Əmək haqqının hesablanması və ödənilməsinin sənədləşdirilməsi

Müəssisə öz işçilərinə əmək haqqı hesablama sistemini və əmək haqqının ödənilməsi formasını müstəqil seçə bilər. Bu barədə məlumat işçilər ilə bağlanılan kollektiv və ya fərdi əmək müqaviləsində qeyd edilir.

Əməyin ödənilməsi sistemləri barədə buradan məlumat ala bilərsiniz.

Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir, və ya işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər (AR ƏM, Maddə 174).

Əmək haqqı aşağıdakı formalarda ödənilə bilər:

  • pul və ya natura (hesablanan əmək haqqının 20% artıq olmamaqla) formasında
  • nağd və ya nağdsız formada.

Ödəniş forması işçinin razılığı ilə müəyyən edilir.

Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi - manatla ödənilir.

İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir:

  • hesablanmış əmək haqqının ümumi məbləği;
  • əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;
  • əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği;
  • faktik ödənilən məbləğ;
  • tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.

Əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.

Müəssisədə əmək haqqı işçiinin bank kartına köçürülsədə, işçilərə hesablama vərəqi verilməlidir.

Əmək haqqlarını kartla alan işçilərə yalnız hesablama cədvəlləri hazırlanır. Hesablama-ödəmə cədvəli hazırlanmır.

Yazı sonuncu dəfə 2018-09-28 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!