Yusubov Elzar Süleyman

Doğum yeri: Gürcüstan, Dmanisi r-nu, Qəmərli k.
Doğum tarixi:1989-01-09
Qoşun növü:
Rütbəsi: OR-4 AZE ARMY.svg Kiçik çavuş, MAHHXHQ
Şəhid olduğu tarix: 2020-10-08
Şəhid olduğu yer: Füzuli ş.
Təltifləri: Vətən uğrunda medalı, Füzulinin azad olunmasına görə medal
Yaşı: 31

Həyatı və döyüş yolu:
Elzar Yusubov 1989-cu il yanvarın 9-da Dmanisi rayonunun Qəmərli kəndində anadan olub. 1992-ci ildə Yusubovlar ailəsi Hövsan qəsəbəsində yaşamağa başladılar. 1995-2007-ci illərdə Hövsan qəsəbəsində Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı.

Elzar Yusubov 2011-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildə Daxili Qoşunların sıralarında Manqa Komandiri vəzifəsində xidmət edib.

2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Elzar Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elzar Yusubov oktyabrın 8-də Füzuli döyüşləri zamanı yaralansa da, döyüşməyə davam edib. Döyüşlər başa çatdığdan sonra təcili tibbi yardım göstərilib, döyüş meydanından təxliyyə edilsə də, qanitirmə nəticəsində şəhid olub. Hövsan qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzar Yusubov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzar Yusubov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!