Ehtiyatların daxili yerdəyişməsiMüəssisəyə məxsus ehtiyatlar ambardan istehsala, başqa anbara, müəssisənin ticarət obyektinə və s. obyektlərə göndərilə bilərlər. İctimai iaşə, Pərakəndə və Topdansatış ticarət sahələrində müəssisəyə məxsus ehtiyatların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) "Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" (Forma N QF-2) ilə sənədləşdirilir. İstehsal sahəsində isə fəaliyyət göstərən müəssisəyə məxsus istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti "İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" (Forma N QF-4) ilə sənədləşdirilir. İstehsal fəaliyyəti göstərən müəssisənin bu fəaliyyətlə yanaşı, topdan və ya pərakəndə satış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların (hazır məhsulların) istehsal fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması "Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" (Forma N QF-5) ilə sənədləşdirilir. Əsas fəaliyyətlə yanaşı müəssisənin istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı), topdan və ya pərakəndə satış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların əsas fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması "Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" (Forma N QF-2) ilə sənədləşdirilir. Müəssisəyə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) əsas təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsinə, əlavə olaraq, "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma N YV-1) verilir. Hazır məhsulların anbara mədaxili İstehsalı başa çatmış hazır məhsullar bu məhsullar üçün nəzərdə tutulmuş anbarlara təhvil verilir. Bu zaman istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən istehsal olunmuş hazır məhsullar "Hazır məhsulların təhvil-qəbul aktı" (Forma N HMTQA-1) ilə anbarın məsul şəxsinə təhvil verilir. "Hazır məhsulların təhvil-qəbul aktı"nda məhsullar kəmiyyət ifadəsində əks olunur. Anbara təhvil verilmiş hazır məhsullarla bağlı hesabat ayı bitdikdən sonra faktiki istehsal xərcləri əsasında qiymətləndirilmiş dəyərlə uçota alınır. Məhsulların istehsalı zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən "Zay məhsullara dair akt" (Forma N ZMDA-1) tərtib edilir. Düzəldilməsi mümkün olan və ya material ehtiyatı kimi istifadə edilə bilən zay məhsullar "Zay məhsulların təhvil-qəbul aktı" (Forma № ZMTQA-1) ilə anbarın məsul şəxsinə verilir. Hazır məhsulların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması "İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt"la (Forma N İƏM-1) sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir. Ehtiyatların uçotu ilə bağlı sənədlərinin müəssisədə saxlanılması müddətləri 5 ildir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-30 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!