e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Yeni nəsil kassalar yeni kassa çekləri təqdim edəcək

2019-04-03 | Vergilər | 334

Müasir texnologiyalar vergi sistemində işin daha keyfiyyətli müstəvidə aparılmasına, o cümlədən sahibkarlıq subyektlərində şəffaf nəzarət mexanizminin qurulmasında mühüm rol oynayır. Azərbaycanda yeni nəsil kassa aparatlarının tətbiqi ilə kassa əməliyyatları haqqında məlumatların Vergilər Nazirliyinin informasiya bazasına operativ ötürülməsi bir sıra yeniliklərə yol açacaq. Bu yeniliklərə kassa əməliyyatlarının uçotunun düzgün aparılması, bununla bağlı məlumatların asan əldə olunması və bu sahədə nəzarətin təkmilləşdirilməsi, məlumatların Vergilər Nazirliyinin informasiya bazasına avtomatlaşdırılmış rejimdə ötürülməsi və s. aiddir. Məlumatların toplanmasında və ötürülməsində elektron sistem insan faktorunu əvəz edərək əməliyyatların sürətli, şəffaf və sistemləşdirilmiş olmasına yol açacaq.

Yeni nəsil kassa aparatlarının tətbiqi ilə daha bir yenilik kassa çeklərinə tələblərlə bağlıdır: çeklərdəki məlumatlara bir sıra əlavələr edilib. Bu əlavələr nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti) və QR-koddur. Mağazadan alış-veriş edən vətəndaş çekdə yerləşdirilmiş QR-kod vasitəsilə ona verilən çekin həqiqiliyini, həmin çekin Vergilər Nazirliyinin bazasında olub-olmamasını yoxlamaq imkanı əldə edəcək. Bunun üçün mobil telefonlara "QR-kod reader" mobil əlavəsini yükləmək və çeki telefona yaxınlaşdırıb onun düzgünlüyünü yoxlamaq mümkündür. Bununla yanaşı, yeni nəsil kassa aparatları üzrə məlumatların çatdırılması üçün yaradılacaq e-kassa.gov.az saytı vasitəsilə də çek yoxlanıla biləcək. Bunun üçün saytdakı "Çekin yoxlanılması" bölməsinə müraciət etmək lazım gələcək. Vətəndaşlar, həmçinin, "QR-kod reader"dən istifadə etməklə və ya e-kassa.gov.az saytındakı "Çekin yoxlanılması" bölməsinə çek məlumatlarını daxil etməklə kassa çekində yerləşdirilmiş QR-kodun sürətini çıxararaq çekin elektron nüsxəsini də əldə edə biləcəklər.

Qeyd edək ki, pərakəndə ticarətdə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə edirlər və bu güzəştdən faydalanmaq üçün alış-veriş zamanı alıcılara çeklərin düzgün təqdim edilməsi mütləqdir. Vətəndaşların alış-veriş edərkən kassa çeklərini tələb etmələri fəal vətəndaş mövqeyinin göstəricisi olmaqla yanaşı, həm də özləri üçün faydalıdır. Çünki kassa çekinin təqdim edilməsi keyfiyyətinin aşağı olduğu sonradan anlaşılan məhsulların yenisi ilə əvəz edilməsi və ya qaytarılması, bonuslardan istifadə və istehlakçıların hüquqlarının müdafiəsi baxımından vacib əhəmiyyət daşıyır. Bundan əlavə, çeklərin təqdim edilməsi dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Mənbə: https://vergiler.az/news/taxes/1575.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.