalaşmasının müxtəlif formaları mövcuddur. Nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin rəsmiləşdirilməsi zamanı ortara çıxan sualları sərbəst auditor Altay Cəfərov aydınlaşdırır.

Yaradılmış və ya sonradan artırılmış nizamnamə kapitalı təsisçilər, payçılar, səhmdarlar tərəfindən bir çox formalı pay qoyuluşu ilə rəsmiləşdirilir.

Nizamnamə kapitalı həm pul və müxtəlif hüquqlar formasında, həm də torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər) formasında aparıla bilər. Mütəxəssislər üçün maraqlı məsələlərdən biri də nizamnamə kapitalının torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər) kimi formalaşdırılmasıdır.

Məsələn, tutaq ki, “AA” MMC-nin nizamnamə kapitalı 10.000 manatdır və təsisçilər özlərinə aid əmlak hesabına nizamnamə kapitalını 200.000 manat artırmağı qərara alıblar. Təsisçilərdən biri nizamnamə kapitalına özünə məxsus olan avadanlıq hesabına 100.000 manat, digəri isə daşınmaz əmlak hesabına 100.000 manat qoymağı təklif edir.

Sual: Birinci təsisçinin pay kimi qoyacağı 100.000 manat avadanlıq necə rəsmiləşdirilməlidir?

Cavab: Normal halda təklif edilən 100.000 manat avadanlıq təsisçinin mülkiyyətində olmalıdır. Elə hallar olur ki, avadanlıq təsisçinin mülkiyyətində yox, istifadəsində olur, amma avadanlığın faktiki mülkiyyətçisi onun “AA” MMC-nin nizamnamə kapitalına pay kimi qoyulmasına razılıq verir. Bu hal praktiki baxımdan etibarlı deyil. Avadanlığın birbaşa təsisçinin mülkiyyətində olması daha məqsədəuyğundur. Bununla sonradan MMC və avadanlıq sahibinin özü üçün yarana biləcək problemlərin qarşısı alınmış olur. Öncədən 100.000 manat avadanlığın ilkin qiymətləndirilməsi tövsiyə olunur. Yalnız bundan sonra həmin avadanlıq təhvil-təslim sənədləri ilə “AA” MMC-yə təhvil verilməsi daha doğrudur.

Sual: Bəs bu zaman ikinci təsisçinin pay kimi qoyacağı 100.000 manat dəyərində daşınmaz əmlak (məsələn, bina) necə rəsmiləşdirilməlidir?

Cavab: Bina da təsisçinin mülkiyyətində olsa daha yaxşıdır. Bu, gələcəkdə yarana biləcək problemlərin qarşısını əvvəlcədən almaq üçün lazımdır. Burada da əmlakın ilkin olaraq qiymətləndirilməsi praktiki baxımdan daha məqsədəuyğundur və təsisçi tərəfindən “AA” MMC-yə təhvil-təslim sənədləri ilə təhvil verilməlidir.

Sual: “AA” MMC binanı təhvil-təslim sənədləri ilə balansa qəbul edə bilərmi?

Cavab: Təkcə təhvil-təslim sənədləri ilə 100.000 manatlıq daşınmaz əmlakı balansa almaq düzgün deyil. Hətta MMC özünün əldə etdiyi daşınmaz əmlakları balansa əsas vəsait kimi daxil etmək üçün dövlət qeydiyyatına aldırmalı, dövlət qeydiyyatında bu daşınmaz əmlakın mülkiyyətçisi kimi tanınmalıdır.

Nizamnamə kapitalının artırılması zamanı da “AA” MMC üçün 100.000 manatlıq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı alınmalıdır.

Sual: Bina ancaq reyestrdən çıxarış alınandan sonra əsas vəsait kimi uçota alınmalıdır, yoxsa onu çıxarış olmadan da uçota almaq olar?

Cavab: Nə mühasibat uçotu standarlarında, nə də Vergi Məcəlləsində belə bir konkret tələb qoyulub. Əsas vəsait formalaşmış məbləği ilə istifadəyə verildikdə onu uçota almaq və ona amortizasiya hesablamaq mümkündür. Pay kimi verilmiş əsas vəsaitin mülkiyyət hüququnun təsisçidə qalması isə həmin əsas vəsaitin sərancamının təsisçidə olduğunu bildirir; bu, əsas vəsaitin “AA” MMC-nin balansına tam keçməsi demək deyildir. Bundan əlavə, binanın dövlət qeydiyyatına yenidən “AA” MMC-nin adına alınması Mülki Məcəllənin, digər qanunvericilik aktlarının tələbidir. Ona görə də belə hallarda hökmən binanın mülkiyyət hüquqi “AA” MMC-yə keçməlidir.

Sual: Nizamnamə kapitalında artırılmış əsas vəsaitlərə amortizasiya hesablanmalıdırmı?

Cavab: Təhvil verilmiş və qaydalar çərçivəsində balansa keçmiş əsas vəsaitlərə mövcud normalara uyğun amortizasiya hesablanmalıdır.

Mənbə: https://vergiler.az/news/taxes/11855.html



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!