"Biz mədəni, amma çox sərt danışacağıq" - Mikayıl Cabbarovun çıxışı – TAM MƏTN
2018-02-14 | Vergilər | 2319 Vergilər naziri Mikayıl Cabbarovun “Vergilər. Şəffaflıq. İnkişaf” konfransında çıxış edərək tədbirdə çıxış edən hər kəsə, istər millət vəkilləri, istər biznes nümayəndələri, istərsə də digər natiqlərə səsləndirdiyi təkliflərə, bölüşdüyü fikirlərə görə, təşəkkürünü bildirib.
Hörmətli konfrans iştirakçıları! Əziz qonaqlar!
İlk öncə dəvətimizi qəbul edib vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş konfransa qatıldığınız üçün Sizə öz təşəkkürümü bildirirəm.
Prezident İlham Əliyev fevral ayının 11-ni Azərbaycan Respublikası vergi xidməti işçilərinin peşə bayramı günü kimi təsis etmiş, bununla da cəmiyyətimizdə vergi xidməti işçilərinin yeri və roluna yüksək qiymət vermişdir. Vergi xidməti əməkdaşlarını peşə bayramı münasibətilə bir daha təbrik edir, onlara məsul və şərəfli işlərində uğurlar arzulayıram.
Hörmətli millət vəkilləri, Vergilər Nazirliyi ilə sıx əməkdaşlıq edən təşkilatların nümayəndələri, sahibkarlar və ekspertlər - Sizi bugünki tədbirdə salamlamaqdan böyük məmnunluq hissi duyuram və hesab edirəm ki, vergi siyasətinin perspektivləri, qarşıda duran vəzifələr barədə natiqlərin söylədikləri fikirlər bizim üçün faydalı olacaqdır.
Qarşıda duran hədəflərin müəyyənləşdirilməsinə keçməmişdən öncə istərdim ki, ölkəmizin inkişafı sahəsində əldə olunmuş uğurları layiqincə qiymətləndirmək üçün bir neçə məqam üstündə ayrıca dayanam.
Müstəqil Azərbaycan dövlətinin bütün nailiyyətləri çağdaş tariximiz iki parlaq siması - Ümummilli liderimiz Heydər Əliyev və möhtərəm prezidentimiz İlham Əliyevin adları ilə bağlıdır.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olmuş, ən ağır vaxtlarda Azərbaycanın mənafeyi naminə xilaskarlıq missiyasını yerinə yetirmişdir. Ümumilli liderimiz Azərbaycanda güclü iqtisadiyyatın yaradılmasına böyük diqqət və qayğı göstərmişdir. Ölkəmizdə iqtisadi islahatlarına başlanması, beynəlxalq maliyyə qurumlarının islahatlar prosesinə cəlb edilməsi, müstəqillik şəraitində ölkənin vergi siyasətinin konsepsiyasının müəyyənləşdirilməsi və vergi xidmətinin yaradılması birmənalı şəkildə Heydər Əliyevin təşəbbüsü və qətiyyətli mövqeyi sayəsində mümkün olmuşdur.
Heydər Əliyevin yaradıb bizə əmanət qoyduğu müstəqil Azərbaycan ölkə Prezidenti İlham Əliyev cənablarının müdrik rəhbərliyi ilə son on beş ildə inanılmaz inkişaf yolu keçmişdir. 2003-cü ildən bugünədək Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi möhtəşəm uğurlar onun apardığı düşünülmüş siyasətin doğru olduğunu təsdiq edir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti qısa müddət ərzində dünya miqyasında müstəqil siyasət yeridən ölkə kimi tanınmış, regionda lider dövlətə çevrilmişdir. Həyata keçirilən iqtisadi islahatlar və genişmiqyaslı infrastruktur layihələri ölkəmizin dinamik templə inkişaf etməsinin təməlini qoymuş, yoxsulluğun səviyyəsini minimuma endirmiş, xalqın maddi rifahını xeyli yüksəltmiş və nəticədə Azərbaycan Respublikası dünyada orta gəlirli ölkələr sırasında yer tutmuşdur.
Aprelin 11-i Azərbaycanda Prezident seçkiləri günüdür. Heç şübhə yoxdur ki, vətəndaşlarımız ən layiqli namizədi dövlətimizin başçısı seçməklə gələcək inkişafımıza və qələbələrimizə səs verəcəklər.
Makroiqtisadi siyasət vergi siyasətinin bağlılığından danışan natiq qeyd edib ki, hökumət tərəfindən görülən tədbirlər nəticəsində ölkəmiz iqtisadi sabitləşməyə nail olub, iqtisadi artıma keçid təmin olunub.
Dünya iqtisadiyyatında baş verən proseslərdən qaynaqlanan uzunmüddətli təzyiqlərə baxmayaraq, həyata keçirilən makroiqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı neqativ qlobal təsirləri neytrallaşdırmağa nail olmuşdur. Dünya bazarlarında enerji resurslarının qiymətlərində müşahidə olunan sabitləşmə və qeyri-neft ixracatının yüksəlməsi tədiyə balansının tarazlaşmasına, ölkənin strateji valyuta ehtiyatlarının artımına, vergi ödəyicilərinin zəifləmiş iqtisadi aktivliyinin bərpasına kömək göstərmişdir.
Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaqdır. Həyata keçirilməsinə başlanmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edir.
Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artım üçün ən əlverişli şəraiti təmin edə bilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Yəni, ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, o qədər də Vergilər Nazirliyi üçün fiskal öhdəliklərinin icrası asanlaşır. Və əksinə, iqtisadi böhran və ya durğunluq şəraitində Vergilər Nazirliyinin dövlət xəzinəsinə daxilolmaların təmin edilməsi imkanları xeyli mürəkkəbləşir. Bu səbəbdən bu sahəyə birbaşa cavabdeh olan digər dövlət qurumları ilə birgə işləyərək Vergilər Nazirliyinin əli hər zaman iqtisadiyyatın nəbzi üzərində olacaqdır. Burada pul siyasəti, monetar siyasət, iqtisadi mübahisələrin ədalətli baxılması və iqtisadi fəallığa digər təsir göstərən amillər nəzərə alınır.
Vergilər Nazirliyinin mövcud fəaliyyətinin qiymətləndirilməsi və gələcək strategiya barədə danışmaq istərdim.
Vergilər Nazirliyi öz inkişafında böyük yol keçmiş, bu yolun həm müsbət, həm mənfi səhifələri olmuşdur. Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılmış, vergi öhdəliklərinin bütün tarixçəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılmış, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq əksəriyyəti elektronlaşdırılmış, “çağrı mərkəzi”, “bir pəncərə” dövlət xidmətlərinin əsası bu Nazirlikdə qoyulmuşdur.
Mənfi səhifələrinə gəldikdə – vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması deyil, ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətinin itirməsi, plan-proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorları üzərində vergi yükünün qeyri-mütənasib paylaşdırılması, özəl biznesə qarşı bugünki tələblərə cavab verməyən qəbuledilməz metodların tətbiqi, ədalətlilik prinsiplərinin pozulması, vergi ödəyicələrini “özününki” və “özgə” kateqoriyalarına bölünməsi kimi xoşagəlməz halları qeyd etmək olar.
Vergi ödəmələrinin həcminin artırılmasına necə nail olacağımızın strategiyasını Sizinlə bölüşmək istərdim. Biz inanırıq ki, bunun ən doğru yolu vergitutma bazasının genişləndirilməsi və vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı inam atmosferinin təmin edilməsidir.
Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır. Belə yanaşma “vergi ödəyicisinə göstərilən xidmətlər” anlayışına yenidən baxılmasını və genişləndirilməsini tələb edir. O biznesin təsis edilməsi və aparılmasına dəstək göstərilməsini də əhatə etməlidir.
Vergilər Nazirliyi düzgün vergi planlaşdırılması ilə vergidən yayınmanı fərqləndirə bilir. Birincini biz müsbət qarşılıyırıqsa, ikincisini cinayət sayırıq və onun cəzasının qaçılmaz olduğunu təmin etmək üçün əlimizdən gələni edəcəyik.
Bu gün Vergilər Nazirliyi vergi ödəyicilərinə vergi toplanmasından könüllü vergi ödənilməsinə keçidi təklif edir. Bu vergi orqanı ilə vergi ödəyicisi arasında sağlam münasibətlərinin olduğunu əks etdirməklə bir sıra istiqamətlərdə də öz pozitiv effektini verəcək və cəmiyyətdə sahibkarın rolunun və nüfuzunun artırılmasına xidmət edəcəkdir.
Biz vergi uçotunun bərpası ilə məşğul olacayıq. Vergi işçilərinin yeni nəslini öyrədib tərbiyə edəcəyik ki, onlar vergi ödəyicisinə baxanda vətəndaş və partnyor görsünlər. Hansının ki, vəzifələri ilə yanaşı, hüquqları da vardır. Hansı ki, qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdır.
Cənab Prezidentin apardığı siyasət Cənubi Qafqaz regionunda Azərbaycanın liderliyini təmin edir, lakin biz nəzərə almalıyıq ki, regionun digər dövlətləri xarici və Azərbaycan investorlarının sərmayələrinin cəlb edilməsi uğrunda rəqabət aparırlar, xüsusilə bu qeyri-neft sektoruna aiddir.
Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da tanınmış yerli və xarici şirkətlərin də qanunvericilikdə olan boşluqlardan və ya vergi orqanlarda informasiyanın olmamasından istifadə edərək, vergidən yayınma hallarına yol verirlər. Bu şirkətlər vergi yayınma yollarını yaxşı bilən təcrübəli vergi məsləhətçilərini də işə götürə bilər və maraqlarını müdafiə edə bilən bacarıqlı hüquqşünasları da işə cəlb edə bilərlər. Bugün yalnız onu deyə bilərəm ki, biz bu hallar barədə məlumatlıyıq, biz tez öyrənirik və belə davranış davam edəcəyi təqdirdə bir gün vergi müfəttişinin sizin qapınızın döyməsinə təəccüblənməməlisiniz.
Səmimi danışsaq, bu gün bir çoxumuz cari vergi pozuntularının şahidi və iştirakçısı oluruq. Əgər Siz hesab edirsiniz ki mən mübaliğə edirəm, yadınıza salın nə qədər şirkət tanıyırsınız ki, göstərdiyi xidmətin ödənişini xaricdə alır, nə qədər işçi tanıyırsınız ki, aldıqları əməkhaqqı rəsmiyyətə salınmayıb, getdiyiniz neçə supermarket və ictimai iaşə obyekti var ki, müştərilərinə fiskal kassa çekini vermir.
Dövlətin, vətəndaşın və sahibkarım maraqları bir-birinə uyğun gəlməlidir. Qanunu eyni cür və bütün vergi ödəyicilərinə tətbiq etmədən qanunçuluğa əməl edilməsini və iqtisadiyyatının inkişafını təmin etmək mümkün deyil. Bazar iqtisadiyyatı şəraitində bazarın ayrı-ayrı iştirakçılarına seçmə yolu ilə verilən hətta ən kiçik güzəştlər bütün iqtisadiyyatın rəqabətliliyinə təsir göstərir və işğuzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir.
Belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəsində özünü biruzə verir. Qanunsuz olaraq vergi ödəməmək hüququ əldə edən dükanın mövcudluğu ona gətirib çıxaracaq ki, oradakı qiymətlər rəqib dükanlardan daha aşağı olacaq, müştərilər ona üz tutacaq və qanuna əməl edən dükanlar istər-istəməz bağlanacaqlar. Orada işləyən insanlar isə iş yerlərini itirəcək, özlərini və ailələrini dolandırmaq məqsədi ilə sosial yardım almaq üçün dövlətə müraciət etməli olacaqlar.
Məhz buna görə bazar iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsi təkcə vergilər naziri və vergi işçiləri üçün deyil, hər bir vətəndaş üçün vacib olmalıdır. Məhz buna görə hər bir xərclədiyimiz manat legal iqtisadiyyatda dövriyyə etməlidir. Məhz buna görə kassa çekinin tələb edilməsi ayıb sayılmamalıdır.
Mən gözəl anlayıram ki, mənim çıxışımdakı misallar və çağırışlar artıq formalaşmış adətlərin və vərdişlərin dəyişməsi ilə bağlıdır. Onlar rahatlıqla qəbul olunmur, çünki həmin vərdişlərin dəyişməsini tələb edir. Yəqin ki, evinizin altında yerləşən dükanın satıcısı sizin qonşunuzdu və ondan alınan çörəyə görə kassa çeki tələb etmək qonşuluq münasibətlərinə xələl gətirə bilər. Lakin, həmin anda Siz yadınıza salsanız ki, vergilər nəyə xərclənir, yəqin ki bu qərarı qəbul etmək Sizin üçün daha asan olacaq. Vergilər bizi və torpaqlarımızı müdafiə edən ordunun saxlanılmasına, uşaqlarımızın gəzdiyi küçə və parklarının işıqlandırılmasına, onlara təhsil verən müəllimlərin əməkhaqqına və məktəblərin təmirinə xərclənir. Onlar həmçinin bir və ya hər iki valideyni itirmiş uşaqların və onların təhsil aldığı müəssisələrin saxlanılmasına, orada çalışan işçilərin əməkhaqqına sərf olunur, bu xərclər bütövlüklə ödədiyimiz və ya çek istənilməsini ayıb saydığımız halda ödəmədiyimiz vergilər hesabına formalaşır. Ona görə də bizim yalnız bir yolumuz var və biz bu yolu birgə keçməliyik.
Biz XXI əsrin əvvəlində yaşayırıq. Mən xatırlatmaq istərdim ki, bir əsr bundan əvvəl bizim babalarımız o vaxt üçün qeyri-adi görünən və bəlkə də daha əyib sayılan qərarları qəbul etməyə başlamışlar. Belə müsəlman qızlar üçün ilk məktəb açıldı, belə Şərqdə ilk opera səhnəyə qoyuldu, belə müsəlman aləmində ilk qadın opera müğənnisi yetişdi. Və nəhayət belə müsəlman dünyasında ilk respublika – Azərbaycan Xalq Cümhürriyyəti quruldu. Hansının ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin qərarına əsasən 100 illik yubileyini bu il biz geniş qeyd edəcəyik.
Vergi sistemində şəffaflığın təmin edilməsi
Bugünki konfransın adı təsadüfi seçilməyib. Biz düşünürük ki, vergi sistemində, vergilərin yığılmasında, vergi öhdəliklərinin yerinə yetirilməsində şəffaflığın yaradılması bu prosesin bütün tərəflərini inkişafa apara bilər. Şəffaflıq inkişafın açarıdır, şəffaflıq iqtisadiyyatın güclənməsidir, şəffaflıq əlverişli biznes mühitinin yaradılması, xarici sərmayələrin cəlb edilməsi üçün əsas şərtdir.
Belə bir məsələ var: deyir, nəyisə dəyişmək istəyirsənsə, birinci özündən başla. Bizim ilk məramımız və ilk addımımız məhz vergi sistemində şəffaflığın təmin edilməsinə, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsinə nail olmaqdır. Əsas hədəflərimiz vergi ödəyiciləri ilə iş prinsiplərinin təkmilləşdirilməsi, təmassız münasibətlərin genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin informasiya texnologiyaları üzərindən həyata keçirilməsidir. Sahibkarları narahat edən əsas məsələlərin, xüsusilə vergi yoxlamalarında müşahidə olunan problemlərin həlli istiqamətində iş aparılır.
Vergi ödəyicilərinin fiskal yükü tarazlı şəkildə müəyyən edilməli və vergi öhdəlikləri birtərəfli hesablamalara əsaslanmamalıdır. Sahibkar, xüsusilə də kiçik və orta biznes inkişaf prosesinə həssas kateqoriyadır və fiskal öhdəliklər real inkişaf göstəricilərinə, əldə olunan gəlirə uyğun tətbiq edilməlidir.
Vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılması şübhəsiz ki, Vergilər Nazirliyinin insan resurslarına, kadrların peşəkarlığına tələbləri artırır. Qarşıda duran hədəf və məqsədlərin həyata keçirilməsində aparıcı qüvvə məhz analitik düşüncəyə, müvafiq bilik və bacarıqlara sahib olan insan resurslarıdır. Vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb. Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcəkdir.
Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apellyasiya Şurasının daha da fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaqdır.
Mühasiblərlə iş sahəsində görüləcək işlər
Biz mühasibatlıq, audit və vergi xidmətlərini göstərən şirkətlər və məsləhətçiləri öz müttəfiqlərimiz kimi qəbul edirik. Onların fəaliyyəti eyni zamanda qanuna əsaslanmalı və işguzar etika çərçivəsində olmalıdır. Məsləhətçi şirkətlərin əsas funksiyası – təmsil etdiyi vergi ödəyicisinin maraqlarının müdafiəsi şərti ilə vergi qanunvericiliyinin icrası üzrə peşəkar xidmətlərinin göstərilməsidir.
Peşəkar mühasiblər və vergi məsləhətçiləri barədə ayrıca danışmaq istərdim. Onların peşəkarlığı, peşə etikasına və öz vəzifələrinin vicdanlı icrasına sadiqliyi vergi müfəttişinin fəaliyyətindən az əhəmiyyət daşımır. Beynəlxalq təcrübə göstərir ki, bu sahəyə böyük diqqət göstərən, peşəkar və müstəqil mühasiblər assosiasiyalarının mövcudluğunu dəstəkləyən, peşəkar etika standartlarını fəal tətbiq edən və müdafiə edən, qanun qarşısında bu peşənin nümayəndələrinin məsuliyyətini daim xatırladan ölkələrin iqtisadiyyatı daha əlverişli biznes mühitinə malikdir.
Bulanıq su yalnız o şəxslərə sərfəlidir ki, kim dövlət və ya biznes hesabına qanunsuz gəlir əldə etmək istəyir. Şəffaflıq və informasiyanın açıqlığı qanunvericilik çərçivəsində ədalətli vergitutmanı təmin edir. Hər bir insan səhv edə bilər. Vergi hesabatını dolduran istənilən mühasib də səhv edə bilər. Lakin, saxta məlumatları bilərəkdən vergi hesabatına daxil edən mühasib illər keçdikcə də bilməlidir ki, o maddi məsul şəxs kimi törədilmiş cinayətin həm iştirakçısıdır.
Mən buradan bütün maddi məsul şəxsləri xəbərdar etmək istəyirəm – nə qədər gec deyil bu işi özünüz dayandırın, çünki onu biz dayandırmalı olsaq qanunun tam ciddiliyi ilə hərəkət etməli olacağıq. Biz mühasiblərin peşəkarlıq səviyyəsinin və məsuliyyət hissinin artırılması istiqamətində çalışan QHT və mühasib assosiasiyalarına hər cür dəstək göstərməyə hazırıq. Bu cür yanaşma konsaltinq, mühasibatlıq və auditor xidmətləri bazarına da müsbət təsir göstərəcəkdir. Bu mənada mən Böyük Dördlüyə daxil olan iri auditor şirkətlərin və yerli təşkilatların nümayəndələri ilə aramızda ilk gündən yaranmış faydalı əməkdaşlığı xüsusilə qeyd edirəm. Birgə həyata keçirdiyimiz layihələrə görə onlara təşəkkür etmək və bu əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminliyimi ifadə etmək istərdim.
Vergi güzəştlərinin ünvanlılığı
Vergi güzəştləri və azadolmalarla bağlı hər konkret hal üçün biz fərdi yanaşma metodunu tətbiq etməliyik. Vergi güzəştləri xüsusi əhəmiyyət kəsb edən sahələr üçün lazımdır. Məsələn, kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələri çox pozitiv dəyərləndiririk. Ölkə iqtisadiyyatının strukturunda ənənəvi yer tutan kənd təsərrüfatına tətbiq edilən güzəştlər kənd əhalisinin özünüməşğulluğu üçün zəruri şəraiti yaratdı, bu sahənin modernləşdirilməsinə təkan verdi.
Amma qeyd etməliyəm ki, burada ümumi bir prinsip olmalıdır – vergi güzəştləri və azadolmalar həmin sahədə mövcud olan uçot və vergi hesabatlılığının ləğvinə gətirib çıxarmamalıdır. Əfsuslar olsun ki, indi bu belədir. Vergi güşəştin olması hesabatın aparılmasından azadetmə kimi qəbul edilir. Bu cür yanaşma nə biznesə, nə sahibkara, nədə ki muzdlu işçiyə kömək etmir. Dövlət bu və ya digər sahənin dirçəldilməsinə kömək etmək, onun regional və beynəlxalq səviyyədə rəqabətədavamlı olmaq məqsədi ilə öz büdcə gəlirlərindən imtina edir. Lakin, dövlətin etibarlı informasiyaya istinad etməklə gördüyü tədbirlərin effektini, səmərəsini qiymətləndirmək imkanı olmalıdır.
Bir neçə kəlmə vergi qanunvericiliyi barədə danışmaq istərdim. Vergi Məcəlləsi qəbul edildikdən sonra onun təkmilləşdirilməsi məqsədilə çoxsaylı əlavələr və dəyişikliklər edilmişdir. Əlverişli sahibkarlıq mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi yükünün aşağı salınması istiqamətində qanunun müddəaları yenidən işlənmişdir.
İqtisadi siyasətdə baş verən dəyişikliklər qanunvericilikdə də müvafiq dəyişikliklərin aparılmasını tələb edir. Lakin bununla belə, biz başa düşürük ki, vergi qanunvericiliyində tez-tez dəyişikliklərin edilməsi biznes üçün perspektiv planlaşdırmanı çətinləşdirir, əlavə edilən yeni müddəalar bəzi hallarda nəzərə alınmayan vergi riskləri yaradır.
Hər il, bəzi illərdə bir neçə dəfə Vergi Məcəlləsinə böyük sayda dəyişikliklərin edilməsi təcrübəsini məqsədəuyğun saymırıq. Vergi Məcəlləsinin qüvvəyə mindiyi 2001-ci ildən bu yana 72 qanun qəbul edilməklə 680 maddədə, 1548 bənd üzrə dəyişiklik aparılmışdır. Belə təcrübə sistemli yanaşma tələb edir. Mən xüsusi olaraq vurğulamaq istərdim ki, biz mövcud Vergi Məcəlləsinə, islahatlar paketinin hazırlanmasına başlamışıq. Mən 31 mart tarixinə qədər bütü şirkətlərin, biznes nümayəndələrinin və assosiasiyaların üzvlərinə müraciət edərək onların fəaliyyətini çətinləşdirən, fəaliyyətlərində qanunvericilik səbəbindən meydana çıxan məqamların həlli ilə bağlı təkliflərini Vergilər Nazirliyində yaradılmış katibliyə təqdim etsinlər. Nazirlik onların təkliflərini dəyərləndirəcək.
Göstərilənləri nəzərə alaraq, Vergilər Nazirliyi sahibkarların qarşılaşdığı inzibatçılıqla olan problemlərin kökündə duran səbəblərinin həllinə yönəlmiş dəyişikliklər paketini hazırlayır və bu il büdcə prosesi çərçivəsində onu Hökumətə təqdim edəcəkdir. Əsas diqqət qeyri-leqal iqtisadiyyatdan leqal iqtisadiyyata keçidin təmin olunmasına yönəldiləcək və eyni zamanda bunu elə etmək düşünürük ki, bu transformasiya sahibkarlar üçün həm əlverişli olsun, həm iqtisadi məna kəsb etsin. Bu dəyişikliklərin hazırlanması üçün biz həm sahibkarlarla, həm də Hökumətdən və Parlamentdən olan həmkarlarımızla sıx əməkdaşlıq etməyi planlaşdırırıq.
Vergi ödəyicilərinə xidmətin keyfiyyətinin artırılması və İT tətbiqinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyan bir mövzudur.
Biz yeni vergi inzibatçılığının hədəfində hər şeydən öncə vergi ödəyicisinin olduğunu düşünürük. Sahibkarların öz vergi öhdəliklərini yerinə yetirməsi üçün mövcud sistemin daha da sadələşdirilməsini təmin edən yeniliklər tətbiq olunacaqdır. Vergilər Nazirliyinin xidmətlər sistemi vergi ödəyicilərinin gözləntilərinə və tələblərinə uyğun şəkildə təkmilləşdiriləcəkdir.
Niyyətimiz elə bir keyfiyyətli və geniş spektrli elektron xidmətlər sistemi tətbiq etməkdir ki, sahibkarların vergi orqanları ilə canlı təmasları minimuma ensin. Hər bir vergi ödəyicisi istənilən yerdən, istənilən vaxt, istənilən xidmətə çıxış əldə etməlidir. Yeni texnologiyalar dövlət xidmətlərinin ünvanlılığını təmin etməli, vergi ödəyicisi ilə təmasları tam şəkildə elektron formata keçirməli, bu münasibətlərin tam şəffaf və aydın olmasına imkan verməlidir.
Vergilər Nazirliyi uzun illər informasiya texnologiyalarının aktiv tətbiq edildiyi fəaliyyət sferası olub. 450 mindən yuxarı aktiv vergi ödəyicisinin fəaliyyətini 2300 nəfərlik heyətlə nəzarətdə saxlamaq üçün bu alternativsiz bir yoldur. Vergi orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması üçün yeni rəqəmsal texnologiyaların istifadə edilməsi ilə bağlı siyasət bundan sonra da davam etdiriləcəkdir. Vergi inzibatçılığının rəqəmsallaşdırılması kumulyativ effektə malikdir. Rəqəmsal iqtisadiyyat yalnız bilik iqtisadiyyatı deyil, həm də etimad iqtisadiyyatıdır. Texnologiyalar vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsinin yüksəltməyinin əsasıdır. Bu cəmiyyət və dövlət arasında qarşılıqlı etimadı artırmağa, vətəndaş məmnunluğunu yüksəltməyə, bütün tərəflər üçün iqtisadiyyatın şəffaflığını təmin etməyə xidmət edir.
Fəaliyyətimizi daha yüksək səviyyədə təşkil edilməsi üçün “blokçeyn” texnologiyalara əsaslanan yanaşmaların tətbiqini öyrənəcəyik.
Vergi yoxlamaların kəmiyyətinin deyil, keyfiyyətinin artırılması
Vergi qanunvericiliyinin və vergi ödəyicilərinə təklif edilən xidmətlərin nə qədər təkmil olmasından asılı olmayaraq vergi orqanları səmərəli vergi nəzarəti mexanizmlərinə malik olmalıdır.
Vergi yoxlamalarına münasibətdə bəzi məsələlərə aydınlıq gətirmək istərdim. Kimsə düşünürsə ki, əməkdaşlıq münasibətləri nəticə etibarilə vergi nəzarətinin zəifləməsinə gətirəcək, bu kökündən yanlış fikirdir. Biz yoxlamaların kəmiyyətcə sayını azalda bilərik və azaldacayıq, lakin bu nəzarət sisteminin zəifləməsi demək deyil. Vergi yoxlamaları məsafədən, vergi risklərinin idarə edilməsi sistemi kimi innovativ alətlərin tətbiqi ilə həyata keçirilir. Vergi orqanlarının cari hədəfi vergi yoxlamalarının keyfiyyətinin artırılmasıdır. Bəli – biznesdə yoxlamaların güman edirik ki, sayı azalacaq. Lakin müəssisələrin fəaliyyətində vergidən yayınma halları və ya belə halların yaranması üçün risklərin mövcudluğu aşkar olunarsa, şübhəsiz ki, vergi ödəyici ilə təmas qurulacaq və risklərin aradan qaldırılmasına çalışılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi bizim məqsədimiz deyil. Lakin qanunu pozan ödəyicilərə qarşı nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması birmənalıdır.
Məqsədimiz dövlət-sahibkar münasibətlərində qarşılıqlı etimadın artırılmasına nail olmaqdır. Lakin şəffaflıq yalnız vergi orqanlarının fəaliyyətini deyil, eyni zamanda, biznesin öz vergi öhdəliklərinə eyni cür yanaşmasını da əhatə etməlidir. Dövlət sahibkarlar üçün yaratdığı əlverişli şərtlərin müqabilində, onlardan öz hesabatlığını düzgün aparmasını, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməsini gözləyir. Şəffaflıq birtərəfli qurula bilməz. Biz qarşılıqlı etimada söykənən etibarlı əməkdaşlıq münasibətlərinin tərəfdarıyıq. Burada bir məsələnin altından xətt çəkərək qeyd etmək istərdim. Qanun hamı üçün birdir. Kiçik və ya böyük şirkət olmasından asılı olmayaraq, hər kəs öz vergi öhdəliyini düzgün yerinə yetirməlidir. İkili mühasibatlığın aparılması, vergiyə cəlb edilən dövriyyələrin gizlədilməsi, vergidən yayınma hallarının qarşısı birmənalı olaraq alınmalıdır.
Biz başa düşürük ki, bu dəyişiklikləri bir günə və bir aya etmək mümkünsüzdür, məhz buna görə biz 2018-ci ilə vergi inzibatçılığına keçid ili kimi baxırıq. Buradan sahibkarlara və vergi ödəyicilərinə müraciət etmək istərdim ki, onlar bu vaxtdan düzgün istifadə etsinlər. Vergilər Nazirliyi bütün vergi ödəyiciləri ilə birlikdə partnyorluq, tərəfdaşlıq və planlaşdırma mühitində işləri birgə həyata keçirməyə hazırdır. Təbii ki, vergi ödəyicisinin reaı vergi yükününün nəzərə alınması şərti ilə.
Burada prinsip sadə olmalıdır – qanuna əməl et və vergi orqanını görmə. Vergiləri düzgün ödəyən intizamlı vergi ödəyicisi bizim etibarlı tərəfdaşımızdır. Biz belə ödəyiciləri daim dəstəkləyəcəyik, vergidən yayınmağa çalışanları isə qanunlara əməl etməyə məcbur edəcəyik, çox mədəni və sərt davranmağa çalışacağıq.
“Kölgə iqtisadiyyatı”nın leqallaşması barədə fikirlərə də münasibət bildirmək istərdim.
Bu gün bütün dünyada müşahidə olunan problemdir və hər bir dövlət bununla bağlı müvafiq tədbirlər görməyə çalışır. Azərbaycanda xüsusilə qeyri-rəsmi məşğulluq, ikili mühasibatlığın aparılması kimi xarakterik pozuntu halları geniş yayılmışdır. Kölgə iqtisadiyyatının həcmi barədə müxtəlif rəqəmlər səsləndirilir. Mən bu göstəricilərin dərinliyinə varmaq istəmirəm, lakin, bu böyük potensialdır və dövlət büdcəsinin gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir.
Biz burada əsasən səbəblərə nəzər yetirməliyik. Vergi orqanları qeyri-rəsmi məşğulluğun və qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində yalnız inzibati tədbirlərdən istifadə edir, lakin bunun bir limiti var və biz bu limitə yaxınlaşırıq. Bu səbəbdən düşünürük ki, vergi ödəyiciləri ilə birlikdə bu halları yaradan səbəbləri aradan qaldırmağa çalışacağıq.
Biz 2018-ci ildən başlayaraq qeyri-legal fəaliyyətdən legal fəaliyyətə yumşaq keçidi təmin etmək üçün vergi ödəyiciləri üçün bələdçi olmağa hazırıq, burada söhbət vergi orqanının hər hansı repressiv xarakterli tədbirlərin görülməsindən getmir. Bu keçidin mexanizmlərini sahibkarlarla birlikdə müzakirə edib qanunun tələbləri əsasında onun “dinc yolla” gerçəkləşdirilməsinə çalışacağıq.
Nağdsız ödəmələrin genişləndirilməsi, vətəndaşların və biznesin nağdsız hesablaşmalar aparması istiqamətində marağı stimullaşdırılmalıdır. Vergi ödəyicisi əmin olmalıldır ki, yalnız şəffaf fəaliyyət ona sabit gəlir və inkişaf vəd edir.
Hörmətli sahibkarlar,
Müraciətim Sizə olacaq. Siz qarşısınızda yeni, müasir, innovativ, açıq və şəffaf vergi xidməti görəcəksiniz. Vergilər Nazirliyi sizə keyfiyyətli xidmətlər, qarşılıqlı etimad təklif edir, biz sizi eşitməyə, problemlərinizi həll etməyə hazırıq. Əvəzində intizamlı, düzgün əməletmə gözləyirik. Gəlin münasibətlərimizə yeni səhifədən başlayaq.
İctimaiyyət nümayəndələrinə və ekspertlərə bildirmək istərdim ki, şəffaflığın mühüm göstəricilərindən biri dövlət orqanlarının fəaliyyətində ictimai əməkdaşlıqdır. Vergilər Nazirliyi vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi prosesində sahibkarların ictimai birlikləri, ekspert cəmiyyəti, ictimai təşkilatlarla sıx əməkdaşlıq etmək niyyətindədir. Biz vergi sistemini irəliyə apara biləcək bütün rasional təkliflərə və açıq müzakirələrə hazırıq. Bu, sizinlə ilk görüşümüzdür və qarşıdakı dövr üçün əməkdaşlığımızın ilk addımıdır. Biz qarşıda duran çətinlikləri görürük və əminəm ki, Sizinlə birlikdə onları addım-addım həll edəcəyik.
Söz verə bilmərəm ki, bizim işimizdə səhvlər olmayacaq, hər bir yerdə səhvlər olur, amma söz verirəm ki, biz heç vaxt bu səhvləri vergi ödəyicilərindən gizlətməyəcəyik və onların aradan qaldırılması üçün Sizinlə birgə çalışacağıq.
Sonda bir məqamı bir daha xüsusi vurğulamaq istərdim. Vergiləri ödəmək hər birimizin konstitusion borcudur. Vergilər qüdrətli dövlətin əsasıdır. Ödədiyiniz hər bir manat vətəndaşlarımızın sosial rifahına, təhsilimizin, səhiyyəimizin keyfiyyətinin artmasına, müdafiə qabiliyyətimizin güclənməsinə xidmət edir. Və hər ödədiyiniz manat Sizə dövlət xidmətləri, yaxşı infrastruktur, sahibkarlığa dövlət dəstəyi formasında yenidən geri qayıdır. Gəlin Azərbaycanın sabahını cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə birlikdə quraq.
Diqqətinizə görə təşəkkür edirəm.

Vergilər bölümünün son xəbərləri |