e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Gəlir və xərclərin uçotunun düzgün aparılması qaydaları

2019-11-13 | Vergilər | 2767

Vergi tutulan gəlirin dəqiq hesablanması məqsədilə gəlir və xərclərin uçotunun düzgün aparılması üçün hansı qaydalara əməl olunmalıdır? Mövzunu "BSC konsalting" şirkətinin maliyyə direktoru Arzu Xəlilova şərh edir.

Vergi Məcəlləsinin 131 və 134- cü maddələrinə uyğun olaraq vergi ödəyicisi gəlir və xərclərinin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər.

Vergi ödəyicisi bir vergi ili ərzində eyni metodu tətbiq etməlidir və tətbiq etdiyi uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməlidir.

Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hər bir vergi ödəyicisi gəlir və xərclərinin uçotunu sənədləşdirilmiş məlumatlar əsasında aparmalıdır.

İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq normativ aktlarla tənzimlənir. Hazırda qüvvədə olan ictimai iaşə və istehsal sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarında vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməsi nəzərdə tutulub.

Bu qaydalara görə maddi dəyərlilərin mədaxili, məxarici, təsərrüfatdaxili yerdəyişməsi, silinməsi müvafiq sənədlərlə, xüsusilə də ciddi hesabat blankları ilə qeydə alınmalıdır.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/5416.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.