e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmlak vergisi hesablanarkən amortizasiya xərclərinin çıxılması qaydası

2019-08-19 | Vergilər | 382

Vergi Məcəlləsinin 114.3-1-ci maddəsini nəzərə alaraq aparılan əməliyyatları ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyicisi tərəfindən əmlak vergisi hesablanarkən ilin sonuna qalıq dəyəri kimi amortizasiya normasının 2 misli tətbiq edilərək çıxıldıqdan sonra qalan dəyər əsas götürülür. Bəs bu zaman həmin hesablamanı aparan şəxs bu il amortizasiya normasının 2 mislini deyil, 1 mislini tətbiq etdiyi halda, həmin hal aşağı norma kimi tətbiq olunması hesab edilərək növbəti ildə 2 əmsal əlavə olaraq tətbiq edilə bilərmi? Suala Vergilər Nazirliyi aydınlıq gətirib.

Nazirliyin şərhində bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxırlar. Bu kateqoriya vergi ödəyicisi tərəfindən əmlak vergisi hesablanarkən ilin sonuna qalıq dəyəri kimi amortizasiya normasının iki misli tətbiq edilərək çıxıldıqdan sonra qalan dəyər götürülür. Bu maddə ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq edilmədiyi halda, yaranan fərq növbəti ilə keçirilə bilər.

Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən, mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər. Məcəllənin 114.3-cü maddəsində isə həmin normalar əksini tapıb:

  • binalar, tikililər və qurğular - 7 faizədək;
  • maşınlar və avadanlıq - 20%-dək;
  • yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə - 25 faizədək;
  • nəqliyyat vasitələri - 25 faizədək;
  • iş heyvanları - 20 faizədək;
  • geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər - 25 faizədək;
  • qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
  • digər əsas vəsaitlər - 20 faizədək;

Mənbə: https://vergiler.az/news/taxes/3641.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.