Kassa mədaxil orderi

Kassa mədaxil orderi ciddi hesabat blankıdır. Onun forması AR Maliyyə Nazirliyinin Kolleqiyasının 04.04.2016 tarixli Q-09 N-li qərarı ilə təsdiq edilmişdir.

Kassa mədaxil orderi iki hissədən - kassa mədaxil orderi və kassa mədaxil orderinin qəbzindən ibarətdir.

Kassa mədaxil orderinin qəbzi kassaya pul ödəyən şəxsə verilir. Kassa mədaxil orderi və onun qəbzi müəssisənin məsul şəxsləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

"ciddi hesabat bl-n sifarişçisi hüquqi şəxs olduqda onun adı və VÖEN-i, Fiziki şəxs olduqda adı, a.a., soyadı, və VÖEN-i" rekvizitində "kassa mədaxil orderindən" istifadə edən, alqı-satqı prosesini həyata keçirən, gördüyü işlərə və göstərdiyi xidmətlərə görə haqq alan müəssisə, idarə və ya təşkilatın adı, VÖİN-i, Fiziki şəxs olduqda isə adı, soyadı, atasının adı və VOEN-i əks etdirilir.

"Kimdən" rekvizitində pul vahidini kassaya təhvil verən şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, Şəxsiyyətini təsdiq edən sənəd, seriyası, nömrəsi, ünvanı əks etdirilir.

"Nə üçün" rekvizitində kassaya mədaxil edilən pul vahidinin məqsədi aydın göstərilməlidir (misal üçün, satışdan gəlir, borc və s.). Və ya mədaxil orderinə qaimə-faktura, izahat, avans hesabatı və digər hər hansı bir ilkin uçot sənədi əlavə verilibsə, o vaxt həmin sənədin adı, N-si, tarixi və qısa məzmunu göstərilir.

"Məbləğ" rekvizitində kassaya mədaxil edilən məbləğ rəqəm və yazı ilə tam aydın göstərilir.

Kassa mədaxil orderinin arxa tərəfində "Kassa mədaxil orderinə əlavə edilən sənədlərin adı, nömrəsi, tarixi və mədaxil olan məbləğin maddələr üzrə bölgüsü" rekvizitində kassa mədaxil orderinə əlavə edilən (çek, vəkalətnamə və s.) sənədlərin adı, N-si, tarixi, mədaxil olan məbləğlərin maddələr üzrə bölgüsü və s. qeydlər əks etdirilir.

Bir çox mədaxil qəbzləri ilə toplanan məbləğlərə bir kassa mədaxil orderi yazmaqla pulları kassaya mədaxil etmək olar.

Kassa mədaxil orderi 1 nüsxədə hazırlanır, və müəssisə rəhbəri, baş mühasib və ya onun səlahiyyətlərini icra edən mühasib tərəfindən imzalanır. Müəssisədə baş mühasib və ya mühasib vəzifəsi yoxdursa, o zaman, rəhbər və ya kassir tərəfindən imzalanır. Kassanı müəssisə rəhbəri özü aparırsa, orderdə yalnız rəhbərin imzası olacaq. Sonra orderin qəbzi pulu mədaxil edən şəxsə verilir.

Kassa mədaxil orderi əsasında mühasib müvafiq mühasibat yazılışları aparır:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Müştəri borcunu nəğd şəkildə müəsisənin kassasına ödəyir 221 "Kassa" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 1 000
2 Təhtəlhesab şəxsə pul verilib 244 "Təhtəlhesab məbləğlər" 221 "Kassa" 850
3 Bankdan kassaya pul daxil olub 221 "Kassa" 223 "Bank hesablaşma hesabları" 3 000
4 Satışdan kassaya pul daxil olub 221 "Kassa" 601 "Satış" 500

Kassa mədaxil orderinin müəssisənin arxivində saxlanılma müddəti:

AR Vergi Məcəlləsinin 71.4. maddəsinə görə

Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır.

Kassa mədaxil orderinin nümunəvi forması



Yazı sonuncu dəfə 2020-01-06 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!