Əsas vəsaitlərin anlayışı və kateqoriyaları
Müəssisənin istehsal (xidmət) sferasında bir ildən çox iştirak edən, dəyərin normativ sənədlərlə tənzimlənən, köhnəldikcə öz dəyərini qanunvericiliklə müəyyən edilmiş normalarla hissə-hissə məhsulun (xidmətin) dəyərinə keçirən, istehsal (xidmət) prosesində öz natural formasını saxlayan əmək vasitələri əsas vəsaitlər adlandırılır.
Azərbaycan Respublikası Vergi Məcəlləsi, Maddə 13.2.17:
Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər.
Əsas vəsaitlər AR Vergi Məcəlləsinə görə aşağıdakı kateqoriyalara ayrılır:
- binalar, tikintilər və qurğular
- maşınlar, avadanlıq və hesablama texnikası
- nəqliyyat vasitələri
- digər əsas vəsaitlər
"Torpaq, Tikili və Avadanlıqlar üzrə"
Kommersiya Təşkilatları üçün 7 N-li Milli Mühasibat Uçotu Standartı-na əsasən:
Torpaq, tikili və avadanlıqlar dövriyyədən kənar maddi aktivlər olaraq, müəssisə tərəfindən aşağıdakı məqsədlər üçün istifadə olunur:
- istehsalda və ya mal-materialların çatdırılması və ya xidmətlərin göstərilməsində
istifadə edilməsi; və ya
- digər tərəflərə icarəyə verilməsi; və ya
- inzibati məqsədlər üçün saxlanılması.
Kommersiya Təşkilatları üçün 7 N-li Milli Mühasibat Uçotu Standartına görə Torpaq, Tikili və Avadanlıqlar aşağıdakı kateqriyalara bölünür:
- Torpaq;
- Binalar;
- Maşın və avadanlıqlar;
- Nəqliyyat vasitələri;
- Digər obyektlər;
- Tikilməkdə olan obyektlər.
Əsas vəsaitlərə aiddir | Əsas vəsaitlərə aid deyil |
- binalar,
- qurğular,
- ötürücü qurğular,
- iş-güc maşınları (avadanlıqları),
- ölçü-tənzimləyici cihazlar (qurğular),
- hesablama texnikası,
- nəqliyyat vasitələri,
- alətlər,
- istehsalat-təsərrüfat inventarları (ləvazimatları),
- işçi-məhsuldar heyvanlar,
- çoxillik əkmələr,
- daxili təsərrüfat yolları,
- öz mülkiyyəti olan torpaq sahələri,
- torpaqların yaxşılaşdırılmasına (meliorasiya, qurudulma, irriqasiya və s), həmçinin başqa işlərə (məqsədlərə) qoyulan kapital qoyuluşları
- və başqa vəsaitlər (əmək vasitələri)
|
- dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar;
- istehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə məhsulun (xidmətin) dəyərinə keçirən və bu prosesdə natural formasını saxlamayan sərvətlər;
- dəyərindən və xidmət müddətindən asılı olmayaraq əsas vəsait sayılan kənd təsərrüfatı maşınlarından, alətlərindən, mexanikləşdirilmiş tikinti alətlərindən, işçi və məhsuldar heyvanlardan başqa, xidmət müddətindən asılı olmayaraq vahidinin və dəstinin dəyəri müvafiq normativ sənədlərlə müəyyənləşdirilmiş əsas vəsaitlərin dəyərinin minimum həddindən aşağı olan əmək əşyaları.
- dəyərindən və xidmət müddətindən asılı olmayaraq balıq ovu alətləri (trallar, bütün növ torlar və s);
- benzinmotorlu mişarlar, şaxdoğrayan maşınlar, çaylarda istifadə edilən axıtma trosları, mövsümi yollar, ağac daşıma üçün müvəqqəti asılma yollar, iki il müddətində istifadə etmək üçün meşələrdə olan müvəqqəti evlər, səyyar dartılıb aparılan qızdırıcı evlər, qazanxana məntəqələri və başqa müvəqqəti mövsümi xarakterli vəsaitlər (əmək vasitələri);
- dəyərindən asılı olmayaraq fərdi sifarişlərin, yaxud məmulatların seriyalı və ya kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər;
- vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq xüsusi geyimlər, ayaqqabılar, həmçinin yataq ləvazimatları;
- vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq müəssisələrdə işçilərə verilən xüsusi keyim formaları, səhiyyə, maarif, əhalinin sosial müdafiəsi və başqa büdcə idarələrində verilən geyimlər və ayaqqabılar;
- dəyəri kompleks tikinti-quraşdırma işlərinin maya dəyərinə üstəlik xərclər kimi daxil edilən müvəqqəti (titulsuz) xüsusi düzəldilmiş mexanizmlər, qurğular və s. (tituldan kənar) tikintilər;
- anbarda əmtəə-material qiymətlərinin saxlanmasında və ya texnoloji prosesdə iştirak edən vahidinin dəyəri müvafiq normativ sənədlərlə müəyyənləşdirilmiş əsas vəsaitlərin dəyərinin minimum həddindən aşağı olan taralar;
- dəyərindən asılı olmayaraq kirayəyə vermək üçün təyin edilmiş əşyalar;
- cavan və kökəldilməkdə olan heyvanlar, quşlar, dovşanlar, xəzli heyvanlar, arı ailələri və təcrübə üçün saxlanılan heyvanlar;
- tinglikdə köçürmə məqsədilə əkilmiş çoxillik əkmələr.
|
|
|