e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergi Məcəlləsinə dəyişikliklər müzakirə edilib

2019-11-08 | Vergilər | 164

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

“Report”un məlumatına görə, Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, iclasda “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi nəzərdə tutulub.

O qeyd edib ki, burada əsas amil ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsidir. Bu dəyişikliklər dövlət büdcəsinin dayanaqlı artımını təmin edəcək. Millət vəkili vurğulayıb ki, 2020-ci ilin büdcəsi, ən iri həcmli büdcədir.

İclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ötən il qarşıya qoyulmuş əsas hədəflərə nail olunub: “Bu il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində qeyri-neft sahəsində 8,9 faiz artım müşahidə olunur. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir”.

Sonra nazir Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı danışıb. O qeyd edib ki, dəyişikliklər 7 əsas istiqaməti əhatə edir. Yeniliklər, əsasən, ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini (yalan əqd bağlayaraq əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılmasını, riskli vergi ödəyicilərinə nazərətin gücləndirilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirməsi), ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaıdıması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsini, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılmasını, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasını, vergitutma bazasının genişləndirilməsini, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsini özündə ehtiva edir.

Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 164 dəyişiklikdən ibarətdir. Bu əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləvğ edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır.

Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda vergi ödənişində uçot qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır.

M.Cabbarov onu da qeyd edib ki, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır. Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq. Bildirildi ki, ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir. Nazir atılacaq addımların fayda verəcəyinə və şəffaflığın artırılması sayəsində vergitutma bazasının genişlənəcəyinə inamını ifadə edib.

Deputatlardan Vahid Əhmədov, Tahir Mirkişili, Əli Məsimli, Şəmsəddin Hacıyev, İlham Əliyev, Aydın Hüseynov Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə fikir və təkliflərini bildiriblər.

Ətraflı müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə: https://report.az/maliyye/vergi-mecellesine-deyisiklikler-muzakire-edilib/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.