Hüseynli Etiram Həsən

Doğum yeri: Lənkəran ş.
Doğum tarixi:1977-04-17
Qoşun növü:
Rütbəsi: Baş leytenant
Şəhid olduğu tarix: 2020-10-21
Şəhid olduğu yer: Qubadlı r-nu
Təltifləri: Vətən uğrunda medalı
Yaşı: 43

Həyatı və döyüş yolu:
Ehtiram Həsən oğlu Hüseynov 1977-ci ildə aprel ayının 17-də Lənkəran şəhərində anadan olmuşdur. 3 qardaş və 1 bacı olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Lənkəran şəhərində keçmişdir. 1983-cü ildə Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş və 1994-cü ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdur. Orta təhsilini başa vurduqdan sonra Tusi adına ADPU-nun İlkin hərbi və fiziki təlim fakültəsinə daxil olmuşdur.

1998-ci ildə həmin universiteti leytenant rütbəsi ilə başa vuraraq doğma təhsil ocağı olan, Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəbində hərbi müəllimi kimi pedaqoji fəaliyyətinə başlayır. Leytenant rütbəsinin almasına və hərbi xidmət etmiş hesab olunmasına baxmayaraq təxminən 2 ildən sonra komissarlığa müraciət edərək hərbi biletini təhvil verən və könüllü olaraq xidmətə yola düşən Ehtiram Naxçıvan MR-nın Böyük Soyuq adlanan ərazisində 2 il vətənin keşiyində dayanır. 2002-ci ildə leytenant rütbəsindən baş leytenant rütbəsinə qalxmışdır. Hərbi xidməti bitirib yenidən iş yerinə qayıdır. 23 il Lənkəran şəhər S. Kazimbəyov adına 6 saylı tam orta məktəbdə Gənclərin Çağırışaqədərki Hazırlığı fənnindən dərs demişdir.

2020-ci il 21 sentyabrda hərbi təlimlərə qatılmaq üçün Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəyə yollanır. 27 sentyabr 2020-ci ildə başlayan və Vətən müharibəsi adlandırdığımız II Qarabağ müharibəsində tabor komandiri vəzifəsində döyüşə qatılır. Füzuli, Cəbrayıl rayonları istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr endirmiş və xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Baş leytenant Ehtiram Hüseynov 21 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin nəşi 24 oktyabrda doğulduğu Lənkəran şəhərinə gətirilərək Kiçik bazar qəbiristanlığında torpağa tapşırılır. Şəhidimiz ailəli idi. Ondan Həsən adlı 3 yaşında bir oğul övladı yadigar qaldı.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid baş leytenant Ehtiram Həsən oğlu Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Allah rəhmət eləsin. Vətən sağ olsun!

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!