Vəzifə öhdəlikləri
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının "15" noyabr 2005-ci il tarixli 24-2 N-li qərarı ilə təsdiq edilmiş Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası-na əsasən
BAŞ MÜHASİB
Əmək funksiyası. Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür. Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir.
Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.
Bilməlidir: yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, mühasibat uçotunun təşkilini, mühasibat hesabatlarının tərtibini; müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını; müəssisənin strukturunu, onun prespektiv inkişafını; mühasibat uçotunun müəssisələrdə təşkilini; maliyyə hesablarının forma və qaydalarını; pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını; pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını; debitor və kreditorlarla hesablaşma qaydalarını; mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını; yoxlanış və sənədli təftişin qaydalarını; müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni; iqtisadiyyatın əsaslarını; istehsalın, əməyin və idarəetmənin təşkilini; mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini; əməyin mühafizəsi; təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı.
MÜHASİB-TƏFTİŞÇİ
Əmək funksiyası. Müəssisə, idarə və təşkilat və onların sərbəst balansında olan bölmələrin təsərrüfat və maliyyə fəaliyyətinin sənədlərini qüvvədə olan təlimat və əsasnamələrə uyğun olaraq plan və xüsusi tapşırıq əsasında təftiş edir. Təftişin nəticələrini vaxtında rəsmiləşdirir və lazımi tədbirlər görmək üçün onları müvafiq yerlərə təqdim edir. Təftiş olunan obyektin rəhbərlərinə aşkar edilmiş pozuntu hallarını və çatışmamazlıqları aradan qaldırmaq, görülmüş işlərin nəzarət-yoxlamalarını keçirmək haqqında göstərişlər verir. Qəbul olunmuş pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin və əsas fondların hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə, materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tər-tibinin qaydasına, eləcə də müəssisə, idarə və təşkilatın bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilinə nəzarət edir. Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların hər vasitə ilə qənaətinə, müəssisə, idarə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsinə, mühasibat uçotun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Mühasibat uçotu və hesabatın aparılmasına dair müəssisə, idarə və təşkilatın işçilərinin fəaliyyətinə nəzarət edir.
Bilməlidir: mühasibat hesabının təşkili və hesabatın tərtibi üçün yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki, normativ və başqa rəhbər materialları; müəssisə, idarə və təşkilatlarda mühasibat hesabatının işlənilməsini üsul və formalarını; uçot-hesabat planını və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsini, təsərrüfat vəsaitinin, onun hərəkətinin mühasibat hesabı sistemində əks olunması qaydasını; müəssisənin təsərrüfat maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarım; hesablama texnikasının istismarı qaydasını; iqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
7-ci dərəcə: ali iqtisadi təhsil və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı;
8-ci dərəcə: ali iqtisadi təhsil və 7-ci dərəcəli mühasib-təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
9-cu dərəcə: ali iqtisadi təhsil və 8-ci dərəcəli mühasib-təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
10-11-ci dərəcələr (aparıcı mühasib-təftişçi): ali iqtisadi təhsil, 9-cu dərəcəli mühasib-təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
MÜHASİB
Əmək funksiyası. Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir. Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır. Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir. Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir. İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlayır. Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir. Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.
Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.
Bilməlidir: mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları; müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını; uçot və hesabatı; hesabatların plan və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını; müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını; hesablama texnikasının istismarı qaydalarını; iqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; daxili əmək intizamı qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
5-ci dərəcə: iş stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta ixtisas təhsili və ya orta təhsil və müvafiq proqram əsasında xüsusi hazırlıq və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı;
6-cı dərəcə: orta ixtisas (iqtisadi) təhsil və 3 ildən az olmayaraq 5-ci dərəcəli mühasib vəzifəsində iş stajı;
7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali iqtisadi təhsil;
8-9-cu dərəcələr: ali iqtisadi təhsil və 3 ildən az olmayaraq 7-ci dərəcəli mühasib vəzifəsində iş stajı;
10-11-ci dərəcələr (aparıcı mühasib): ali iqtisadi təhsil və 2-3 ildən az olmayaraq 9-cu dərəcəli mühasib vəzifəsində iş stajı.
XƏZİNƏDAR (BÖYÜK XƏZİNƏDAR DA DAXİL OLMAQLA)
Əmək funksiyası. Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirir. Fəhlə və qulluqçuların əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq dövlət bankı idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları alır. Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparır, pulun və qiymətli kağızların faktiki məbləğini kitabçadakı qalıqla yoxlayır, kassa hesabatını tərtib edir.
Bilməlidir: kassa əməliyyatını aparmaq üçün əsasnamə, təlimat, rəhbər materialları və başqa normativ sənədləri; kassa və bank sənədlərinin formalarını; pul vəsaitlərinin və qiymətli kağızların qəbulu, verilməsi, hesabı və mühafizəsi qaydalarını; mədaxil-məxaric sənədlərinin rəsmiləşdirmə qaydalarını; dövlət bankı tərəfindən müəssisə, idarə və təşkilatlar üçün təyin edilmiş kassada olan qalıqların limitini, onun mühafizəsinin təmin olunma qaydasını; kassa kitabçasının aparılması və kassa hesabatının tərtibi qaydasını; hesablama texnikasının istismarı qaydasını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil və xüsusi təlim;
3-cü dərəcə: xəzinədar vəzifəsini yerinə yetirdikdə;
4-cü dərəcə: böyük xəzinədar vəzifəsini yerinə yetirdikdə.
STATİSTİK
Əmək funksiyası. Rəsmi orqanların təyin etdiyi forma və müddətdə müəssisə, idarə və təşkilatların statistik hesabatlarının tərtib olunması işini yerinə yetirir. Müəssisə, idarə və təşkilatların bölmələri tərəfindən təqdim olunan, müvafiq bölmələrin işini və texnoloji avadanlığın, nəqliyyatın keyfiyyət xüsusiyyətlərini əks etdirən məlumatları toplayır.
Alınan məlumatların düzgünlüyünü, onların ayrı-ayrı bölmələri üzrə keçmiş məlumatlar ilə tutuşdurmaqla yoxlayır. Verilən məlumatları sistemləşdirir və emal edir (onları qruplaşdırır, nəticələrini, nisbi göstəriciləri hesablayır və s.). Müəssisə, idarə və təşkilatların istehsalat və təsərrüfat-maliyyə fəaliyyətinin təhlilində iştirak edir. Statistik uçotun məlumatları əsasında müxtəlif arayışlar hazırlayır.
Bilməlidir: müəssisələrdə statistik hesabatın təşkilini; iqtisadi statistikanın əsaslarını; müəssisə, idarə, təşkilat və onun bölmələrinin işinin göstəricilərinin texniki-iqtisadi təhlili metodlarını; statistik uçot və hesabat üzrə ilkin sənədlərin formalarını və onların doldurulması üzrə əsasnamə və təlimatlar istehsalın təşkilinin əsaslarını; hesablama texnikasının istismarı qaydasını; əməyin təşkilinin əsaslarının əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını;
Ödəniş dərəcələrinə ixtisas tələbləri: iş stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta ixtisas təhsili və ya ümumi orta təhsil və müvafiq iş üzrə 1 ildən az olmayaraq iş stajı;
4-cü dərəcə: daha yüksək ixtisaslı mütəxəssisin bilavasitə rəhbərliyi altında vəzifə borcunu yerinə yetirdikdə;
5-ci dərəcə: daha yüksək ixtisas mütəxəssisin ümumi rəhbərliyi altında vəzifə borcunu yerinə yetirdikdə.
UÇOTÇU
Əmək funksiyası. Operativ uçotun müxtəlif növləri (hazır məhsulun həcmi, xammalın, materialın, yanacağın, istehsalatda sərf olunan enerjini və s.) üzrə iş aparır. İlkin sənədlərdə uçotun növündən asılı olaraq uyğun nəticələri hesablayır və qeydlər edir, təyin olunmuş hesabatı, siyahı və məlumatları jurnal və ya kartoçkada tərtib edir.
Bilməlidir: istehsalatın təşkilinin əsaslarını; operativ uçotun təşkilini; ilkin sənədlərin formalarını, onların doldurulma qaydalarını; müəssisədə buraxılan məhsulun həcminin ölçü vahidini; hesablama texnikasının istismar qaydalarını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: 2-ci dərəcə: ümumi orta təhsil, 1 aydan az olmayaraq xüsusi təlim.
TABELÇİ
Əmək funksiyası. Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir. Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında, səbəblərini qeyd etməklə raport tərtib edir. Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır. İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir. Müəyyən olunmuş qaydada işlənmiş, işdən əlavə işlənilən vaxt və əmək intizamının pozuntular haqqında məlumatları əks etdirən tabeli aparır.
Bilməlidir: tabel uçotunun aparılması üzrə əsasnamə, təlimat və digər rəhbər və normativ sənədləri; müəssisə, idarə və təşkilatlarda və onların bölmələrində işin növbə cədvəlini və iş vaxtı rejimini; müəssisə, idarə və təşkilatlarda kargüzarlığın təşkilini; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: 2-ci dərəcə: ümumi orta təhsil, 1 ildən az olmayaraq xüsusi təlim.
|