İdarəetmə uçotu nədir?


İdarəetmə uçotunun anlayışı

Idarəetmə uçotu istehsalat-kommersiya fəaliyyətinin planlaşdırılması və nəzarətin aparılması üçün menecerə lazım olan informasiyanın hazırlanması prosesini özündə birləşdirir. Idarəetmə uçotu idarəetmə prosesini uçot prosesilə əlaqələndirir. Idarəetmə uçotu - hər hansı bir obyektin idarə olunması üçün lazım olan məlumatların eyniləşdirilməsi, ölçülməsi, yığılması, sistemləşdirilməsi, təhlili, ayrılması, izahı və ötürülməsi deməkdir. Idarəetmə uçotunun sinonimi daxili uçotdur.

Uçot elmində idarəetmə və istehsalat uçotu anlayışları vardır.

Istehsalat uçotu sistemində hər şeydən əvvəl məsrəflərin sənədləşdirilməsi və qruplaşdırılması, əsas istehsal xərclərinin müəyyən edilməsi, tullantıların və əlavə məhsulların əsas istehsal hesabından silinməsi, hesabat dövrünün axırına qalan bitməmiş istehsal qalığınını ümumi qalıqdan çıxarılması baş verir. Bundan başqa istehsalat uçotu hər bir bölmənin istehsal etdiyi məhsulun, hər bir məmulat növünün, məmulat vahidinin, müəssisənin satılmış məhsullarının faktiki maya dəyərinin hesablanması üzrə əməliyyatları və məhsulun maya dəyəri haqqında hesabatın tərtib olunması üzrə əməliyyatları əhatə edir.

İstehsalat uçotunun məzmunu istehsala çəkilən xərclərin uçotu, nəzarətin təşkili və məhsulun maya dəyərinin kalkulyasiyası ilə məhdudlaşır.

Idarəetmə uçotu istehsalat uçotuna əsaslanaraq müxtəlif idarəetmə qərarları (operativ, taktiki və strateji) qəbul etmək üçün informasiya bazaları hazırlayır. O, operativ və taktiki qərarların qəbul edilməsində müəssisə rəhbərlərini zəruri informasiyalarla tam təmin edir. Strateji qərar qəbul etmək üçün isə uçot məlumatları ilə yanaşı xüsusi tədqiqat nəticəsində əldə edilən məlumatlardan da istifadə etmək zəruridir.

Beləliklə, idarəetmə uçotu müəssisənin idarədaxili idarə olunması sisteminin ayrılmaz hissəsi hesab edilir və istehsalat uçotundan onunla fərqlənir ki, burada əsas diqqət informasiyanın idarəetmə məqsədi üçün istifadə edilməsinə yönəldilir.

İdarəetmə uçotunun məqsədi

Idarəetmə uçotunun məqsədini konkret müəssisədə qəbul edilmiş qərarın təbiətinə tam uyğunlaşdırılmış və idarəetmə vasitəsi kimi istifadə edilən hesabat sisteminin təmin edilməsi təşkil edir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün idarəetmə uçotu sistemi planlaşma, uçot, təhlil, tənzimləmə və s. işlərdə istifadə olunur. Bütün bunlar formalaşdırılan məqsədlərin son nəticəsinin müəyyən edilməsinə yönəldilir.

Əgər maliyyə uçotu müəssisənin istehsalat fəaliyyətinin ümumi nəticəsinin (onun bütün bölmələri və hazırlanan məmulatın çeşidi üzrə) müəyyən olunmasını təmin edirsə, bu ümumi yekunu fəaliyyətin ayrı-ayrı bölmələri üzrə göstəricilərə (işlərin növlərinə, coğrafi zonaya, məmulata) ayırmaq üçün müvafiq məlumatlar tələb olunur ki, bunları da mahiyyət etibarilə idarəetmə uçotu verir.

İdarəetmə uçotunun vəzifələri

Beləliklə, təyinatından və qarşıya qoyulan məqsəddən asılı olaraq idarəetmə uçotu aşağıdakı əsas vəzifələri yerinə yetirir:

  • müəssisənin üzərinə götürdüyü bütün istehsal funksiyalarının yerinə yetirilməsini təmin edən xərcləri müəyyənləşdirir;
  • müəssisə balansının bir sıra tərkib hissələrini (məsələn, anbardakı hazır məmulat ehtiyatını, hazırlıq mərhələsində olan məmulatın miqdarı) hesablamaq üçün əsas yaradır;
  • müvafiq satış qiymətilə müqayisə etmək üçün məmulatların (malların) dəyərini hesablamaqla müəssisənin istehsalat fəaliyyətindən əldə edilən nəticəni təhlil edir;
  • cari xərc və gəlirləri proqnozlaşdırır (məsələn, məmulatın dəyərini və təsərrüfat büdcəsini əvvəlcədən hesablamaq yolu ilə);
  • proqnozlaşdırılan və həqiqi məlumatlar arasındakı kənarlaşmanı təhlil və təsdiq edir (məsələn, büdcə xərclərinə və onların icrasına nəzarət edir).
Bu sadalanan vəzifələri üç istiqamətdə qruplaşdırmaq məqsədəuyğundur:
  1. Birinci istiqamət - məmulat və xidmətin dəyərinin hesablanması, həmçinin rentabelliyin təhlili;
  2. Ikinci istiqamət - müəssisənin məsul bölmələrinin yerinə yetirdiyi funksiyalarla əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə idarəetmə nəzarəti;
  3. Üçüncü istiqamət - qərar qəbul etmək.

İdarəetmə uçotu nədir?

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!