Təhsil məzuniyyəti

İşləməklə yanaşı qiyabi şöbələrdə və qruplarda təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir:

  1. müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
  2. dövlət imtahanlarını vermək üçün;
  3. diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə orta əmək haqqı ödənilir.

Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.

Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.

Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

Peşə məktəblərində, peşə litseylərində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir.

Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.

Onu da qeyd etmək lazımdır ki, yalnız qiyabi təhsil alanlar təhsil məzuniyyətindən istifadə edə bilərlər. Əyani təhsil alanlara isə, onlar işləsələr belə, AR Əmək Məcəlləsində təhsil məzuniyyəti nəzərdə tutulmayıb.

Burada qeyd edilən təhsil məzuniyyətlərindən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.

Təhsil məzuniyyəti almaq istəyən işçi müəssisə rəhbərinin adına ərizə ilə müraciət edir. Ərizənin nümunəvi forması ilə aşağıda tanış ola bilərsiniz:

Ərizə nümunəsini yükləmək.

Daxil olunmuş işçinin ərizəsi əsasənda müəssisə rəhbəri tərəfindən əmr verilir. Əmrin nümunəvi forması ilə aşağıda tanış ola bilərsiniz:

Əmr nümunəsini yükləmək.

Orta əmək haqqının hesablanması qaydası AR Əmək Məcəlləsinin 177-ci maddəsi ilə təsdiq edilmişdir. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ təhsil məzuniyyəti dövründə olan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Misal

Müəssisədə çalışan işçi Azərbaycan Dövlət İqtisad Universitetində 2-ci kursda qiyabi təhsil alır. AR Əmək Məcəlləsinə əsasən ona hər tədris ilində imtahanlara hazırlaşmaq üçün 30 təqvim günü ödənişli təhsil məzuniyyəti verilə bilər.

İşçi 2017-ci ilin iyun ayında 30 təqvim günü təhsil məzuniyyəti götürmək istəyir. İşçi aprel ayında 900 manat, may ayıda isə 950 manat əmək haqqı almışdır. 2017-ci ilin aprel, may və iyun aylarında müvafiq olaraq 20, 21 və 18 iş günü vardır. Bu zaman, işçiyə hesablanan təhsil məzuniyyət haqqı olacaq:

AY İş günləri Əmək haqqı
aprel 2017 20 900
may 2017 21 950
iyun 2017 18

(900 + 950) manat / 41 gün (aprel və may aylarında iş günlərinin sayı) * 18 (iyun ayında iş günlərinin sayı) = 812.20 manat



Yazı sonuncu dəfə 2023-03-14 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!