Təşkilati sənədlər

Təşkilati sənədlər, müəssisənin strukturunu, funksiyalarını və məqsədlərini müəyyən edən, onun işini təşkil edən, işçilərin və rəhbərliyin hüquq, vəzifə və məsuliyyətini müəyyən edən, bir-biri ilə əlaqəli olan kompleks sənədlərdir.

Müəssisənin Strukturu və Ştat sayı

Müəssisənin Nizamnaməsi əsasında Müəssisənin Strukturu və Ştat sayı hazırlanır. Sənədlərdə müəssisənin bütün struktur bölmələri, vəzifələr və hər vəzifə üçün ştat sayı müəyyən edilir. Sənəd müəssisə blankında hazırlanır, müəssisə rəhbərinin müavini tərəfindən imzalanır, müəssisənin baş mühasibi ilə razılaşdırılır və müəssisə rəhbəri tərəfindən təstiqlənir.

"Müəssisənin strukturu və ştat sayı"-nı yükləmək.

Müəssisənin Strukturu və Ştat sayına dəyişikliklər yalnız müəssisə rəhbərinin əmri əsasında edilir.

Müəssisənin strukturu və ştat sayına dəyişikliklərin edilməsi Əmrini yükləmək.

Ştat cədvəli

Müəssisədə olan vəzifələr və işçi sayı, əmək haqqı fondunun göstərilməsi ilə müəssisənin Ştat cədvəlində müəyyən edilir. Müəssisədə ştat cədvəli adətən ilin əvvəlində insan qaynaqları şöbəsinin işçisi və ya mühasib tərəfindən bir nüsxədə hazırlanır. Ştat cədvəli müəssisə rəhbəri tərəfindən təsdiqlənir.

Müəssisə rəhbərinin əmri forması aşağıdakı kimi ola bilər:

Müəssisə MMC

ƏMR

Bakı ş. Tarix: 31.01.2019

Ştat cədvəli 01.02.2019 tarixinə təsdiq edilsin (cədvəl əmrə əlavə edilibdir).

"Müəssisə" MMC-nin Direktoru Əliyev D.F. ______________

Ştat cədvəlinin hazırlanması müəssisələr üçün məcburi deyil və daxili idarəetmə sənədi hesab edilir. Lakin, müəssisədə işləri aparmaq üçün işçilərin sayının və əmək haqqı məsrəflərinin müəyyən edilməsində ştat cədvəlinin hazırlanması vacibdir.

Ştat cədvəli müəssisənin struktur bölmələrinin rəhbərləri və Baş mühasib tərəfindən imzalanır. Ştat cədvəlinə dəyişikliklər yalnız müəssisə rəhbərinin əmri əsasında edilir.

Ştat cədvəlinin nümunəvi forması ilə aşağıda tanış ola bilərsiniz:

Ştat cədvəlini yükləmək.

Müəssisədaxili intizam qaydaları

Müəssisədaxili intizam qaydaları - müəssisədə əmək və icra intizamı qaydalarını tənzimləyən əsas lokal normativ aktdır. Bu sənəd işçilərin işə gəbulu və işdən azad edilməsi prosedurlarını, onların iş rejimini, işçilərə tətbiq edilən mükafat və intizam tənbehləri qaydalarını özündə əks etdirir. Adətən müəssisədaxili intizam qaydalarını müəssisənin insan qaynaqları şöbəsi hazırlayır

Müəssisədaxili intizam qaydaları AR Əmək Məcəlləsinə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.

Müəssisədaxili intizam qaydalarını yükləmək.

Struktur bölmənin əsasnaməsi

Müəssisənin tərkibinə bir neçə bölmə daxildirsə, o zaman, struktur bölmənin hər biri üçün Əsasnamə hazırlanır. Əsasnamədə struktur bölmənin hüquqi statusu, məqsədləri, fuksiyası, hüququ və vəzifələri və məsuliyyəti müəyyən edilir.

Struktur bölmənin əsasnaməsinin məzmunu əsasən aşağıdakı hissələrdən ibarət olur:

  1. Ümumi müddəalar - burada struktur bölmənin hüquqi statusu, onun tabeçiliyi, bölmənin rəhbərinin vəzifəyə təyin edilməsi və azad edilməsi qaydası, bölmənin rəhbərinə qarşı irəli sürülən ixtisas tələbləri, rəhbər olmadıqda onun səlahiyyətlərinin digər şəxslərə həvalə edilməsi qaydası müəyyən edilir. Struktur bölmənin fəaliyyəti zamanı istifadə etdiyi hüquqi aktların və normativ sənədlərin siyahısı qeyd edilir;
  2. Struktur bölmənin fəaliyyət istiqamətləri - burada bölmənin işinin əsas istiqamətləri müəyyən edilir;
  3. Struktur bölmənin funksiyaları - burada bölmənin yerinə yetirdiyi istehsal-təsərrüfat əməliyyatları təsvir olunur;
  4. Struktur bölmənin hüquq və vəzifələri - burada struktur bölmənin qarşısına qoyulan məqsədlərə nail olmaq üçün onun hüququları və müəssisənin başqa bölmələri və digər müəssisələr qarşısında olan vəzifələri əks olunur.
  5. Struktur bölmənin məsuliyyəti - burada bölmə rəhbərinin struktur bölmə tərəfindən onun üzərinə qoyulmuş funksiyaların keyfiyyətsiz və vaxtında yerinə yetirilməməsinə görə, və ona həvalə edilmiş hüquqlardan istifadə etmədiyinə görə məsuliyyəti əks olunur. Məsuliyyət mövcud olan qanunvericiliyə görə müəyyən edilir.
  6. Struktur bölmənin qarşılıqlı əlaqələri və xidməti münasibətləri - burada müəssisənin fəaliyyəti zamanı yaranan istehsal-təsərrüfat, birgə işlərin görülməsi, sənədlərin razılaşdırılması və s. məsələlər üzrə struktur bölmənin digər bölmələr ilə əlaqələri və münasibətləri əks olunur.
  7. Struktur bölmənin fəaliyyətinin təşkili - burada bölmənin işinin aparılması qaydaları, bölmənin işinə nəzarətin və onun yoxlanılmasının aparılması qaydaları, onun təşkili və ləğv edilməsi qaydaları əks olunur.

Struktur bölmənin Əsasnaməsi bölmə rəhbəri tərəfindən hazırlanır və imzalanır, müəssisə rəhbərinin müavini, hüquqşunası və baş mühasibi ilə razılaşdırılır və müəssisə rəhbəri tərəfindən təsdiqlənir. Struktur bölmənin Əsasnaməsinə dəyişikliklər yalnız müəssisə rəhbərinin əmri əsasında edilir.

Struktur bölmənin Əsasnaməsini yükləmək.

Vəzifə təlimatları

Vəzifə təlimatları müəssisənin işçilərinin təşkilati-hüquqi vəziyyətini, funksiyalarını, hüquq və vəzifələrini, məsuliyyətini, ona qarşı irəli sürülən ixtisas tələblərini müəyyən edir. Vəzifə təlimatının mətni aşağıdakı hissələrdən ibarət olur:

  1. Ümumi müddəalar - burada işçinin fəaliyyətinin sahəsi, vəzifəyə təyin edilmə və vəzifədən azad edilmə qaydaları, işçi olmadığı zaman əvəz olunma qaydaları, vəzifənin ixtisas tələbləri, işçinin tabeçiliyi (tabe olduğu şəxs, və ona tabe olan şəxslər), işçinin fəlaiyyəti zamanı mütləq bilməli olduğu və istifadə etdiyi hüquqi aktların və normativ sənədlərin siyahısı.
  2. Funksiyalar - burada işçinin fəaliyyət istiqamətləri müəyyən edilir;
  3. Vəzifə öhdəlikləri - burada işçinin üzərinə qoyulan öhdəliklər, yerinə yetirməli olduğu əmək prosedurlarının təsviri, idarəetmə prosesində iştirak forması (rəhbərlik edir, yerinə yetirir, təsdiqləyir, nəzərdən keçirir, təmin edir, nəzarət edir, hazırlayır, təqdim edir, razılaşdırır və s.)
  4. Hüquqlar - burada işçinin üzərinə qoyulmuş vəzifə öhdəliklərinin icrası zamanı öz səlahiyyətləri çərçivəsində malik olduğu hüquqları əks olunur.
  5. Məsuliyyət - burada işçinin üzərinə qoyulmuş vəzifələrinin keyfiyyətsiz və vaxtında yerinə yetirilməməsinə görə, və ona həvalə edilmiş hüquqlardan istifadə etmədiyinə görə məsuliyyətə cəlb ediməsi halları, məsuliyyət növləri və tədbirləri əks olunur.
  6. Qarşılıqlı əlaqələr və xidməti münasibətlər - burada işçinin fəaliyyəti zamanı əlaqədə olduğu və məlumat mübadiləsi apardığı vəzifəli şəxslərin dairəsi, məlumatların təqdim edilməsi və alınması müddətləri, sənədlərin imzalanması, razılaşdırılması və təsdiqlənməsi qaydaları müəyyən edilir

Vəzifə təlimatları struktur bölmənin rəhbəri tərəfindən, əgər müəssisədə struktur bölmələr yoxdursa, o zaman, bu vəzifədə çalışan mütəxəssis tərəfindən hazırlanır və imzalanır, müəssisənin hüquqşunası ilə razılaşdırılır, və müəssisə rəhbəri tərəfindən təsdiqlənir. Vəzifə təlimatı işçinin tanış olması üçün ona verili və işçi tərəfindən imzalanır.

Vəzifə təlimatlarına dəyişikliklər müəssisənin restrukturizasiyası, ştatların ixtisarı və s. hallarda yalnız müəssisə rəhbərinin əmri əsasında edilir.

Vəzifə təlimatları aşağıdakı hallarda mütləq dəyişdirilməli və təsdiqlənməlidir:

  • müəssisənin və ya struktur bölmənin adı dəyişdirildikdə;
  • vəzifənin adı dəyişdirildikdə;
  • işçinin adı və soyadı dəyişdirildikdə (əgər vəzifə təlimatı müəyyən şəxs adına hazırlanmışdırsa və işçinin adı və soyadı onda əks olunmuşdursa);

Vəzifə Təlimatını yükləmək.

Yazı sonuncu dəfə 2018-11-29 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!