e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Minimum əmək pensiyasının artırılması üçün hazırlanmış qanun layihəsinə dair geniş mətbuat konfransı keçirilib

2019-02-15 | Kadr işi | 2533

Mətbuat konfransı sosial şəbəkələrdə birbaşa yayımlanıb

Nazir Sahil Babayev: Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq, nəticədə 233 min nəfərin pensiyasında artım olacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasını nəzərdə tutan yeni qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Bununla əlaqədar əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransı keçirib.

S.Babayev vurğulayıb ki, Prezident cənab İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısı bu istiqamətdə humanizm və sosial ədalət prizmasından yeni və mühüm addımların atılmasının ardıcıl xarakter almasına, eyni zamanda həssas qruplara dövlətin dəstəyinin daha da güclənməsinə səbəb olub. Hələ 2018-ci ildə keçirilmiş seçkilərdə əhalinin mütləq əksəriyyətinin etimadını yenidən qazanaraq, Prezident seçildikdən sonra dövlət başçısının ilk olaraq 19 aprel 2018-ci il tarixdə imzaladığı Fərman şəhid vərəsələrinə birdəfəlik öədmənin verilməsi ilə bağlı olub. 2019-cu il yanvarın 28-də Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşündə dövlətimizin başçısı şəhid ailələrinə qayğı göstərilməsinin onun fəaliyyətində daim prioritet təşkil etdiyini bəyan edib və həmin gün imzalanan daha bir Fərmanla birdəfəlik ödəmələrin verilməsi 2725 nəfər çox olmaqla artıq 12268 şəhidin vərəsələrini əhatə edib, bu məqsəd üçün ümumilikdə 135 milyon manat vəsait ayrılıb.

Nazir deyib ki, eyni zamanda ötən ilin 1 avqust tarixində şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin və minik avtomobillərinin təqdim olunması tədbirində Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmiş və həmin tədbirdən bir gün sonra cənab Prezidentin imzaladığı Sərəncamla ayrılmış vəsait hesabına 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzillərin sayı 3 dəfədən çox artırılaraq 626-ya, indiyədək verilən mənzillərin sayı 6 654-ə çatdırılıb. Qarabağ müharibəsi əlillərinə ötən il 265 avtomobil verilməklə, bu kateqoriyadan olanlara təqdim olunan avtomobillərin sayı isə 6 144-ə çatıb.

S.Babayev bildirib ki, 28 yanvar 2019-cu il tarixli Sərəncamla Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə daha 35 milyon manat ayrılıb və cənab Prezidentin tapşırığı ilə bu il azı 800 mənzilin verilməsi nəzərdə tutulub. Digər tərəfdən, 30 yanvar 2019-cu il tarixli Fərmanla şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manata çatdırılıb. Hazırda 12 mindən çox şəhid ailəsini əhatə edən bu təqaüdlər cənab Prezidentin müvafiq tapşırıqları əsasında ötən dövrdə 3 dəfə artırılıb.

Nazir vurğulayıb ki, Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı isə nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasına imkan verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdıracaq. Cari ilin birinci rübündə ilk DOST mərkəzi, il ərzində Bakıda ümumən 4 və 2019-2025-ci illərdə Bakı və respublikamızın regionları üzrə 31 belə mərkəz yaradılacaq.

Nazir həmçinin dövlət başçısının tapşırığı ilə pensiya təyinatı üzrə xidmətlərin avtomatlaşdırılmış şəkildə qurularaq məmur-vətəndaş təması olmadan tam şəffaflaşdırıldığını, vətəndaşların onlar barədə bütün sosial məlumatlara və xidmətlərə əlçatanlığını təmin edən “E-sosial” internet portalının qurulduğunu, vahid məşğulluq portalının vacib komponenti kimi “Məşğulluq alt-sistemi”nin yaradıldığını deyib. O qeyd edib ki, həmçinin cənab Prezidentin tapşırığı ilə ötən il özünüməşğulluq proqramının əhatə dairəsi 6,5 dəfə genişləndirilərək 7,3 minə yaxın şəxsi əhatə edib. Onlardan artıq 5800-ü aktivlərlə (mal və materiallarla) təmin olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb. Cari ildə daha 7-8 min şəxs bu proqrama cəlb olunacaq. Eyni zamanda, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanan ”İşsizin DOSTu” proqramı ödənişli ictimai işlərin sistemli və şəffaf təşkilinə imkan verməklə, bu il 30 min işsiz və işaxtaran şəxsin əmək müqaviləsi əsasında belə işlərlə təmin edilməsinə şərait yaradıb və onlardan artıq 25 mindən çox şəxs ödənişli ictimai işlərlə təmin olunub.

S.Babayev bildirib ki, ümumən son 15 ildə Azərbaycanda əmək haqlarında 7 dəfə, eləcə də minimum əmək haqlarında 6,5 dəfə artım özünü göstərib. Əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti irəliləyiş olan 8 fevral 2019-cu il tarixli Sərəncam cari il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılmasına, muzdla çalışanların azı 40%-nin və ya 600 mindən çox işçinin əmək haqlarının artmasına imkan verib. Prezident cənab İlham Əliyevin xüsusi qayğısı hazırda 1,3 milyon nəfərdən və ya əhalinin 13 faizindən ibarət olan pensiyaçıları da əhatə edir. Müvafiq Sərəncamla cari ilin əvvəlindən pensiyaların növbəti dəfə indeksləşdirilərək artırılması təmin olunub. Yanvar və fevral ayı üzrə bu artımla bağlı əlavə olaraq 15 milyon manat vəsait yönəldilib.

Nazir vurğulayıb ki, dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsində daha bir mühüm addımdır. Bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılacaq. Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub.

Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım özünü göstərəcək. Artımın edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 mln. manat, illik isə 49 mln. manat əlavə vəsait yönəldiləcək. Bu artımdan sonra alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə ölkəmiz MDB məkanında ilk iki yeri bölüşür.

Sonra S.Babayev jurnalistlərin suallarını cavablandırıb.

Mənbə: http://sosial.gov.az/post/1985


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.