Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Salam. Anti-virus proqramlarının uçotu hansı hesablarda aparılmalıdır?


Cavab

Salam. Müəssisənin əldə etdiyi anti-virus proqram təminatına müəssisənin mülkiyyət hüququ olmadıqda və ya proqramı hazırlayan müəssisə tərəfindən müəssisəyə xüsusi mülkiyyət hüququ verilmədiyində onlara çəkilən xərclər mühasibat və vergi uçotunda gələcək dövrlərin xərcləri kimi tanınmalıdır.

Köhnə hesablar planında bu 31 saylı "Gələcək dövrlərin xərcləri" hesabıdır, yeni hesablar planında isə 191 saylı "Gələcək dövrlərin xərcləri" hesabıdır.

Müəssisə gəlir və xərclərin hesablanmasında uçot siyasətində hesablama metodundan istifadə etdiyi qeyd edilibsə, bu xərclər proqram təminatının istifadə müddətinə uyğun olaraq istifadə edilən dövr ərzində hissə-hissə "Gələcək dövrlərin xərcləri" hesabından xərclərə silinir.
Dt 20 Kt31 (köhnə hesablar planı)
Dt 711 Kt191 (yeni hesablar planı).

Müəssisə gəlir və xərclərin hesablanmasında uçot siyasətində kassa metodundan istifadə etdiyi qeyd edilibsə, bu xərclər baş verdiyi zaman birbaşa xərclərə silinəcəkdir.

Qeyd: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.9 maddəsinə görə:
Qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlardır. Gördüyümüz kimi müəssisə bu proqram təminatını Qeyri-maddi aktiv kimi tanımaq üçün bu proqram təminatına müəssisənin mülkiyyət hüququ olmalıdır. Müəssisəyə anti-virus proqram təminatından istifadə üçün müvəqqəti (misal üçün 12 aylıq) lisenziya verildiyi üçün, o, müəssiənin mülkiyyəti deyil və qeyri-maddi aktiv kimi tanına bilməz.

2016-02-28 | Mühasibat uçotu | Baxılıb: 4891 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!