e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İşəgötürən işçinin təhsil haqqını və ya müalicə xərcini ödəyərsə, həmin məbləğ gəlir vergisinə cəlb edilir?

2019-12-15 | Vergilər | 2863

Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Vergi Məcəlləsinin tələblərinə görə, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2.000 manatadək olan hissəsi də gəlir vergisindən azad olunur. İqtisadçı ekspert Anar Bayramov mövzu ilə bağlı bildirib ki, təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olduğu halda verilir.

Maddi yardım istəyən işçinin buna ehtiyacı olmalıdır. İstənilən işçi təşkilat rəhbərliyinə müraciət etməklə maddi yardım ala bilməz. Tutaq ki, işçi ödənişli təhsil müəssisəsində oxuyur və təhsil haqqını ödəməyə maddi imkanı çatmır. Bu zaman işçi tələbə biletinin surətini və ya təhsil müəssisəsində oxuması haqqında arayışı, illik təhsil haqqının ödənilməsi barədə hesab-fakturanı (təhsil müəssisəsinin təqdim etdiyi) və ailə vəziyyətinin yaxşı olmaması haqqında digər sənədləri təqdim etməklə iş yerindən təhsil haqqını ödəmək üçün maddi yardım ala bilər. Təbii ki, ilk növbədə təşkilatın buna razılığı lazımdır.

Analoji hal müalicə haqlarının ödənişi üçün maddi yardımın verilməsi zamanı da tətbiq olunur. İndi isə gəlir vergisindən azadolmalarla bağlı misala baxaq:

Misal.

Tutaq ki, işçinin müalicə olunmaq üçün maddi yardıma ehtiyacı var və əməliyyat xərcləri və ona sonrakı reabilitasiya üçün 1.400 manat vəsait lazım olması barədə müvafiq xəstəxanadan arayış və hesab-faktura gətirib. Əgər təşkilat rəhbərliyi işçinin müəssisə üçün önəmini, məhsuldarlığını nəzərə alaraq müalicə haqqı kimi 1.400 manat maddi yardımı birbaşa xəstəxananın hesabına ödəsə, bu zaman 1.000 manat məbləğ vergidən azad olunur, yerdə qalan 400 manat isə gəlir vergisinin tutulması məqsədilə işçinin əməkhaqqına əlavə olunur.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/6166.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.