e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sabit vergi ödəyiciləri

2020-03-14 | Vergilər | 473

Sabit vergi fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləğidir. Sabit vergi ödəyicisi olan fiziki şəxs, əgər vergi orqanında uçota alınmamışdırsa, ilk növbədə qeydiyyatda olduğu ərazinin vergi orqanına və ya vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməli və VÖEN almalıdır. Bəs sabit vergi ödəyiciləri kimlərdir?

Vergilər Nazirliyinin açıqlamasında qeyd edilib ki, qanunvericiliyə əsasən, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslər, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyəti olan, eləcə də çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmirçiləri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) və s. sabit vergi ödəyiciləri siyahısındadırlar.

Vergi Məcəlləsinin 16.1.7-1-ci maddəsinə görə, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almaqla həyata keçirmək mümkündür. Həmin qəbz yazılı müraciət etdikdə 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Şəxs öz istəyinə uyğun olaraq növbəti ay, rüb,yarım il və ya il üçün Sadələşdirilmiş vergi üzrəsabit məbləğin ödənilməsi haqqında qəbz" ala bilər.

Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilib ki, bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:

Fəaliyyət növünün adı Sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ (manatla)

Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət

20

Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət

15

Çəkməçi, pinəçi

5

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri

10

Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), gözətçi və digər analoji işlər

10

Nəqqaşlıq emalatxanalarının fəaliyyəti

20

Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər

20

Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər

10

Vergi Məcəlləsinin 220.11-ci maddəsində isə göstərilib ki, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
  • Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;
  • Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
  • digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5;
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödəyiciləri olan şəxslər:
  • qeydiyyatda olduğu yerdən asılı olmayaraq həmin fəaliyyətin faktiki həyata keçirildiyi ərazi üçün müəyyən edilən vergi məbləğini ödəyirlər;
  • eyni dövr ərzində müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərərsə, bu zaman ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləğini ödəyirlər;
  • fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda hər bir fəaliyyət növü üzrə ayrıca qəbz alırlar;
  • nağd pul hesablaşmaları zamanı alıcıya qəbz və digər ciddi hesabat blanklar təqdim etməlidirlər;
  • fəaliyyətin göstərilib-göstərilməməsindən asılı olmayaraq ödənilən sabit vergi geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarımil və il) vergiləri ilə əvəzləşdirilmir;
  • bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.
Sabit verginin ödəyiciləri göstərdikləri işə (xidmətə) görə nağd pul hesablaşmaları apararkən alıcılara ciddi hesabat blankı olan qəbz təqdim etməlidirlər.

Sabit verginin ödəyiciləri fəaliyyət növünə uyğun olaraq ciddi hesabat blanklarını (alıcıya verilən qəbz formasını) öz vəsaiti hesabına bu fəaliyyəti həyata keçirən mətbəələrə verdikləri sifariş əsasında əldə edirlər.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7690.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.