Sual - Cavab
Sual ver | Bütün suallar
Sual Həyatın yığım sığortası üzrə sığortalanan işçinin əməkhaqqından vergi hansı qaydada tutulur? |
|
Cavab Vergi Məcəlləsinin (VM) 102.1.8-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdikdə sığortaolunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortaolunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğ fiziki şəxslərin gəlir vergisindən azaddır.
Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır (VM, maddə 116.2).
İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır.
VM-in 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur (VM, maddə 116.3).
VM-in 101.1-ci maddəsinə uyğun olaraq, muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur.
Qeyd olunanlara əsasən:
Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası üzrə ödənilən sığorta haqqı işəgötürən tərəfindən bank vasitəsilə sığortaçının bank hesabına köçürüldüyü halda, sığorta haqqı fiziki şəxsin muzdlu işlə əlaqədar aylıq gəlirindən çıxılaraq qalan hissəsindən VM-in 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi tutulur.
Samirə Musayeva
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru
|