Vəlizadə İbrahim Malik

Doğum yeri: Naxçıvan MR, Babək r-nu, Yarımca k.
Doğum tarixi:1997-04-02
Qoşun növü: Quru qoşunları
Rütbəsi: Leytenant
Şəhid olduğu tarix: 2020-10-06
Şəhid olduğu yer: Tərtər, Suqovuşan
Təltifləri: Rəşadət ordeni, Vətən uğrunda medalı, Suqovuşanın azad olunmasına görə medalı, Kəlbəcərin azad olunmasına görə medalı
Yaşı: 23

Həyatı və döyüş yolu:
İbrahim Vəlizadə 1997-ci il aprelin 2-də Babək rayonunun Yarımca kəndində anadan olub.[1] 2003-2011-ci illərdə Yarımca kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. AAHM-in Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 19 iyun 2018-ci il tarixli əmri ilə ona "leytenant" hərbi rütbəsi verilib.

İbrahim Vəlizadə 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tərtər şəhərində yerləşən "N" saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyat qrupunun komandiri vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun leytenantı olan İbrahim Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ və Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 27-də "Murovdağ-3340" yüksəkliyinin azad edilməsində böyük fədakarlıq və qəhrəmanlıq göstərən İbrahim Vəlizadə orada 4 gün yoldaşları ilə birlikdə ac-susuz qalaraq Azərbaycan bayrağını qoruyub və düşmənin əks-hücumlarını mərdliklə dəf edib. Oktyabrın 1-də səhhətindəki nasazlıqlar və yaralanma səbəbindən hərbi hospitala yerləşdirilən İbrahim həkimlərin israrına baxmayaraq, "Gizirim şəhid olub, əsgərlərim başsız qalıb" deyərək oktyabrın 3-də yenidən döyüş meydanına qayıdıb. Növbəti tapşırığı Suqovuşan ətrafındakı yüksəkliklərin azad edilməsi olan qrup komandiri Vəlizadə İbrahim oktyabrın 6-da mühüm strateji məntəqə olan "951" yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə yaralanan yoldaşını atəş altından çıxararkən snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.

Ərazidə ağır döyüşlər getdiyindən onunla birlikdə bir neçə şəhidin nəşi uzun müddət götürülə bilməyib. Müharibə başa çatdıqdan sonra - nəhayət, o, noyabr ayının sonlarında götürülüb və ayın 30-da Babək rayonu Yarımca kəndinə gətirilərək böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İbrahim Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İbrahim Vəlizadə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, İbrahim Vəlizadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, İbrahim Vəlizadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!