e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payının və səhmlərinin təqdim olunması zamanı mənfəət vergisinin hesablanması

2019-09-19 | Vergilər | 181

Vergi Məcəlləsinin 104.6-cı maddəsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən həm yuxarı qiymətə, həm də aşağı qiymətə təqdim edildikdə mənfəət vergisinin hesablanması qaydasını müəyyən etməkdir. Məcəllənin 104.6-cı maddəsinə uyğun olaraq müəssisənin səhmlərinin təqdim olunması zamanı iki məqama diqqət etmək lazımdır.

1. Müəssisənin səhmlərinin dəyəri xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən yuxarı olmaqla təqdim edildikdə həmin səhmlərin təqdim olunmasından əldə edilən mənfəət səhmlərin faktiki təqdim olunma dəyəri ilə nominal dəyəri arasındakı fərq kimi hesablanır.

Misal 1.

Tutaq ki, müəssisənin nizamnamə kapitalı hər birinin nominal dəyəri 400 manat olan 5 ədəd səhmdən ibarət olmaqla 2.000 manat təşkil edir. Müəssisənin il ərzində bölüşdürülməmiş mənfəəti 4.000 manat olmuşdur ki, nəticədə xalis aktivlərin dəyəri 6.000 manat (2.000 + 4.000 = 6.000) təşkil etmişdir. 2019-cu ildə müəssisənin səhmlərindən üçü hər birinin qiyməti 1.400 manata təqdim edilmiş və həmin səhmlərin vergi ödəyicisinin mülkiyyətində olma müddəti 3 (üç) ildən azdır. Müəssisənin mənfəət vergisini müəyyən edək.

Müəssisənin səhmlərinin təqdim edilməsindən əldə edilən ümumi gəlirlər və bu gəlirlərdən mənfəət vergisi aşağıdakı kimi hesablanacaq. Həmin hesablamaya əsasən xalis aktivlərin səhmlərə mütənasib dəyəri 1.200 manat (6.000 manat/ 5 ədəd = 1.200 manat) təşkil edəcəkdir.

Misaldan göürdüyü kimi, 2019-cu ildə müəssisənin səhmlərindən üçü hər birinin qiyməti 1.400 manat, yəni hər biri xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 200 manat (1.400 – 1.200 = 200 ) yuxarı olmaqla təqdim edilmişdir. Bu halda, həmin səhmlərin təqdim olunmasından əldə edilən mənfəət səhmlərin faktiki təqdim olunma dəyəri 1.400 manat ilə nominal dəyəri olan 400 manat arasındakı fərqdən hesablanmaqla 3.000 manat ( 1.400 manat x 3 - 400 manat x 3 = 3.000 manat) olduğunu müəyyən edirik və bu mənfəətdən də 600 manat ( 3.000 x 20% = 600 manat) mənfəət vergisi hesablanır.

2. Müəssisənin səhmlərinin dəyəri xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən aşağı olmaqla təqdim edildikdə həmin səhmlərin təqdim olunmasından əldə edilən mənfəət təqdim olunan səhmlər üzrə xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyəri ilə qeyd edilən səhmlərin nominal dəyəri arasındakı fərq kimi hesablanır.

Misal 2.

Tutaq ki, müəssisənin nizamnamə kapitalı hər birinin nominal dəyəri 300 manat olan 5 ədəd səhmdən ibarət olmaqla 1.500 manat təşkil edir. Müəssisənin il ərzində bölüşdürülməmiş mənfəəti 2.000 manat olmuşdur ki, nəticədə xalis aktivlərin dəyəri 3.500 manat (1.500 + 2.000 = 3.500 ) təşkil etmişdir. 2019-cu ildə müəssisənin səhmlərindən ikisi hər birinin qiyməti 600 manata təqdim edilmiş və həmin səhmlərin vergi ödəyicisinin mülkiyyətində olma müddəti 3 (üç) ildən azdır. Müəssisənin mənfəət vergisini müəyyən edək.

Müəssisənin səhmlərinin təqdim edilməsindən əldə edilən ümumi gəlirlər və bu gəlirlərdən mənfəət vergisi aşağıdakı kimi hesablanacaq. Hesablamaya əsasən, xalis aktivlərin səhmlərə mütənasib dəyəri 700 manat (3.500 manat/ 5 ədəd = 700 manat) təşkil edəcəkdir.

Misaldan göründüyü kimi, 2019-cu ildə müəssisənin səhmlərindən ikisi hər birinin qiyməti 600 manat, yəni hər biri xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 100 manat (700 – 600 = 100) aşağı olmaqla təqdim edilmişdir. Bu halda həmin səhmlərin təqdim olunmasından əldə edilən mənfəət təqdim olunan səhmlər üzrə xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyəri 700 manat ilə qeyd edilən səhmlərin nominal dəyəri olan 300 manat arasındakı fərqdən hesablanmaqla 800 manat ( 700 manat x 2 – 300 manat x 2 = 800 manat) olduğunu müəyyən edirik və bu mənfəətdən də 160 manat (800 x 20% = 160 manat) mənfəət vergisi hesablanır.

Sonda onu da qeyd edək ki, müəssisə iştirak paylarını və ya səhmləri nominal qiymətindən yuxarı qiymətə almışdırsa, həmin iştirak paylarını və ya səhmləri təqdim edən zaman gəlirdən çıxılan xərci bu aktivlərin faktiki satınalma qiyməti olacaqdır.

Misal 3.

Fərz edək ki, müəssisə nominal qiyməti 1.000 manat olan səhmi 1.200 manata almışdır. Müəssisə bu səhmi təqdim edən zaman gəlirdən çıxılan xərci səhmin faktiki satınalma qiyməti (1.200manat) olacaqdır.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/4264.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.