Aktual mövzu: kriptomanat
2018-06-14 | İqtisadiyyat | 2223Blokçeyn və kriptovalyutalar kimi müasir texnologiyalar dünyanın iqtisadi reallığında aktuallaşan ciddi mövzulardandır. Aparılan müzakirələr zamanı ortaya çıxan suallardan biri də budur: Azərbaycanda da kriptomanatın yaradılması zərurəti varmı?
İqtisadçı Samir Əliyevin sözlərinə görə, ilk kriptovalyuta 2008-2009-cu illərdə baş vermiş qlobal maliyyə böhranı zamanı buraxılsa da, hökumətlərin diqqətini son 1-2 ildə cəlb etməyə başlayıb: "Milli valyutalarla sərt rəqabət aparan, istənilən ölkənin maliyyə sistemini dağıtmağa qadir olan bu texnologiya özünə əhəmiyyətli dərəcədə maraq çəkə bilib. Bunun nəticəsidir ki, kriptovalyutaların həm çeşidi artıb, həm də qiyməti. Elə buna görə də hökumətlər bu ödəniş sistemindən narahat olmağa başlayıblar. İnsanların maliyyə müstəqilliyini təmin edən, əlavə xərclərdən azad edən, nəzarət edilməsi mümkün olmayan elektron valyutalara münasibət heç də birmənalı deyil. Bəzi ölkələr onları öz bazarlarına buraxsalar da, əksəriyyəti gözləmə mövqeyindədir. Hətta qadağalar qoyan ölkələr də az deyil. Əsas səbəb də bu sahədə maliyyə axınlarına nəzarətin mümkünsüzlüyü, çirkli pulların yuyulmasının və terrorizmin maliyyələşdirilməsinin qarşısını almağın çətinliyi, ölkənin maliyyə sistemi üçün risk yaranmasıdır".
S.Əliyev qeyd edib ki, Beynəlxalq Valyuta Fondu ilk əvvəllər bunun təhlükəli olmadığını bildirsə də, sonradan ölkələrə özlərinin suveren kriptovalyutasını yaratmağı tövsiyə edib: "Bir sıra ölkələr milli kriptovalyutalarını buraxacaqlarını bildiriblər və hər birinin bu sahədə öz məqsədi var. Hiperinflyasiya ilə üzləşən Venesuela buraxmaq istədiyi milli kriptovalyutanın (El Petro) məzənnəsinin neftin qiymətinə bağlı olacağını elan edib. Məqsəd ölkəyə investisiya cəlb etmək və onu böhrandan çıxartmaqdır. İran ABŞ-dan və beynəlxalq ödəniş sistemlərindən (SWIFT, VISA, Master Card) gələn sanksiyalardan özünü müdafiə məqsədilə islam qanunlarına əsaslanan kriptovalyuta buraxmaq niyyətindədir. İsrail, Böyük Britaniya və Çin də öz milli valyutalarına sıx bağlı olan kriptovalyutanı buraxmağa hazır olduqlarını bəyan ediblər. Onlar hesab edirlər ki, Mərkəzi Bank prosesə ciddi nəzarət etməli və proses sərt qaydada tənzimlənməlidir: "Burada məqsəd nağd pul kütləsini azaltmaq, qanunsuz əməliyyatları nəzarətə götürmək, tranzaksiya edən ödəyicini və onu alan benefisiarı müəyyənləşdirməkdir. Estoniya hökuməti bu il avroya bağlı olan "Estcoin" buraxacağını elan etsə də, sonradan bu fikirdən daşındı. Əlbəttə, bu qərarda Avropa Mərkəzi Bankının mövqeyi də az rol oynamadı".
İqtisadçının fikrincə, milli kriptovalyutalar hökumətin sərt nəzarəti altında olsa da, qlobal kriptovalyutalarla mübarizədə uğur qazana bilmək sual altındadır: "Azərbaycan da prinsip etibarilə özünün kriptomanatını buraxa bilər. Ancaq mövcud iqtisadi situasiyada bu addımın müsbət nəticələr verəcəyini proqnozlaşdırmaq çətindir. Hökumətin bu məsələdə gözləmə mövqeyi tutması və qərar verməyə tələsməməsi başadüşüləndir. Qlobal kriptovalyutalar ölkədən kapital axınını şərtləndirirsə, suveren kriptovalyutalar özünə gəlməmiş maliyyə sektoru üçün çətinliklər yarada bilər. Azərbaycanda nağd ödəniş hələ də dominant mövqeyini qoruyub saxlayır, əhali nağdsız ödənişlərə, bank əməliyyatları aparmağa maraqlı deyil. Ölkədə bank sektoru dayanıqlı olmadığı üçün kriptomanatın nə dərəcədə effektiv işləyəcəyi sual altındadır. Hər bir halda, proses zamanın öhdəsinə buraxılmalı və digər ölkələrin təcrübələri dərindən öyrənilməlidir".

İqtisadiyyat bölümünün son xəbərləri |