e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Pərakəndə ticarətin uçot və vergitutma məsələləri

2019-09-18 | Mühasibat uçotu | 3646

Pərakəndə ticarətin uçot və vergitutma məsələlərində rast gəlinən, bəzən birmənalı qarşılanmayan incəliklər var. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Pərakəndə ticarət həm birbaşa ticarət obyektindən, həm də səyyar formada həyata keçirilə bilər. Məsələn, mallar mağaza və marketlərdən birbaşa vətəndaşlara, həmçinin avtonəqliyyat vasitələrindən, piştaxtalardan, qoşqu vasitələrindən əlbəəl qaydada satıla bilər.

  • Mallar mağaza və marketlərdən satılan zaman nəzarət-kassa aparatının çeki verilməlidir.
  • Qalan hallarda satılanda isə alıcıya qəbz verilməlidir.
  • Alıcı vergi ödəyicisi olduqda onun istəyi ilə elektron qaimə-faktura (EQF) və ya electron vergi hesabat fakturası (e-VHF) verilməlidir.

Bundan əlavə, son vaxtlar pərakəndə ticarət fəaliyyəti həyata keçirən vergi ödəyiciləri malların çatdırılması xidmətlərini göstərirlər. Bu halda müstəriyə çatdırılan malın üzərində kassa çeki təqdim edilir və müştəri adətən məbləği nağd ödəyir. Vəsaiti nağd olan kuryer kassaya kassa mədaxil orderi ilə təhvil verir. Şəbəkə pərakəndə ticarətdə isə regionlara da malların pərakəndə çatdırılması halları olur ki, bu zaman alıcılar malların dəyərini ödəmə terminalları, plastik kartlar, POS-terminallarla ödəyirlər. Bu halda da çatdırılası mallar alıcıya üstündə kassa çeki vurulmaqla təhvil verilməlidir.

Pərakəndə ticarət qaydasında malları satan vergi ödəyicisi hökmən EQF (e-VHF) ilə yanası, nəzarət-kassa aparatının çeki və ya qəbz verməlidir. Əks təqdirdə bu, topdansatış fəaliyyəti sayılacaqdır.

Pərakəndə ticarət faəliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vergi öhdəlikləri

Belə vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi və ya öz istəyindən asılı olaraq son ardıcıl 12 aylıq dövriyyəsi 200.000 manat olan aya qədər gəlir və ya mənfəət vergisi ödəyicisi ola bilərlər.

  • son ardıcıl 12 aylıq dövriyyəsi 200.000 manatdan artıq olan vergi ödəyicisi növbəti aydan ƏDV ödəyicisi , həmçinin gəlir və ya mənfəət vergisi ödəyicisi olurlar.
  • Sadələşdirlmiş vergi ödəyicisi kimi dövriyyədən 2% vergi verirlər.
  • Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi ƏDV ödəyicisi olan pərakəndə ticarət vergi ödəyiciləri üçün vergitutma obyektidir.
  • Pərakəndə ticarət faəliyyəti ilə məşğul olan vergi ödəyicisi eyni zamanda topdansatış fəaliyyəti ilə məşğul ola bilər. Bu halda həmin vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi ola bilməz.

Son ardıcıl 12 aylıq dövriyyəsi 200.000 manata kimi olan pərakəndə ticarət ilə məşğul olan vergi ödəyicisinin vergi öhdəliklərini sadə bir misalla nəzərdən keçirək.

Tutaq ki, AA MMC-nin xərcləri 5000 manat, aldığı malın maya dəyəri 150.000 manat, satdığı malın döviyyəsi 190.000 manat olmuşdur. Nəzərə alsaq ki, AA MMC sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməyi qərara almışdır, onda 190.000 x 2% = 3.800 manat sadələşdirilmiş vergi ödəməli olacaqdır. Xərclərini və gəlirlərini qaydalara uyğun formalaşdırmışdırsa, onda (190.000 – 150.000 – 5.000 – 3.800) = 31.200 manat xalis mənfəəti qalacaqdır və 10% divident hesablanmayacaqdır , son nəticə olaraq 3.800 manat vergi hesablanacaqdır.

AA MMC mənfəət vergisi ödəyicisi olamağı qərara aldığı halda isə vergi öhdəliyi kimi (190.000-150.000-5.000)x20% = 7.000 manat mənfəət vergisi olacaqdır. Mikro sahibkarlığa aid olduğundan ona 75% güzəşt verilir. Buna görə gə MMC-dən 7000x 25% = 1750 manat mənfəət vergisi hesablanılacaqdır. Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu apardıqda və ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmadıqda 10% divident hesablanmayacaqdır.

Son olaraq hər iki halı üzləşdirdikdə aydın olur ki, birinci halda 3.800 manat , ikinci halda isə 1.750 manat vergi hesablanır. Odur ki, hansı formada vergi ödəyicisi kimi uçota durmaqla bağlı vergi ödəyiciləri özləri qərar verməlidirlər.

Hazırladı: Fəxriyyə İkramqızı

Mənbə: https://vergiler.az/news/taxes/4143.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.