Əmək müqaviləsinin müddəti

Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Misal.

İşçi müəssisə ilə müddətli əmək müqaviləsi bağlayaraq fasilələr ilə müəssisədə 6 il müddətində çalışmışdir. Fasilələrin müddəti 5 ildən az olmuşdur. İşçi ilə bağlanılan müddətli əmək müqaviləsi fasilələr ilə olduğu üçün, həmin müqavilə müddətsiz müqavilə hesab edilə bilməz

Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, aşağıda qeyd edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

DİQQƏT! Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:

  • işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;
  • təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;
  • işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;
  • müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;
  • işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;
  • müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;
  • bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;
  • tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
  • bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;
  • qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Lakin, müəssisə işçi ilə müqavilənin davam edirilməsini istəmirsə, o zaman, müəssisə rəhbəri müqaviləyə xitam verilməsi ilə bağlı əmr verməlidir.

Müddətli əmək müqaviləsinin davam etməsini işçi istəmirsə, o zaman, o ərizə ilə müəssisə rəhbərinə müraciət etməlidir.

Əgər işçi müvəqqəti işə çıxa bilməyən işçinin yerinə işə götürülübsə, bu zaman, onun ilə bağlanılan əmək müqaviləsi müddətli hesab edilir. Bu cür müqaviləyə köhnə işçi işə çıxan kimi xitam verilə bilər.

Misal.

Müəssisənin işçisi uşağa qulluq üçün uşaq 3 yaşına çatanadək qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. Həmin işçi bu müddət bitənədək işə çıxa bilər. İşçinin hansı vaxtda işə çıxmağı bəlli olmadığı üçün müəssisə onu əvəz edən yeni işçi ilə müddətli əmək müqaviləsi bağlamışdır, və müqavilədə qeyd edilmişdir ki, sosial məzuniyyətə çıxan işçi işə qayıdan gün, müddətli müqavilənin müddətinin qurtardığı gün hesab edilir.

Beləliklə, yeni işçi ilə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti sosial məzuniyyətə çıxmış işçinin işə qayıtması gün bitəcəkdir.



Yazı sonuncu dəfə 2020-01-05 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!