Topdansatış ticarət sahəsində malların məxaricinin sənədləşdirilməsiTopdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Sifariş məsul şəxs tərəfindən imzalanır. Malların bir məsul şəxsdən digərinə verilməsi "Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" (Forma N QF-2) ilə sənədləşdirilir. Topdansatış ticarət fəaliyyətində malların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması "İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt"la (Forma N İƏM-1) sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir. Onu da qeyd etmək lazımdır ki, istifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi isə “Yeyinti məhsulları haqqında” AR Qanunu və Nazirlər Kabinetinin 6 dekabr 2017-ci il tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları” tələblərinə uyğun olaraq həyata keçirilir. Malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması fövqəladə hal nəticəsində baş verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında həmin mallar məsul şəxslərin hesabından silinə bilər. Bu zaman "Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt" (Forma № FİƏM-1) tərtib olunur.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2020-02-28 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!