Müxtəlif aktivlərin, fondların və öhdəliklərin inventarizasiyası
Əsas vəsaitlərin inventarizasiyası
- İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan əmlakın qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir.
- İnventar kartlarının, inventar kitablarının, siyahıların və digər analitik uçotun mövcud vəziyyəti;
- texniki pasportların və ya digər texniki sənədlərin mövcud vəziyyəti;
- əsas vəsaitlərin müəssisə tərəfindən icarəyə verilməsinə və yaxud mühafizəyə götürülməsinə dair sənədlərin mövcudluğu. Sənədlər olmadığı hallarda, onların alınmasının rəsmiləşdirilməsi təmin olunmalıdır.
- Mühasibat uçotu registrlərində və yaxud texniki sənədlərdə fərq və çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır.
- Əsas vəsaitlər inventarizasiya olunarkən komissiya obyektlərə baxış keçirməli və siyahıda onların tam adını. təyinatını, əsas texniki və ya istismar müddəti göstəricilərini yazmalıdır.
- Binaların, tikililərin və digər daşınmaz əmlakın inventarizasiyası zamanı komissiya müəssisənin mülkiyyətində olan obyektləri təsdiq edən sənədlərin mövcudluğunu yoxlayır. Komissiya həmçinin müəssisənin mülkiyyətində olan torpaq sahəsinin, su tutumunun və digər təbii resurs obyektlərinin mövcud sənədlərini yoxlayır.
- Əsas vəsaitlərin texniki pasportları mühasibatlıqda daimi saxlanılır.
- "Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş obyektlər və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən obyektlər, komissiya tərəfindən onların texniki göstəriciləri düzgün göstərilməklə, siyahılara daxil edilməlidir. Məsələn, binalar üzrətəyinatı, əsas tikinti materialı, həcmi (daxili və ya xarici), sahəsi (ümumi yararlı sahə) , mərtəbələrin sayı (zirzəmili və ya zirzəmisiz, yaxud yarımzirzəmisiz və s.) , inşa edildiyi il və i. a.; kanallar üzrə-uzunluğu, dərinliyi və eni (dibi və səthi üzrə) , qeyri-təbii tikililər, dibi və yanların bərkidilməsi materialları; körpülər üzrə-olduqları yer, materialların növü və ölçüsü; yollar üzrə-onların təyinatı, tipi (şosse və s.) uzunluğu, örtük materialı, döşəmənin eni və i. a.
- "Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən obyektlər bazar qiymətlərinə uyğun qiymətləndirilir, köhnəlmə (köhnəlmə hesablanmayan obyektlərdən başqa) isə obyektin həqiqi texniki vəziyyəti üzrə hesablanır və müvafiq aktla rəsmiləşdirilir.
- Əsas vəsait obyektləri siyahıda adları və təyinatı üzrə yazılır. Əgər əsas vəsait obyektləri yenidən bərpa olunub və rekonstruksiya edilibsə, yenidən quraşdırılması genişləndirilibsə və bunların nəticəsində təyinatını dəyişibsə siyahıda yeni adı və yeni təyinatı göstərilir.
- Əgər əsas xarakterli işlərin (mərtəbələrdə əl və tikintilər, yeni otaqların inşası və s.) və yaxud tikişlərin və qurğuların qismən ləğv edilməsi hallarının mühasibat uçotunda əks etdirilməməsi komissiya tərəfindən müəyyən edildikdə müvafiq yeni sənədlər əsasında obyektlərin balans dəyərinin artması və ya azalması məbləğləri müəyyən edilməli və siyahıda əks etdirilməlidir.
- Maşın avadanlıqların və nəqliyyat vasitələri siyahıda istehsalçı-müəssisənin texniki pasportu üzrə onların zavod nömrəsi, buraxılış ili, təyinatı, gücü və s. göstərməklə fərdi qaydada yazılır.
- Eyni tipli, eyni qiymətli və eyni vaxtda müəssisənin struktur bölmələrindən birinə mədaxil olunmuş və tipik inventar kartlarda analitik uçotu aparılan təsərrüfat əşyalarının, alətlərin, cihazların və s. siyahıda ümumi miqdarı göstərilməklə adları yazılır.
- İnventarizasiya zamanı öz yerlərində olmayan əsas vəsaitlərin (uzaq dəniz və su səfərlərində olan gəmilər, hərəkətdə olan dəmir yolu qatarları, avtomobillər; əsaslı təmirə göndərilmiş maşın və avadanlıqlar, məsuliyyətli mühafizəyə və icarəyə verilmiş əmlakın və s.) inventarizasiyası onların müvəqqəti xaric olduğu tarixə ayrıca aparılır və rəsmiləşdirilir.
Qeyri-maddi aktivlərin inventarizasiyası.
- Qeyri-maddi aktivlər inventarizasiya olunarkən aşağıdakıların yoxlanılması lazımdır:
- müəssisənin qeyri-maddi aktivlərdən istifadə etmək hüququnun olmasına dair sənədlərin mövcudluğunu;
- qeyri-maddi aktivlərin balansda vaxtında və düzgün əks etdirilməsini.
Maliyyə qoyuluşlarının inventarizasiyası.
- Maliyyə qoyuluşları inventarizasiya olunarkən müəssisənin qiymətli kağızların və nizamnamə fondun (kapitalın ) çəkilən faktiki məsrəflər, həmçinin digər müəssisələr tərəfindən alınmış borclar yoxlanılır.
- Qiymətli kağızların faktiki mövcudluğu yoxlanılarkən aşağıdakılar müəyyənləşdirilməlidir:
- qiymətli kağızların düzgün sənədləşdirilməsi;
- balansda uçota alınmış qiymətli kağızların real vəziyyəti;
- qiymətli kağızların saxlanılması (faktiki mövcud qalıqların mühasibat uçotu məlumatları ilə tutuşdurulması);
- qiymətli kağızlar üzrə daxil olmuş gəlirlərin mühasibat uçotunda vaxtında və düzgün əks etdirilməsi.
- Qiymətli kağızların inventarizasiyası müəssisənin kassasında pul vəsaitinin inventarizasiyası ilə eyni vaxtda aparılır.
- Qiymətli kağızların invetarizasiyası aktında onların adı, seriyası, nömrəsi, nominal və faktiki dəyəri, ödəniş müddəti və ümumi məbləği göstərilməklə hər bir emitent üzrə yrıca aparılır.
- Müəssisənin mühasibatlığında saxlanılan hər bir qiymətli kağızın faktiki faktiki siyahının (reyestr, kitab) məlumatları ilə tutuşdurulur və ayrıca rəsmiləşdirilir.
- Depozit qaydada banklara və ixtisaslaşdırılmış müəssisələrə saxlanılmağa verilmiş qiymətli kağızların mühasibat uçotunun müvafiq hesablarında göstərilən qalıqları saxlanılmağa verilmiş müəssisələrin çıxarış məlumatları ilə tutuşdurularaq ayrıca rəsmiləşdirilir.
- Müəssisənin nizamnamə kapitalına maliyyə qoyuluşları, həmçinin başqa təşkilatlardan alınmış borcları inventarizasiya zamanı sənədlərlə təsdiq edilməlidir.
Mal-material qiymətlərinin inventarizasiyası
- İnventarizasiya siyahılarında mal-material qiymətlərinin hər birinin (istehsal ehtiyatları, hazır məhsul, mallar, sair ehtiyatlar) adı, növü, qrupu, miqdarı və başqa lazımi göstəriciləri (artikul, növ və s.) ayrıca göstərilir.
- Mal-material qiymətlərinin inventarizasiyası bir qayda olaraq onların yerləşdiyi otaqlarda aparılır
- Bir maddi-məsul şəxsin öhdəsində olub müxtəlif qapalı otaqlarda saxlanılan mal-material qiymətlərinin inventarizasiyası ardıcıl olaraq onların saxlandığı yerlər üzrə aparılır. Qiymətlilərin saxlanıldığı otaqda yoxlama qurtardıqdan sonra həmin otağa giriş qadağan edilr, otağın qapısı qıfıllanır, surqucla, plombla, imzalı kağızla və digər nişanələrlə mühafizəsi möhkəmləndirilir (surqucla möhürlənir) və komissiya işini davam etdirmək üçün sonrakı otağa keçir.
- Komissiya maddi-məsul şəxslərin iştirakı ilə mal-material qiymətlilərinin qalıqlarını məcburi qaydada saymaq, çəkmək və ölçməklə yoxlayır. Maddi-məsul şəxslərin şifahi sözünə görə və yaxud mal-material qiymətlilərinin mövcud qalığını yoxlamadan hər hansı bir məlumatın siyahıya daxil edilməsinə yol verilmir.
- İnventarizasiya aparılan zaman daxil olan mal-material qiymətliləri maddi-məsul şəxsin və inventarizasiya komissiyasının üzvlərinin iştirakı ilə qəbul olunur və inventarizasiyadan sonrakı hesabata daxil edilir.
- Bu kimi mal-material qiymətliləri inventarizasiya siyahısında "inventarizasiya zamanı daxil olmuş mal-material qiymətliləri" adı ilə ayrıca göstərilir. Siyahıda daxilolma tarixi, mal göndərənin adı, mədaxil sənədlərinin tarixi və nömrəsi, malın adı, miqdarı, qiyməti və məbləği göstərilir. Eyni zamanda inventarizasiya komissiyası sədrinin (və yaxud onun tapşırığı ilə komissiya üzvünün) imzası ilə mədaxil sənədində siyahının tarixi göstərilməklə "inventarizasiyadan sonra" sözü qeyd edilir.
- Müəssisədə inventarizasiya uzun müddət davam etdikdə, istifadə üçün tələb olunan mal-material qiymətliləri, qanunvericiliyə uyğun rəsmiləşdirilərək anbardan maddi-məsul şəxslərə inventarizasiya komissiyasının iştirakı ilə buraxılır və inventarizasiyadan sonrakı hesabata daxil edilir.
- Bu cür mal-material qiymətliləri inventarizasiya siyahısında "inventarizasiya zamanı buraxılmış mal-material qiymətliləri"adı ilə ayrıca göstərilir. Həmin siyahılar analoji qaydada inventarizasiya zamanı daxil olan mal-material qiymətliləri üzrə də tərtib edilir. İnventarizasiya komissiyası sədrinin və yaxud onun tapşırığı ilə komissiya üzvünün birinin imzası ilə məxaric sənədlərində qeydlər aparılır.
- Yolda olan, yüklənmiş, lakin alıcılar tərəfindən vaxtında ödənilməyən, başqa müəssisələrin anbarında saxlanılan mal-material qiymətlilərinin inventarizasiyası, onların mühasibat uçotunun müvafiq hesablarındakı uçot məlumatlarının məbləğlərinin düzgünlüyünün yoxlanılması ilə həyata keçirilir.
- İnventarizasiya vaxtı maddi-məsul şəxslərin öhdəsində olmayan (yolda olan, yüklənmiş mallar və s.) mal-material qiymətlilərinin məbləği uçot hesablarında yalnız təsdiq edilmiş sənədlərlə göstərilə bilər; yolda olanlar üzrə-malgöndərənlərin hesablaşma sənədləri ilə və yaxud digər əvəzedici sənədlərlə; yüklənmiş mallar üzrə-alıcılar tərəfindən təqdim olunmuş sənədlərin surətləri ilə (ödəniş tapşırığı, veksellər və s.) ;ödəniş vaxtı keçmiş sənədlər üzrə-bank idarələrinin təsdiq etdiyi öhdəliklərlə; kənar müəssisələrin anbarında saxlanılan qiymətlilər üzrə-inventarizasiyanın aparıldığı tarixə yaxın tərtib edilmiş saxlanma izahatnaməsi ilə.
- İnventarizasiya aparılmamışdan əvvəl hesabların digər qarşılıqlı hesablarla üzləşdirilməsi yoxlanılmalıdır. Məsələn, başqa hesablarda əks olunası ödənilmiş məbləğin "yüklənmiş mallar" hesabında uçota alınıb alınmaması və yaxud mallara və materiallara görə faktiki ödənilmiş və alınmış məbləğin yolda olması müəyyən edilməlidir.
- Alıcılar tərəfindən vaxtında ödənilməyib yolda olan, yüklənmiş və başqa müəssisələrin anbarında saxlanılan mal-material qiymətlilərinə ayrıca siyahılar tərtib edilir.
- Yolda olan mal-material qiymətlilərinin siyahısında hər bir sətir üzrə aşağıdakılar ayrıca yazılır: adı, miqdarı və dəyəri, yüklənmə tarixi, həmçinin mühasibat uçotu hesablarında bu qiymətlilərin uçota alınmasına əsas verən sənədlərin adı, tarixi və nömrələri.
- Yüklənmiş və dəyəri alıcılar tərəfindən vaxtında ödənilməmiş mal-material qiymətlilərinin siyahısında hər bir yüklənmiş mallar üzrə alıcıların adı, mal-material qiymətlilərinin adı, məbləği, yüklənmə tarixi, çıxarışın və hesablaşma sənədinin tarixi qeyd edilir.
- Başqa müəssisənin anbarında saxlanılan mal-material qiymətlilərinin siyahısı onların məsuliyyətli mühafizəyə verilməsinə dair təsdiqedici sənədlərin əsasında tərtib edilir. Bu siyahıda qiymətlilərin adı, miqdarı, növü, dəyəri (uçot məlumatları üzrə) , həmçinin yüklərin mühafizəyə qəbul olunma tarixi, mühafizə yeri, sənədlərin nömrəsi və tarixi göstərilir.
- Təkrar emal üçün başqa müəssisəyə verilmiş mal-material qiymətlilərinin siyahısında təkrar emalı həyata keçirən müəssisənin adı, qiymətlinin adı, miqdarı, uçot məlumatları üzrə faktiki dəyəri, qiymətlinin təkrar emala verilmə tarixi, sənədlərin nömrəsi və tarixi göstərilir,
- İstismarda olan az qiymətli və tezköhnələn əşyaların inventarizasiyası onların olduğu yerlər və maddi-məsul şəxslər üzrə hər bir əşyaya baxış keçirməklə aparılır.
- Fərdi qaydada işçilərin istifadəsinə verilmiş az qiymətli və tezköhnələn əşyalar inventarizasiya olunarkən onları alan cavabdeh şəxslərin adı və imzası göstərilməklə qrup halında siyahı tərtib edilir.
- Yuyulmağa və təmirə göndərilmiş xüsusi geyimlər, yeməkxana və yataq ləvazimatları və digər yumşaq inventarlar inventarizasiya siyahısında göstərilən xidmətlərin həyata keçirilməsinə dair mövcud olan sənədlər əsasında yazılır.
Başaçatmamış istehsal və gələcək dövr xərclərinin inventarizasiyası
- Sənaye istehsalı ilə məşğul olan müəssisələrdə başa çatmamış istehsalın inventarizasiyası zamanı aşağıdakıları müəyyən etmək lazımdır:
- istehsalatda olan artıq məhsulun (hissə, aqreqat, qovşaq və s ) və hazırlanması (yığılması) qurtarmamış məmulatların faktiki mövcudluğunu;
- faktiki komplektləşdirilməsi başaçatmamış istehsalat (artıq məhsulun) mövcudluğunu;
- ləğv olunmuş sifarişlər, həmçinin icrası dayandırılmış sifarişlər üzrə başaçatmamış istehsalın qalığını.
- İstehsalın spesifikasından və xüsusiyyətindən asılı olaraq inventarizasiya başlamazdan əvvəl sexlərə lazım olmayan materiallar, alınmış hissələr və yarımfabrikatlar, həmçinin hal-hazırkı mərhələdə hazırlanması qurtarmış bütün hissələr, aqreqatlar, qovşaqlar və s. anbara təhvil verilir.
- Başaçatmamış istehsalın artıq məhsullarının yoxlanması faktiki olaraq sayılmaq, çəkilmək və ölçülmək üsulu ilə həyata keçirilir.
- İşlər tam başaçatandan sonra hər bir ayrı-ayrı struktur bölmələr (sex, sahə) üzrə-məhsulların adlarını, hazırlanma mərhələsini və ya dərəcəsini, miqdarını və ya həcmini; tikinti quraşdırma işləri üzrə-işləri həcmini qurtarmamış obyektlər üzrə-növbəliyini, buraxılış kompleksini, işlərin növlərini göstərməklə siyahılar tərtib edilir.
- Təkrar emala verilməyən istehsalatda olan xammal, material və alınmış yarımfabrikatlar başaçatmamış istehsalat siyahısına daxil edilmir, onların inventarizasiyası ayrıca aparılır.
- Zay hissələr (məhsullar), başaçatmamış istehsal siyahısına daxil edilmir və onlar üçün ayrıca siyahı tərtib edilir.
- Müvafiq sənaye sahələrində eynicinsli olmayan kütlələrin və ya qarışıqların inventarizasiyası həmin sahələrin qəbul olunmuş uçot siyasətinə əsasən həyata keçirilir. Baş (yuxarı) idarəetmə orqanı olan müəssisələrdə bu cür spesifik xüsusiyyətə malik olan əmlakın inventarizasiyası həmin baş (yuxarı) idarəetmə orqanının normativ sənədlərinə (qaydalarına, təlimatlarına və s.) əsasən həyata keçirilir.
- Başaçatmamış əsaslı tikinti siyahılarında obyektin adı, bu obyekt üzrə yerinə yetirilmiş işin həcmi, konstruktiv elementlər, avadanlıqlar, hər bir iş növü və s. ayrıca göstərilir.
Bu zaman aşağıdakıları yoxlamaq lazımdır:
- başaçatmamış əsaslı tikintinin tərkibində quraşdırılmağa verilmiş, lakin quraşdırılmamış avadanlığın olub-olmamasını;
- konservasiya olunmuş və tikintisi müvəqqəti dayandırılmış obyektin vəziyyətini.
Bu obyektlərin konservasiya olunması üçün əsas amilləri və səbəbləri qismən də olsa aşkar etmək lazımdır.
- Tikintisi qurtarıb tam və ya qismən istismara verilmiş obyektlərin istismara verilməsinə və qəbuluna dair lazımi rəsmi sənədlər tərtib edilmədiyi hallarda ayrıca siyahı yazılır. Tikintisi qurtarmış, lakin bu və yaxud başqa səbəblərdən istismara verilməmiş obyektlərə də ayrıca siyahı tərtib edilir. Siyahılarda obyektlərin istismara verilməməsinin səbəbləri izah edilməlidir.
- Tikintisi dayandırılmış obyektlərə, həmçinin tikintisi həyata keçirilməmiş layihə-axtarış işlərinə siyahı tərtib edilərkən tikintinin dayandırılması səbəbləri göstərilməklə tikintinin dəyəri və yerinə-yetirilmiş işlərin xarakteri haqqında məlumatlar verilməlidir. Bunun üçün müvafiq texniki sənədlərdən (çertyojlar, smeta, maliyyə-smeta hesablamaları) , işlərin təhvilinə dair aktlardan, tikinti obyektində yerinə-yetirilmiş işlərin uçotu jurnalından və başqa sənədlərdən istifadə etmək lazımdır.
- İnventarizasiya komissiyası müəssisə tərəfindən hazırlanmış hesabatlara və uçot siyasətinə uyğun olaraq sənədlə əsaslandırılmış müddət ərzində gələcək dövr xərcləri hesabında əks etdiriləsi istehsalat, yaxud tədavül xərclərinə aid ediləsi məbləği müəyyən edir.
Cavan və kökəldilməkdə olan heyvanların inventarizasiyası
- İnventarizasiya cədvəllərində işçi və məhsuldar heyvanlar nömrələri (birka, damğa), ləqəbi, doğulduğu il, cinsi, arıqlığı-köklüyü, diri çəkisi (diri çəkisi göstərilməyən atlardan, dəvələrdən, qatırlardan, marallardan başqa) və ilkin dəyəri ilə göstərilir. Heyvanların cinsi və digər əlamətləri onların bonitirovka məlumatlarına əsasən göstərilir.
- İribuynuzlu mal-qara, iş heyvanları, donuzlar (ana və erkək donuzlar) və qoyun cinsləri və digər heyvanlar siyahıya fərdi qaydada əlavə edilir. Qrup halında hesaba alınan sair əsas sürülər siyahıda hər bir qrup üzrə baş və diri çəki göstərilməklə yaşına və cins qruplarına görə yazılır.
- Cavan iribuynuzlu heyvanlar, döllük atlar və iş heyvanları siyahıda fərdi qaydada inventar nömrələri, ləqəbləri, cinsi, rəngi, nəsli və s. göstərilməklə yazılır.
- Qrup halında hesaba alınan kökəldilməkdə olan cavan heyvanlar, donuzlar, qoyunlar, keçilər, quşlar və digər heyvan növləri hər bir qrup üzrə baş və diri çəki göstərilməklə uçotda olduğu kimi siyahıda əks etdirilir.
- Siyahılar uçot qrupu bölgüsündə heyvan növləri üzrə fermalar, sexlər, şöbələr, briqadalar və maddi-məsul şəxslər üzrə ayrıca tərtib edilir.
Pul vəsaitinin, pul sənədlərinin və ciddi hesabat blankları sənədlərinin inventarizasiyası
- Kassanın inventarizasiyası kassa əməliyyatlarının aparılması haqqında müvafiq normativ sənədlər əsasında aparılır.
- Kassada faktiki mövcud olan pul nişanlarını və digər qiymətli kağızları sayarkən yalnız mövcud pullar, qiymətli kağızlar və pul sənədləri (poçt markaları, dövlət rüsumu nişanları, veksel markaları, təyyarə biletləri və s.) hesaba alınır.
- Qiymətli kağızların və digər ciddi hesabat blanklarının sənədlərinin yoxlanılması, bu və ya digər blankların başlanğıc və son nömrələri nəzərə alınmaqla blankların növləri (məsələn, səhmdar üzrə adı və təqdim edəni, üstünlüyü və adiliyi) , həmçinin onların saxlanma yerləri və maddi-məsul şəxslər üzrə həyata keçirilir.
- Yolda olan pul vəsaitlərinin inventarizasiyası bank idarələri və rabitə şöbələri qəbzlərinin, bank inkassatorları tərəfindən pulların təhvil verilməsinə dair müşayiət cədvəllərinin məlumatlarının mühasibat uçotu hesablarındakı məlumatlarla üzləşdirilməsi yolu ilə həyata keçirilir.
- Banklarda hesablaşma (cari), valyuta və xüsusi hesablarda olan pul vəsaitinin inventarizasiyası aid çıxarışları məlumatlarının müəssisənin mühasibat uçotunun müvafiq hesablarındakı qalıq məbləğləri ilə üzləşdirilməsi yolu ilə həyata keçirilir.
Hesablaşmaların inventarizasiyası
- Uzun və qısamüddətli kreditlər (borclar), büdcə, büdcədənkənar fondlar, alıcılar, malgöndərənlər, təhtəlhesab şəxslər, işçilər, deponentlər, digər debitor və kreditorlarla hesablaşmaların inventarizasiyasının aparılmasında əsas məqsəd vəsaitlərin mühasibat uçotu hesablarında düzgün əks olunmasını yoxlamaqdan ibarətdir.
- Yolda olan mallara görə ödənişlər və sənədsiz göndərilmiş mallara görə malgöndərənlərlə hesablaşmalar üzrə "Malsatan və podratçılarla hesablaşmalar" hesabı xüsusi olaraq yoxlanılır.
- Müəssisənin işçilərə əmək haqqı ödənişi üzrə ödənilməyib deponent hesabına köçürüləsi borc məbləğləri, həmçinin işçilərə artıqödənmə məbləğləri və onların yaranma səbəbləri aşkar edilir.
- İnventarizasiya zaman təhtəlhesab məbləğlərin məqsədli istifadə olunması nəzərə alınmaqla verilmiş avanslar üzrə təhtəlhesab şəxslərin hesabatları, həmçinin hər bir təhtəlhesab şəxs üzrə verilmiş avans məbləğləri (verilmə tarixi, təyinatın məqsədi) yoxlanılır.
- İnventarizasiya komissiyası həmçinin sənədli yoxlama üsulu ilə müəyyən etməlidir.
- banklar, maliyyə və vergi orqanları, büdcədənkənar fondlar, digər təşkilatlarla, həmçinin ayrıca balansa çıxarılmış müəssisənin struktur bölmələri ilə hesablaşmaların düzgünlüyünü;
- mühasibat uçotunda hesaba alınan çatışmazlıq və oğurluqlar üzrə borc məbləğlərinin düzgünlüyünü və əsaslılığını;
- iddia müddəti keçmiş debitor və kreditor borc məbləğləri nəzərə alınmaqla debitor, kreditor və deponent borc məbləğlərinin düzgünlüyü və əsaslılığını.
Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatların və qiymətləndiriləcək ehtiyatların inventarizasiyası
- Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatların inventarizasiyası zamanı, Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktları əsasında müxtəlif sahələrin istehsalat spesifikasına uyğun xərclərin tərkibinə və məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilməklə işçilərin qarşıdakı məzuniyyətlərinin ödənilməsinə; uzunmüddətli xidmətə görə illik mükafatların verilməsinə; ilin yekununa görə mükafatların verilməsinə; əsas vəsaitlərin təmiri xərclərinə sənayenin mövsümü sahələrində hazırlıq işləri üzrə istehsal məsrəflərinə kirayə edilmiş əşyaların təmiri üzrə qarşıdakı xərclərə və s. məqsədlərə görə yaradılmış ehtiyatların düzgünlüyü və əsaslılığı yoxlanılır. İstehsal və tədavül xərcləri hesabına ehtiyat məbləğlərinin yaradılması qaydası müvafiq qanunverici və digər normativ aktlara əsasən nizamlanır.
- Müəssisədə müəyyən olunmuş normalar üzrə buraxılmış məhsulun faktiki maya dəyərinə daxil edilən, sənayenin mövsümü xarakterli istehsalı ilə əlaqədar istehsalat və idarə xərcləri məbləği faktiki xərclərdən artıq olan hallarda əmələ gəlmiş fərq qarşıdakı xərclərə yaradılmış ehtiyatlara aid edilir. İnventarizasiya komissiyası hesabatların əsaslılığını yoxlayır və lazım olan hallarda xərc normalarının düzəlişi barədə təkliflər verir. Bu ehtiyatlar üzrə ilin axırına qalıqlar olmamalıdır.
- Mallar yüksəldikcə (yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər) və hesablaşma sənədləri alıcılara (sifarişçilərə) təqdim edildikcə məhsul (işin, xidmətin) satışından daxil olmaların hesablaşma metodunu tətbiq edən müəssisədə şübhəli borclar üzrə yaradılmış ehtiyatların inventarizasiyası zamanı müqavilələrlə müəyyən edilmiş, lakın müvafiq zəmanətlərlə təmin olunmayıb vaxtında ödənilməyən məbləğlər yoxlanılır.
- İnventarizasiya komissiyası müəyyən olunmuş qaydada yaranmış ehtiyatların hesabat ilinin axırına ehtimal olunan bu və ya digər xərclərin və itkilərin bağlanmasına yönəldilən hesabat sənədlərinin düzgünlüyünü və əsaslılığını yoxlayır.
|