Sual - Cavab
Sual ver | Bütün suallar
Sual Salam. Əmək məzuniyyətinin məbləği iki il düzgün hesablanmamışdır. Səhv hesablanan məzuniyyət haqqını geri qaytarmaq mümkündür? Çoxsağolun |
|
Cavab Salam. AR Əmək Məcəlləsinin 175-ci maddəsinin 2-ci hissəsinin "e" bəndinə əsasən, mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər işəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından tutulur.
Həmin maddənin 3-cü hissəsinə görə, işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.
Həmin maddənin 5-ci hissəsinə görə, hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.
Beləliklə, artıq verilmiş pulun işçinin əməkhaqqısından tutulması mümkündür. Lakin nəzərə almaq lazımdır ki, artıq ödənilmiş pulun tutulması yalnız onun verildiyi gündən bir ay müddətində aparıla bilər. Əgər düzgün hesablanmamış pulun verildiyi gündən bir aydan çox müddət keçmişdirsə, işçidən həmin məbləğ tutula bilməz.
|