|
|
| Ana səhifə |
Mühasibat uçotu |
Vergilər |
İdarəetmə uçotu |
Hüquq |
İFRS |
Audit |
Accountsoft |
Sertifikasiyalar |
Qanunvericilik |
Kitabxana |
Məqalələr |
| |
Vergilər - Sosial sığorta
Sosial sığorta
| Bölüm |
Məzmun |
Əsas |
| Ümumi müddəalar |
Sosial sığorta — nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur.
Məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Sosial sığorta haqqında AR Qanununda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.
Sosial sığorta hadisəsi - elə bir haldır ki, onun baş verməsi ilə sığorta olunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir:
- pensiya yaşına çatmaq;
- əlil olmaq;
- ailə başçısını itirmək;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
- hamiləlik və doğum;
- uşağın anadan olması;
- uşağa qulluq;
- ölüm;
- sanatoriya-kurort müalicəsi zərurəti;
- işsiz olmaq (qanunvericiliklə müəyyən olunmuş dövr üçün).
Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə aparılır.
|
Sosial sığorta haqqında AR Qanunu |
| Sosial sığorta üzrə ödəmələrin növləri |
Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir:
- Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək (sosial sığorta) pensiyaları;
- könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
- hamiləliyə və doğuma görə müavinət;
- uşağın anadan olmasına görə birdəfəlik müavinət;
- qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;
- dəfn üçün müavinət;
- sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz.
Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan işəgötürənlərdə işləyən şəxslərin hesablanmış sosial sığorta ödəmələrini (əmək pensiyaları istisna olmaqla) hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır.
Müvafiq dövlət proqramlarına uyğun olaraq əlillərin, işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlər məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilir.
|
Sosial sığorta haqqında AR Qanunu, Maddə 6 |
| Sosial sığortanın iştirakçıları |
Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığorta olunanlardır.
Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslərdir.
Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir.
Sığorta olunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir.
Sığorta olunanın sığorta stajı — sığorta olunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir.
|
Sosial sığorta haqqında AR Qanunu, Maddə 8 |
| Məcburi dövlət sosial sığortası |
Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər
- Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;
- əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər;
- Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər («Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə AMOKO KASPİAN Sİ PETROLEUM LİMİTED, Bİ-Pİ EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED, DELTA NİMİR XƏZƏR LİMİTED, DEN NORSKE STATS OLYESELSKAP a. s., LUKoyl SƏHMDAR CƏMİYYƏTİ, MakDERMOTT AZƏRBAYCAN İNK., PENNZOYL KASPİAN KORPOREYŞN, REMKO XƏZƏR ENERCİ LİMİTED, TÜRKİYE PETROLLERİ A.O., YUNOKAL XƏZƏR, LTD arasında Sazişin qəbul və təsdiq edilməsi, onun həyata keçirilməsinə icazə verilməsi barədə» Azərbaycan Respublikasının 1994-cü il 2 dekabr tarixli 933 nömrəli Qanunu və «Xəzər dənizinin Azərbaycan sektorunda «Şahdəniz» perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ARDNŞ Kommersiya Ortaq Şirkəti, Bi-Pi Eksploreyşn (Azərbaycan) Limited, Elf Petroleum Azərbaycan B.V., LUKoyl İnternəşnl LTD, Oyl İndastriz İncinirinq ənd Konstrakşn, Statoyl Azərbaycan A.S., Törkiş Petroleum Oversiz Kompani Limited şirkətləri arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə» Azərbaycan Respublikasının 1996-cı il 4 oktyabr tarixli 160-IQ nömrəli Qanunu ilə təsdiq olunmuş Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla);
- seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);
- prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri;
- vəkillər kollegiyasının üzvləri;
- fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
|
Sosial sığorta haqqında AR Qanunu, Maddə 12 |
| Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu |
Qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər işəgötürənlər isə əmək müqaviləsi (kontraktı) bağlandıqdan sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığorta üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar.
Banklar tərəfindən təsərrüfat subyektlərinə (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) bank hesabları açıldıqda həmin subyekt Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat təqdim etməlidir.
Kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filiallarının, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçotu Vergilər Nazirliyinin təqdim etdiyi uçot məlumatları əsasında aparılır.
Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu, qaydaları məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
|
Sosial sığorta haqqında AR Qanunu, Maddə 13 |
| Məcburi dövlət sosial sığorta haqqı |
Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir.
Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir.
Məcburi dövlət sosial sığorta haqqı, seçkili orqanlar və mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığorta edən şəxslər üçün—hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 22 faizi miqdarında ödənilir.
Bundan başqa, Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlərin hesablanmış əmək haqqlarından 3 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulur.
Beləliklə, məcburi dövlət sosial sığorta haqqının dərəcəsi 25% təşkil edir. Onlardan 22% işəgötürən tərəfindən ödənilir, 3% isə işçinin əmək haqqısından tutulur.
Müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla — hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;
Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla — gəlirlərin 25 faizi miqdarında;
Misal
Müəssisənin işçisi olmayan fiziki şəxs, mülki-hüquqi müqavilə əsasında müəssisəyə məxsus avadanlığın təmirini keçirmişdir. Müqaviləyə əsasən müəssisə fiziki şəxsə 2 000 AZN ödəməlidir. Fiziki şəxs Vergi Nazirliyindən fərdi sahibkar kimi qeydiyyatından keçməyib (VOEN təqdim etməyib).
Belə olduqda, müəssisə aşağıda göstərilən tutulmaları həyata keçirməlidir:
1. Gəlir vergisi: 2 000 * 14% = 280 AZN
2. Sosial müdafiə fonduna ayırma: 2 000 * 25% = 500 AZN
Fiziki şəxsə ödənilməlidir: 2 000 - 280 - 500 = 1 220 AZN.
Fiziki şəxs VOEN-nini təqdim etdikdə müəssisə Dövlət Sosial Müdafiə Fonduna tutulmaları etmir, və gəlir vergisi tutmur.
|
Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin:
- Bakı şəhərində 100 faizi,
- Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,
- respublika tabeli digər şəhərlərdə 80 faizi,
- rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,
- kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir.
|
Sosial sığorta haqqında AR Qanunu, Maddə 14 |
| Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri |
Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır:
- iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr;
- qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri;
- işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər;
- əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;
- istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;
- təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;
- aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq;
- məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri;
- Azərbaycan Respublikasının qanunları vəmüvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri;
- sığorta hadisəsi baş verdikdə, sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqları, 5 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 5 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər;
- muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği);
- yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri;
- dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;
- işəgötürənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət;
- dövlət orqanları tərəfindən köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərinin əvəzi üçün ödənilən kompensasiya;
- rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqı;
- fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (işəgötürənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əmək haqqı fondu (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın icrası müddətində);
- əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr;
- ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar;
- «hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə verilən və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən təminat xərcliyinə (pul təminatına) daxil edilməyən ödənişlər;
- əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar.
|
Sosial sığorta haqqında AR Qanunu, Maddə 15 |
| Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyaları |
Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanları aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdirlər:
- sığortaedənlərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığortası üzrə uçota durma qaydalarını pozmalarına görə, o cümlədən uçota durmadıqda həmin dövr ərzində hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə, — sosial sığorta haqqının 5 faizi məbləğində, hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, şərti maliyyə vahidinin 20 misli miqdarında;
- sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərinin vaxtında təqdim edilməməsinə görə — hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində, hesabat dövrü üçün hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, şərti maliyyə vahidinin 40 misli miqdarında;
- sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə — azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində
- sığortaedənlərin məcburi dövlət sosial sığorta haqlarının başqa məqsədlər üçün istifadə edilməsinə görə — sərf olunmuş vəsaitlərin 50 faizi məbləğində;
- mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin əməyin ödənilməsinin ölkə üzrə müəyyən edilmiş minimum məbləğindən az əmək haqqı ödənilməsinə görə — faktiki ödənilən əmək haqqı ilə minimum əmək haqqı arasındakı fərqin 50 faizi məbləğində;
- mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin işçilərinin sayının gizlədilməsinə görə (əmək müqaviləsi olmadan işləyənlər olduqda və ya müqaviləsi olduğu halda hesabatdan gizlədildikdə) hər işçiyə görə - sığorta edənin fəaliyyət dövrünün hər ayı üçün şərti maliyyə vahidinin 50 misli miqdarında;
- məcburi dövlət sosial sığorta haqqı üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə uyğun tutulmasına dair məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamlarını icra etmədiyinə görə, eləcə də hesablaşma və digar hesablar üzrə köçürmə əməliyyatlarının aparılması qanunvericiliyə uyğun olaraq dayandırıldığı müddətdə köçürmə əməliyyatı apardığına görə — ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin 10 faizi miqdarında bank və ya digər kredit təşkilatlarına;
- AR Sosial Sığorta haqqında qanunun 14-cü maddəsi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsinə dair bildirişdə göstərilən müddət bitdiyi tarixdən sığortaedən tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda—aparılmış məxaric əməliyyatlarının 10 faizi miqdarında
- məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat olmadan sığortaedənlərə (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) hesablaşma hesabı və ya digər hesablar açdığına görə—hər açılmış hesab üçün bank və ya digər kredit təşkilatlarına şərti maliyyə vahidinin 400 misli məbləğində;
- sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə—gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya.
Yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş məcburi dövlət sosial sığorta haqqına penya həmin məbləğin sığortaedənə hesablandığı gündən tətbiq edilir.
Maliyyə sanksiyaları üzrə borclar Sosial Sığorta haqqında qanunun 14-cü maddəsinə uyğun olaraq tutulur.
Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta qaydalarının bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir.
|
Sosial sığorta haqqında AR Qanunu, Maddə 21 |
| Qanunvericilik |
Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanunu (yüklə - MS Word - 171 KB)
Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu (yüklə - PDF - 45 KB)
Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının Qanunu (yüklə - PDF - 29 KB)
"Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" və "Ailənin orta aylıq gəlirinin hesablanması" Qaydaları və Əlavələr (yüklə - MS Word - 104 KB), (Əlavə 1 - MS Word - 414 KB), (Əlavə 2 - MS Word - 155 KB),
|
|
|
|