Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Rezident müəssisənin ona göstərilən xidmətlərlə bağlı Andorrada təsis edilmiş şirkətə etdiyi ödənişlər ödəmə mənbəyində hansı vergilərə cəlb olunur?


Cavab

Vergi Məcəlləsinin (VM) 13.2.16.14-1-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir.

Qeyri-rezidentin VM-in 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur (VM, maddə 125.1.5).

VM-in 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergiyə cəlb olunur (VM, maddə 125.1.9).

Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür (VM, maddə 128.2).

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Qeyd olunanlara əsasən:

Adıçəkilən fərmanla güzəştli vergi tutulan ölkə kimi müəyyən edilmiş Andorrada təsis edilmiş şirkət ilə bağlanmış müqavilə əsasında rezident müəssisə tərəfindən ona aparılan ödənişlərdən VM-in 125.1.5-ci maddəsinə əsasən, ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, VM-in 125.1.9-cu maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

Mənbə: www.vergiler.az

2018-05-14 | Vergilər | Baxılıb: 2763 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!