Sual - Cavab
Sual ver | Bütün suallar
Sual Müharibə əliliyəm. Mülkiyyətimdə olan yaşayış sahəsinə görə əmlak vergisi hansı qaydada hesablanır və ödənilir? |
|
Cavab Vergi Məcəlləsinin (VM) 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyektidir.
Fiziki şəxslərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə bina Bakı şəhərində yerləşdikdə 0,4 manat və həmin dərəcələrə Nazirlər Kabinetinin müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə hesablanır (VM, maddə198.1.1).
Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla VM-in 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır (VM, maddə 199.3).
Bunlarla yanaşı, yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir (VM, maddə 4.4). Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.
Bələdiyyələr əmlak vergisinin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər (VM, maddə 200.4).
Cari il üçün əmlak vergisinin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir (VM, maddə 200.5).
Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir (VM, maddə 200.6).
"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" 2001-ci il 27 dekabr tarixli 244-IIQ nömrəli Qanunun 11.4-cü maddəsinə əsasən yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.
Qeyd olunanlara əsasən:
Mülkiyyətinizdə olan yaşayış sahəsinə görə əmlak vergisi onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə VM ilə müəyyən edilmiş dərəcələrlə hesablanır və verginin ödənilməsi barədə tədiyə bildirişi fiziki şəxslərə çatdırılır. Hesablanmış əmlak vergisinin məbləği fiziki şəxslər tərəfindən banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməlidir.
Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, müharibə əlili olan şəxslərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.
Samirə Musayeva
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru
Mənbə: www.vergiler.az
|