Əmək məzuniyyətindən geri çağırılma

2020-05-16 | Kadr işi | 374

Praktikada işçi ilə işəgötürən arasındakı əmək münasibətlərində həm işçi, həm də işəgötürən üçün mübahisə yaradan müəyyən məqamlar olur. Bunlardan biri də işçilərin məzuniyyətdən geri çağırılması hallarıdır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

İşçilərin məzuniyyətdən geri çağırılması zamanı bəzi ümumi suallar meydana gəlir

  • İşçi hansı halda məzuniyyətdən geri çağırıla bilər?
  • İşəgötürən istənilən vaxt işçini məzuniyyətdən geri çağıra bilərmi?
  • İşçi məzuniyyətə çıxdıqdan sonra öz istəyi ilə məzuniyyətdən geri qayıda bilərmi?

Məsələyə aydınlıq gətirmək üçün Əmək Məcəlləsinə müraciət etməliyik. Məcəllənin 137-ci maddəsində göstərilir ki, əmək məzuniyyətinin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma müstəsna hallarda ola bilər: istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun öz razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Bu zaman əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir.

İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilər.

137-ci maddənin müddəaları çox sadə olsa da, bəzi məqamlara diqqət yetirilməlidir:

  • məzuniyyətə göndərilən işçini işəgötürən xüsusi hallar olmazsa məzuniyyətdən geri çağıra bilməz;
  • xüsusi hal kimi istehsalat qəzaları və təxirəsalınmaz işlər olmalıdır;
  • işçinin məzuniyyətdən geri çağırılması əmr, sərəncam və ya qərarla rəsmiləşdirilməlidir;
  • əmr, sərəncam və qərarla işçi tanış olmalı və razılığını bildirməlidir;
  • işçi özünün təşəbbüsü ilə məzuniyyətdən geri çağırıla bilər – amma bu halda da işəgötürənin razılığı lazımdır;
  • geri qayıtma işçinin təşəbbüsü ilə olduqda işçi, yaxşı olardı ki, işəgötürənə ərizə və ya hər hansı digər yazılı sənədlə müraciət etsin və geri qayıtmanın səbəbini göstərsin.

İşəgötürən razılıq verdikdən sonra əmr, sərəncam və ya qərar imzalana bilər.

Ən əsas məsələlərdən biri budur ki, formasından asılı olmayaraq məzuniyyətdən geri çağırılan işçinin gələcək təminatının necə olacağı əmrdə, sərəncamda və ya qərarda açıqlanmalıdır. Yəni istifadə olunmamış məzuniyyət haqqının geri qaytarılması və ya məzuniyyətdən gələcəkdə istifadə olunması məsələləri göstərilməlidir. İşçi həmin şərtlərlə tanış olmalı və razı olduğunu bildirməlidir.

Misal 1:

Tutaq ki, "AA" MMC-nin istehsal sexində çalışan fəhlə 21 gün müddətinə, mühəndis 30 gün müddətinə, mexanik də 30 gün müddətinə əmək məzuniyyətinə buraxılıb. Məzuniyyətə göndərilməzdən əvvəl mühəndisi əvəz edən başqa bir mütəxəssis olmadığına görə müvəqqəti olaraq vəzifəsi kiməsə həvalə edilməyib. Amma mexaniki əvəz edən mütəxəssis və onun vəzifəsini müvəqqəti əvəz edən şəxs olub. Məzuniyyətə göndəriləndən 10 gün sonra istehsalat sexində yanğın baş verib və yanğının nəticələrinin aradan qaldırılması, həmçinin normal istehsalatın bərpası zərurəti yaranıb.

Sual meydana çıxır ki, bu halda "AA" MMC-nin rəhbərliyi hansı işçiləri məzuniyyətdən geri çağıra bilər?

137-ci maddədə istehsalat qəzası ilə bağlı geri qaytarılan işçilər haqqında xüsusi tələb qoyulmadığına görə belə vəziyyətdə MMC rəhbərliyi müxtəlif vəzifə tutan işçinin üçünü də ehtiyac olarsa geri çağıra bilər. Ancaq rəhbərlik fəhləyə ehtiyac duymursa, onu çağırmaya bilər. Bundan əlavə, mühəndisi əvəz edən şəxs olmadığına görə və qəzanın aradan qaldırılmasında mühəndisin birbaşa rolunu nəzərə alaraq onu çağıra bilər. Mexanikin məzuniyyətdən geri çağırılması da eyni mülahizə ilə rəsmiləşdirilə bilər.

Misal 2:

Tutaq ki, "AA" MMC-də baş mühasib 30 gün müddətinə məzuniyyətə göndərilib və o gedəndən 20 gün sonra MMC-yə səyyar vergi yoxlaması gəlib. Bundan əlavə, satış meneceri 21 gün müddətinə əmək məzuniyyətinə göndərilib. Müəyyən olub ki, ümumi satış dövriyyəsi aşağı düşüb və 10 gün sonra rəhbərlik onu geri çağırmaq istəyir.

Sual: Bu halda rəhbərlik baş mühasibi və satış menecerini məzuniyyətdən geri çağıra bilərmi?

MMC-də aparılan səyyar vergi yoxlaması ilkin olaraq təxirəsalınmaz hal kimi qiymətləndirilir. Yəni faktiki olaraq əvvəlcədən planlaşdırılmamış hal baş verib ki, baş mühasibin orada iştirak etməsi məcburidir. Vergi Məcəlləsinin müddəalarına görə isə baş mühasib məzuniyyətdə olan halda, yoxlamanı müvəqqəti olaraq təxirə salmaq olar. Odur ki, bu halı həm də təxirə salınması mümkün olan hal kimi qiymətləndirmək olar və yoxlama baş mühasib məzuniyyətdən qayıdandan sonra aparıla bilər.

İkinci halı isə, ümumiyyətlə, təxirəsalınmaz hal kimi qiymətləndirmək düzgün olmaz. Çünki müəssisənin ümumi satış dövriyyəsinin aşağı düşməsi işçinin məzuniyyətə göndərilməməsinə və məzuniyyətdən geri çağırılmasına əsas vermir. Odur ki, belə hallarda geri çağırılan işçi qayıtmaqdan imtina edə bilər.

Qeyd etdiyimiz kimi, işçilər yuxarıdakı hallarda əmr, sərəncam və ya qərarla tanış olmalı və orada göstərilənlərlə razı olduqlarını bildirməlidirlər.

Bir sual da maraqlıdır ki, həm istehsalat qəzaları, həm də xüsusi hallarda bu məsələ necə həll olunur? Tutaq ki, işəgötürən işçini məzuniyyətdən geri çağırır, amma işçi qayıtmaq istəmir və ya işçi məzuniyyət vaxtı ölkədən kənarda olduğuna görə qayıda bilmir. Bu hallar üçün aşağıdakılar nəzərə alınmalıdır:

  • bütün şəraitlərdə geri çağırılma tələbi olduğu halda, işçinin razılığı tələb edildiyindən işçi qayıtmaqdan imtina edə bilər;
  • amma əmək müqaviləsi bağlanan zaman tələblərdən biri də tərəflərin bir-birinə zərər vurmaması öhdəlikləridir;
  • tərəflərdən biri zərər vurduğu halda, Məcəllənin digər tələblərinə əsasən, həmin tərəfin məsuliyyət daşıması halları da mövcuddur;
  • Məcəllədə işçinin əmək məzuniyyətindən istifadə etməsi üçün işəgötürən tərəfindən məzuniyyətin təmin edilməsi tələbi vardır və buna görə məsuliyyət də qoyulmuşdur;
  • bununla yanaşı, işəgötürənin də işçini xüsusi hallarda məzuniyyətdən geri çağırmaq hüququ vardır;
  • ola bilər ki, məzuniyyətdən geri çağırılması tələb edilən işçinin geri qayıtmamasına görə işəgötürənə külli miqdarda zərər dəysin.

Belə halların baş verməməsi üçün, yaxşı olardı ki, istehsalat qəzaları, xüsusi hallar nəzərə alınmaqla işçilərlə işəgötürən arasında şəraitin tələblərinə uyğun qarşılıqlı razılaşma olsun.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/economy/8524.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!