Əmək haqqı

Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Tarif (vəzifə) maaşı - işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Əmək haqqının minimum məbləği

İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.

Kollektiv müqavilələrdə, sazişlərdə qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından daha yüksək məbləğ nəzərdə tutula bilər.

Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.

Minimum əmək haqqının məbləği AR Prezidentinin Sərəncamı ilə müəyyən edilir. Minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvar ayının 1-dən 300 manat müəyyən edilibdir.

Qeyd

İşçi müəssisədə yarımştat olaraq çalışırsa, o zaman, yarımştat üçün vəzifə maaşı minimum əmək haqqıdan az (misal üçün, 130 manat) ola bilər. Lakin, minimum aylıq əməkhaqqının məbləğinin 50%-dən aşağı olmamalıdır.

Əmək haqqının verilməsi müddətləri

Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir.

Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir .

Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin "Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir.

İşçilərin haqq-hesab sənədləri

İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.

İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir:

  • hesablanmış əmək haqqının ümumi məbləği;
  • əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;
  • əmək haqqından tutulan məbləğlər - tutulmanın adı, növü, səbəbi və məbləği;
  • faktik ödənilən məbləğ;
  • tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.

Əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.

Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi

Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.

Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.

İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.

Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi — manatla ödənilir.

İnzibati məsuliyyət

Onu da qeyd etmək lazımdır ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsinə əsasən

- vəzifəli şəxslər 700 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir.

İşçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 192.3 maddəsinə əsasən

- vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir.

Yazı sonuncu dəfə 2022-02-23 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!