e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergilər Nazirliyi vergi boşluqlarını qiymətləndirəcək

2019-05-22 | Vergilər | 2414

Neft və qaz sektorunun bəzi təsirləri nəzərə alınmamaq şərtilə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə qeyri-neft sektoru üzrə 19 faizə yaxın artım olub. Həmin dövrdə pərakəndə ticarət dövriyyəsində 35 faiz artım müşahidə edilib. Vergilər nazirinin müşaviri Xəqani Abdullayev Vergilər qəzetinin təşkil etdiyi "dəyirmi masa" müzakirəsində qeyd edib ki, bu göstəricilər həmin sektorlarda aparılan "ağarma" nəticəsində mümkün olub: "Vergi nəzarəti, vergi orqanlarının təsir rıçaqları digərlərinə nisbətən daha çoxdur. Ən böyük "ağarma" effektini biz bu gün istehlak sferasında görürük. Pərakəndə və topdansatış ticarətin həcmi də ötən ilin ilk rübü ilə müqayisədə 16 faiz artıb. ƏDV-yə cəlb olunan dövriyyələrin artımları da yüksəkdir. Pərakəndə ticarətdə həmin dövriyyələr 38 faiz, topdansatışda 28 faiz təşkil edib".

X.Abdullayev bildirib ki, mühüm təmayüllərdən biri də kənd təsərrüfatında dövriyyələrin yüksək templə artmasıdır. 2018-ci ilin ilk rübü ilə müqayisədə bu il həmin sektorda 38 faizə yaxın artım olub: "Biz "ağarma" göstəricilərini ümumi makro göstəricilərlə müqayisədə üzə çıxarmağa çalışırıq. Bütün təhlillərimiz bu istiqamətə yönəlib. Aksizli mallar olan tütün və alkoqollu içkilər üzrə dövriyyələrdə dəfələrlə artım var. Bu da, ilk növbədə, vergi nəzarəti tədbirlərinin nəticəsində mümkün olub. Ötən ilin iyun ayından başlayaraq, biz həmin məhsulların istehsalçılarına aksiz nəzarəti postları qurduq. Bundan sonra bu sahədə əhəmiyyətli "ağarma" hərəkətlərinin şahidi olduq".

Qeyd edilib ki, birinci rübün yekunları bir sıra istiqamətlərdə erkən "ağarma" əlamətlərinin olduğunu göstərir: "Bu o demək deyil ki, bütün sahələrdə həmin proses total şəkildə gedir. Prosesin getməsi həm də vergi inzibatçılığının düzgün qurulmasından, onun effektivliyindən, növbəti mərhələdə isə rəqəmsal vergi inzibatçılığı sahəsində layihələrin həyata keçirilməsinin sürətindən asılıdır. Artıq Nazirlər Kabineti yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılması qrafikini təsdiq edib. Bütün bunlar vergi inzibatçılığında maksimal fiskal effekt əldə olunmasına xidmət edir".

X.Abdullayev əlavə edib ki, "ağarma" effektini müəyyən etmək üçün ayrı-ayrı sahələr üzrə işçi qruplar yaradılıb: "Onlar "ağarma"nın müxtəlif sahələrdəki gedişatını və həcmini diqqətlə izləyir, yerli ərazi vergi orqanlarına müvafiq tapşırıqlar verirlər. Bununla yanaşı, həmin sahələrdə vergi potensialının müəyyən olunması istiqamətində işlər aparılır. May ayının sonunadək xüsusi metodikalar əsasında sektorlar üzrə vergi boşluqları da qiymətləndiriləcək".

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/2266.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.