Vergi elementləri

2020-10-12 | Vergilər | 2674

Vergi Məcəlləsinin 12-ci maddəsi vergilərin müəyyən edilməsinin əsas şərtlərini müəyyən edir. Bəzən bu maddəyə kifayət qədər önəm verilməməsi sonradan vergi qanunvericiliyinin düzgün tətbiq edilməsində, düzgün mənimsənilməsində müəyyən xətaların baş verməsinə səbəb olur. Mövzunu EKVİTA şirkətinin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov şərh edir.

Vergi Məcəlləsinin ilk baxışdan sadə görünən 12-ci maddəsi Məcəllənin xüsusi hissəsinin əsas açarıdır və ayrı-ayrı vergi növlərinin təcrübədə tətbiqi, habelə öyrənmə məqsədilə mənimsənilməsi bu maddəyə istinad etmədən mümkünsüzdür.

Vergi elementləri hər hansı bir verginin müəyyən edilməsi və tətbiqinin əsas şərtləri olmaqla, onun hüquqi, iqtisadi və sosial cəhətdən əsaslandırılmış strukturunu təşkil edir.

Hər bir vergi növü struktur olaraq bu elementlərin vəhdətindən ibarətdir. Konkret vergi növünü daha dərindən tanımaq üçün onun strukturunu – hər bir elementini ayıra bilmək vacib şərtdir.

Vergi elementləri əsas, fakultativ və əlavə elementlərə bölünür. Əsas elementlər olmadan hər hansı bir vergi öhdəliyinin müəyyən edilməsi mümükün deyildir.

Fakultativ elementlərin olmaması isə vergi öhdəliyinin müəyyənlik dərəcəsinə heç bir təsir etmir.

Əlavə elementlər vergilərin müəyyən edilməsi şərtlərində nəzərdə tutulmasa da, vergi öhdəliyinin yerinə yetirilməsi mexanizmini daha dolğun xarakterizə edir.

Vergiqoyma nəzəriyyəsi ilə bağlı ədəbiyyatlarda əsasən aşağıdakı vergi elementləri fərqləndirilir:

  • vergi subyekti;
  • vergi obyekti;
  • vergi bazası;
  • vergi dərəcəsi;
  • vergi dövrü;
  • verginin hesablanma və ödənilmə qaydası;
  • vergi güzəştləri.

Vergi subyekti – başqa sözlə vergi ödəyicisi qanunvericiliklə müəyyən olunmuş vergi obyektindən qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətlərdə verginin hesablanıb ödənilməsini təmin etməli olan şəxsdir.

Vergi obyekti - hər hansı subyektin vergi ödəmək vəzifəsini şərtləndirən hüquqi faktdır. Vergi obyekti vergi tətbiq edilən və bu səbəblə birbaşa və ya dolayı şəkildə verginin mənbəyini təşkil edən iqtisadi ünsürdür. Vergi öhdəliyinin yaranmasına səbəb olan iqtisadi fakt və ya hadisə vergi obyektini təşkil edir.

Vergi obyekti ümumi və mücərrəd anlayışdır. Adətən, qanunvericilikdə vergi terminlərinin mənaları təsbit edilsə də, vergi obyektini ifadə edən ümumi bir anlayış verilmir. Qanunvericilikdə hər bir vergi üçün vergi obyekti ayrılıqda göstərilmişdir. Məsələn, mənfəət, gəlir, malların təqdim edilməsi, əmlak üzərində mülkiyyət hüququ və s. Vergi obyekti verginin nəyin üzərindən hesablandığını və alındığını ifadə edir. Obyekti müəyyən olmayan bir verginin tətbiqi və alınması da mümkün deyildir. Vergiləndirmənin qanunilik prinsipinə görə bunun müəyyən olması əsas şərtdir.

Verginin alındığı mənbələrə görə vergi obyektlərini üç qrupda təsnifləşdirə bilərik: gəlir, sərvət və istehlak (xərc).

Gəlir - şəxsin fəaliyyəti qarşılığında və (və ya) fəaliyyətdənkənar əldə etdiyi hər cür qazanc, faydadır. Şəxsin gəliri onun vergi ödəmə gücünü göstərən ən əhəmiyyətli göstəricidir. Gəlir həmçinin istehlak və yığıma-sərvətə də mühüm təsir göstərir. Vergini ödəmə gücünün müəyyən edilməsində əhəmiyyətli amil olsa da, gəlirlərin hamısının vergiyə cəlb edilməsi faktiki olaraq həmişə mümkün olmur. Gəlir mənbələrinin fərqliliyi, onu əldə edən şəxslərin sosial statusları və vəziyyətləri və s. səbəblərdən yalnız gəlirlərin vergiləndirilməsi kifayət etmir. Buna görə digər vergi obyektlərinin də vergiləndirilməsinə zərurət yaranır.

Sərvət - şəxslərin gəlirlərinin istehlak olunmamış, yığıma cəlb olunan hissəsidir. Sərvət də vergi ödəmə gücünün müəyyən edilməsində əsas amillərdən hesab olunur. Vergi yaradan hadisələrdən biri sərvətə sahib olma faktıdır. Sərvətin böyüklüyünə görə onun sahibinin vergi öhdəliyi müəyyən olunur.

Xərc - pul və ya pulla ifadə edilə bilən iqtisadi dəyərlərin bir məqsəd üçün sərf olunmasıdır. Gəlirin ehtiyacları qarşılamaq üçün çeşidli mal və xidmətləri satın almaq və ya bir sıra fəaliyyətlərdən faydalanmaq məqsədilə sərf edilən hissəsidir. Xərc reallaşdığı anda vergi obyekti olur. Xərc bir tərəfdən istahlak kimi vergiyə cəlb olunur, digər tərəfdən də sərvətə çevrilə bilir. Yəni bir xərc həm də sərvəti meydana gətirir. Bu durumda xərclər həm istehlak, həm də sərvət üzərindən alınan vergilər üçün mənbə olur. Xərclərin vergiyə cəlb edilməsi şəxsləri yığıma sövq edir.

Vergitutma bazası vergi obyektinin vergi tutulan hissəsinin kəmiyyət ifadəsidir. Vergitutma bazası vergi məbləğinin hesablanma bazasıdır və vergi dərəcəsi məhz buna tətbiq olunur. Digər elementlərin təsiri ilə vergi obyekti və bazası üst-üstə düşə və düşməyə bilər.

Bu element aşağıdakı göstəricilərlə ifadə olunur:

  • dəyər göstəricisi (gəlirin və ya mənfəətin məbləği, əldə olunmuş hasilat və s.);
  • həcm-dəyər göstəricisi (görülən işin və ya göstərilən xidmətin həcmi və s.);
  • fiziki göstərici (çıxarılan xammalın həcmi və s.).

Vergi dərəcəsi - vergi bazasının hansı hissəsinin vergi olaraq büdcəyə hesablanmalı olduğunu göstərən ölçüdür. Vergi bazasının dəyişməsindən asılı olaraq vergi dərəcələri sabit və faizli ola bilər.

Vergi dövrü - vergi öhdəliyinin subyektin maliyyə-təsərrüfat fəaliyyətinin müddət olaraq hansı hissəsi üzrə müəyyənləşdirilməsini (məsələn, il, rüb, ay) ifadə edir.

Verginin hesablanması və ödənilməsi qaydası verginin digər elementləri arasında qarşılıqlı əlaqəni müəyyənləşdirərək vahid bir verginin xüsusiyyətlərini formalaşdırır. Digər elementlərin bir-birinə necə, nə zaman və hansı qaydada təsir etməsini məhz bu element müəyyən edir.

Əlavə vergi elementlərinin mövcudluğu əsas elementlərlə bağlıdır. Buna vergi predmetini və vergi miqyasını misal göstərmək olar. Vergi predmeti vergi obyektinin müxtəlif meyarlar üzrə fərqləndirilərək vergiyə cəlb edilən tərəfi, hissəsidir. Məsələn, sahibkarlıq gəliri, Azərbaycan mənbəyindən əldə edilmiş gəlir, daimi nümayəndəliklə bağlı gəlir və s. Vergi predmeti vergi obyekti ilə vergi bazası arasındakı əsas həlqədir. Vergi miqyası isə vergi predmetini ölçmək üçün qanunla müəyyən edilmiş ölçülərdir. Bu element dəyər və fiziki göstəricilər (məsələn, manat, litr, hektar, və s.) vasitəsilə ifadə olunur.

Fakultativ elementlərə vergi güzəştlərini misal göstərə bilərik. Bu, vergitutmanın çox vacib elementlərindən biridir və daha geniş, ayrıca mövzu kimi yanaşma, araşdırma tələb edir. Qısa və ümumiləşdirilmiş formada qeyd edə bilərik ki, vergi güzəşti yürüdülən vergi-büdcə siyasətinin hədəflərinə uyğun olaraq qanunvericiliklə təsbit edilmiş vergi öhdəliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada tam və ya qismən məhdudlaşdırılmasıdır.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/10276.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!