e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Turizm şirkətlərinə vergi güzəşti hansı şərtlərlə verilir?

2019-04-28 | Vergilər | 2300

Neft şirkətlərinə xidmət göstərən turizm şirkətlərinin bir qismi 2019-cu ildən tətbiq edilən vergi güzəştlərindən yararlanır

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktorunun müavini Nicat İmanov sahibkarlarla görüşdə bildirib ki, neft şirkətlərinə və onların strukturunda fəaliyyət göstərən müəssisələrə xidmət göstərən müəssisələr, hüquqi şəxslər və ya fərdi sahibkarlar subpodratçı statusu daşıyırlar. Ona görə də turagentlərin göstərdiyi xidmətlər fərqlənir: "Turagentlərin neft sektorunda fəaliyyət göstərən müəssisələrə biletlərin və turpaketlərin satışının həyata keçirilməsi zamanı turagentlərdə çalışan işçilərin əməkhaqqından vergilərin güzəştli dərəcələrlə tutulması qaldırılan məsələlərdən biri idi.

Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları" təsdiq edilib. Həmin qərarda göstərilib ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələrə, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılara və əməliyyat şirkətlərinə göstərilən xidmətlər üzrə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə, xidmət göstərən şəxs neft sektoruna aid edilir".

N.İmanovun sözlərinə görə, turagentlər neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə aviabilet və turpaketlərin satışını agent qaydasında həyata keçirdiklərindən, turagentlər neft sektorunda fəaliyyət göstərən şəxslərə xidmət göstərmiş hesab edilmirlər. Bu halda turagentlər öz xidmətlərini komitentə göstərmiş hesab edilirlər. Bu səbəbdən, turagentlər tərəfindən çalışan işçilərə ödənilən muzdlu işdən gəlirlərdən Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə uyğun olaraq güzəştli dərəcələrlə vergi hesablanır.

Mənbə: https://vergiler.az/news/taxes/1934.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.