Mübariz İbrahimov

Doğum yeri: Biləsuvar r-nu, Əliabad kəndi
Doğum tarixi:1988-02-07
Qoşun növü:
Rütbəsi: Gizir
Şəhid olduğu tarix: 2010-06-18
Şəhid olduğu yer: Tərtər r-nu, Çaylı k.
Təltifləri:
Yaşı: 22

Həyatı və döyüş yolu:
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il oktyabrın 27-də birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycanın Tərtər rayonu istiqamətində Ermənistan hərbiçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Mübariz İbrahimovun meyiti həmin il noyabrın 6-da qarşı tərəfdən alınıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Bir gün sonra, noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.


Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Prezidentin başqa bir sərəncamı ilə Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə, eləcə də Biləsuvar rayonunda küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!