e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

ƏDV-nin qaytarılması

2020-03-26 | Vergilər | 162

Vergi Məcəlləsinin 165.5-ci maddəsinin tətbiqinin əsas məqsədi istehlakçıları nağdsız ödənişlərə təşviq etməkdir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Həmin maddəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən müəyyən edilir. Bu maddəyə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş ƏDV-nin qaytarılması qaydasına əsasən, fiziki şəxs olan istehlakçı ƏDV-nin qaytarılması prosesində iştirak etmək üçün alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəməklə satıcıdan mal alışını təsdiq edən Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatı çeki əldə etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya nəzarət-kassa aparatı çeki ilə yanaşı, POS-terminaldan çıxarış da verilməlidir. Sonra isə istehlakçı şəxsiyyəti təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə bu qaydalarla müəyyən olunmuş portal üzərindən qeydiyyatdan keçərək elektron kabinet yaratmalıdır. Qeydiyyatdan keçdikdən sonra istehlakçının mobil telefonuna və ya elektron poçt ünvanına qeydiyyatın təsdiqi barədə məlumat göndərilir.

İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciət edərək yaratdığı elektron kabinet vasitəsi ilə nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil etməlidir. İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Vergilər Nazirliyinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq təsdiqləndiyi halda istehlakçıya alınmış mallara görə qaytarılmalı ƏDV məbləği, istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 (otuz) gün müddətində müvəkkil bank tərəfindən milli valyutada onun bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir.

Onu da qeyd edək ki, portala daxil olan müraciət "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun müddəalarına əsasən, çekin çap olunduğu tarixdən 14 (on dörd) gün sonra aktivləşir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir.

Misal 1.

Fiziki şəxs olan istehlakçı Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ƏDV qeydiyyatında olan ticarət mağazasından ƏDV-li 11.800 manat (10.000 manat malın dəyəri 1.800 manat isə ƏDV məbləği) dəyərində nağd qaydada mallar almış və Vergilər Nazirliyinin həmin malların alışını təsdiq edən elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatı çeki əldə etmişdir. Fiziki şəxs olan istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin ona qaytarılan məbləğini hesablayaq.

Bu halda, dəyəri nağd qaydada ödənilmiş 11.800 manatlıq malın ƏDV-si olan 1.800 manata (11.800 x 18/118 = 1.800 manat) Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, nağd dövriyyədən hesablanan ƏDV-yə 10 faizlik güzəşt faizini tətbiq etməklə fiziki şəxs olan istehlakçıya nağd dövriyyəyə görə geri qaytarılacaq ƏDV məbləği 180 manatdır (1.800 x 10% = 180 manat). Fiziki şəxs olan istehlakçının nəzarət-kassa aparatı çekini portala daxil etdiyi vaxtdan 30 gün müddətində 180 manat ƏDV məbləğini geri almaq hüququ vardır.

Misal 2.

Fiziki şəxs olan istehlakçı Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ƏDV qeydiyyatında olan ticarət mağazasından ƏDV-li 11.800 manat (10.000 manat malın dəyəri 1.800 manat isə ƏDV məbləği) dəyərində nağdsız qaydada mallar almış və Vergilər Nazirliyinin həmin malların alışını təsdiq edən elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatı çeki əldə etmişdir. Fiziki şəxs olan istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin ona qaytarılan məbləğini hesablayaq.

Bu halda dəyəri nağdsız qaydada ödənilmiş 11.800 manatlıq malın ƏDV-si olan 1.800 manata (11.800 x 18/118 = 1.800 manat) Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq nağd dövriyyədən hesablanan ƏDV-yə 15 faizlik güzəşt faizini tətbiq etməklə fiziki şəxs olan istehlakçıya nağdsız dövriyyəyə görə geri qaytarılacaq ƏDV məbləği 270 manatdır (1.800 x 15% = 270 manat). Fiziki şəxs olan istehlakçının əldə etdiyi nəzarət-kassa aparatı çekini portala daxil etdiyi vaxtdan 30 gün müddətində 270 manat ƏDV məbləğini geri almaq hüququ vardır.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7785.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.