Sıfır təcrübə ilə necə mühasib olmalı?

2018-09-18 | Kadr işi | 17548

İlk növbədə onu deyim ki, bütün digər sahələrdə olduğu kimi mühasib olaraq iş tapmaq müvafiq təcrübə olmadığı zaman çox böyük problemə çevrilir. Hətta çoxları iş axtarmaqdan bezib sevmədiyi, heç əlaqəsi olmayan işlərdə zaman itirirlər. Sahibkarlar təcrübəli kadrlar arzusundadır, sahə üzrə təhsil almış, iş təcrübəsi olmayanlar isə onlara təcrübə keçmək şansının yaradılmasını istəyirlər. Hər iki tərəf xeyli dərəcədə haqlıdır. Çünki müəssisə rəhbəri öz işlərini yüksək səviyyədə təşkil edəcək mühasibə ehtiyac duyur, çox zaman iş çoxluğundan, əlavə xərc və vaxt tələb etdiyindən təcrübəsizlərə şərait yaratmağa meyilli olmurlar.

Təcrübəsi olmayanlar da haqlı olaraq öyrənməyə bir yer, şərait istəyirlər. Hətta təcrübəsizlərin böyük əksəriyyəti pulsuz olaraq öyrənənədək işləməyə məmnuniyyətlə razıdırlar. Lakin bədbəxtlikdən belə bir imkan da asanlıqla ələ düşmür.

Yaxşı, bəs onda hər il mühasibatlıq sahəsi üzrə məzun olmuş yüzlərlə və bəlkə də minlərlə tələbə nə etsin? Necə iş tapsın? Necə deyərlər bu suallara cavab vermək çox qəliz məsələdir, həm qəlizdir həm də ki, vacib!

Elə isə cavablandırmağa çalışaq. Aşağıda qeyd edəcəyim məsələlər sırf subyektiv yanaşmadır, yəni ötən 3 ay ərzində təcrübə olmadan mühasib kimi işləmək cəhdlərimin yekunudur.

1. ƏLA BİR CV-NİZ OLSUN!

Bu barədə çox deyilib, çox yazılıb. Lakin yenidən, bir daha CV-nin önəmini vurğulamaq istərdim. Düşünürəm ki, CV tərtibatı ilə əlaqədar ciddi problemlər yaşayan insanlar var. Sadə bir misal olaraq deyərdim ki, öncəki işimdə yəni müəllim olaraq çalışarkən bizə bir xanım CV göndərmişdi. Demək, şəkili CV-yə yerləşdirə bilmədiyinə görə döşəmənin üstünə qoyub çəkərək CV-ni ayrıca, şəkili də ayrıca göndərmişdir. Bu nəyin göstəricisidir? Həm qeyri-peşəkarlığın və həm də işə qarşı ciddiyətsizliyin. Siz sahibkar olsanız bu şəxsi işə qəbul edərsiniz?

CV sizin işəgötürənin sizinlə ilk ünsiyyətidir, sizin CV-niz xarakteriniz, mütəxəssis olaraq hansı səviyyədə olduğunuzdur... Öz işinizə nə qədər ciddi yanaşdığınızı göstərən bir sənəddir. Dolayısıyla sizin vizitkartınızdır. Bu səbəbdən vacibdir ki, qüsursuz olsun. CV-də qeyd olunmalı məlumatlar:

- Şəxsi məlumatlarınız - Ad, soyad, əlaqə vasitələri (email mütləq), doğum tarixi, adres dəqiq şəkildə qeyd olunmalıdır;

- Müraciət etdiyiniz vəzifəni daim CV-nin əvvəlində göstərin;

- Təhsil haqqında dolğun məlumatlar qeyd edin;

- İş təcrübəniz haqqında detallı yazın, ən sonuncu iş yerinizdən başlayaraq tarixi göstərməklə keçmişə doğru sadalayın;

- Tələbəlik dövründə, məktəb vaxtı və ya fərqli bir yerdə ictimai fəaliyyətləriniz olubsa qısa təsvirini yazın (tutduğunuz vəzifə, öhdəlikləriniz). Məsələn, Avropa Oyunlarda Team Leader və ya universitet dövründə Tələbə Gənclər Təşkilatında hər hansı bir layihənin rəhbəri, təşkilatçısı olmusunuzsa qeyd edin;

- Əldə etdiyiniz sertifikatlar, diplomlar və s. haqqında qısa qeydlər mütləq yazın;

- Dil biliyi ən önəmli məsələlərdən biridir. Dil biliyinizi göstərin və s.

Rəsmi geyimdə, təbəssümlü bir şəklinizin olması da MÜTLƏQDİR!

Əgər özünüzün kreativ CV formanız yoxdursa, onun üçün ən ideal forma europass formatıdır.

https://europass.cedefop.europa.eu/sites/default/files/ecv_template_en.doc

Qeyd: Yaxşı olardı ki, CV-ləri PDF formatında göndərəsiniz və CV-nizi tərtib edəndən sonra onu özünüz başqa bir şəxsin gözü ilə oxuyun və əgər siz işəgötürən şəxs olsaydınız özünüzü işə götürərdinizmi?

2. ÖZÜNÜZƏ DƏYƏR QATIN!

Uyğun iş tapanadək vaxtınızı hədər yerə sərf etməyin. Oturub niyə sizin CV-nizə baxmadılar deyə gözləməyin ya da cavab gəlmədi deyə məyus olub, axtarışdan vaz keçməyin. Sizin CV-nizi daha gözəgəlimli edəcək, sizə iş müsahibəsində əlavə piluslar qazandıracaq nələrsə edin. Məsələn, - 1C kursuna yazılın, proqramı kompüterinizə köçürüb orada özünüz üçün bir şirkət yaradın, kursda öyrəndiklərinizi tətbiq edin, əlavə şeylər öyrənin, biliyinizi zənginləşdirin. YouTube-da 1C proqramını izahlı başa salan xeyli videolar var.

- Excel proqramını yaxşıca, dərindən öyrənin. Kursa yazılın ya da YouTube-dan öyrənin. Mühasibin iki ən vacib silahı var: 1C və Excel.

- Mühasibatlığa dair baza biliklərinə sahib olun. Məsələn, hansı vergi növləri var, faiz dərəcələri nə qədərdir, ödəniş tarixləri nə vaxtdır, e-taxes.gov.az saytıyla necə işləmək lazımdır, Asan İmza nədir, necə istifadə olunur, elektron qaimə nədir, Vergi Hesab Fakturası nə üçün vacibdir, onları 1C proqramına necə işləmək lazımdır? Bunların hamısını işləmədən də öyrənmək olar, dost-tanışın və ya araşdırmaların köməyi ilə.

- Dil biliyiniz olsun, ən azı rus dili və ya ingilis dilini yaxşı bilməlisiniz. Əgər hələ tələbəsinizsə özünüzə edə biləcəyiniz ən böyük yaxşılığı edin: ingilis və ya rus dilini yaxşı öyrənin.

3. DAİM AXTARIŞDA OLUN!

Kurslara gedib bu biliklərə sahiblənməklə yanaşı daim, təkrar edirəm, Daim CV-lər göndərin. Bankların siyahısını tutun hər birinə CV verin, xarici şirkətləri araşdırın, tələblərini öyrənin CV göndərin. Cavab gəlmir, zəng etmirlər ya da müsahibədən keçə bilmirsiniz deyə üzülmək mənasızdır. Evdə oturub kədərlənməklə heç kim sizi kəşf etməyəcək, sizə iş verməyəcəklər.

Vakansiya saytlarını (jobsearch.az, azerijobs.com, muhasib.az) daim açıq saxlayın, mühasib vakansiyası görən kimi dərhal CV-nizi göndərin. Bank ofislərinə, şirkətlərə yaxınlaşıb CV-nizi əlbəəl verin.

Mühasibatlıq ən çox tələb olunan sahədir!

Mühasibatlıq sahəsində iş axtardığım müddətdə baxdığım vakansiyalar arasında ən çox tələb olunan ilk 5 işdən biri mühasibatlıq idi.

4. MÜSAHİBƏYƏ HAZIRLAŞIN

Görüş zamanı sizin işəgötürənə hansı təsiri bağışlamanız çox mühüm rol oynayır. Danışığınız, özünüzü ifadə etmək bacarığınız, pozitivliyiniz, özündən əminliyiniz çox əhəmiyyətlidir. Çalışın rəsmi geyinəsiniz, səliqəli görünüşünüz olsun. Nə çox özünüzdən razı nə də utancaq olun. Özündən, öz bacarıqlarından, öhdəsinə qoyulan işi bacaracağına əmin olan bir insan kimi davranın. Hiss etdirin ki, siz hal-hazırda tələb olunan təcrübəniz olmasa belə öz ciddiyətiniz, çalışqanlığınızla verilən işin öhdəsindən müvəffəqiyyətlə gələcəksiniz.

İnternetdə araşdırma edin. Orada müsahibədə verilən suallar və onlara necə cavab vermək haqqında araşdırma edin. İngiliscə, türkcə çox zəngin informasiyalar var.

Bu yuxarıda qeyd olunan məsələlərə sahib olsanız ― hansı ki, o qədər də mürəkkəb deyildir ― əminliklə deyə bilərəm ki, çox asanlıqla özünüzə uyğun bir iş tapa bilərsiniz.

Son olaraq isə, nə olursa olsun özünüzə inanın. İnam uğurun yarısıdır. Unutmayın ki, siz bu həyatdakı ən dəyərli insansınız. Gec-tez haradasa, sizə layiq şəkildə iş tapacağsınız, heç nədən narahat olmadan yavaş-yavaş sizi məqsədinizə aparacaq şeyləri özünüzə aşılayın! Uğurlar hər birinizə!

Müəllif: Turan Abdullayev

Mənbə:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!