Maddi yardım

Müəssisə aşağıdakı şəxslərə maddi yardım göstərə bilər:

  • müəssisənin işçilərinə;
  • başqa şəxslərə.

Maddi yardımın verilməsi və onun məbləği ilə bağlı qərarı müəssisə rəhbəri verir.

Maddi yardımın məbləği işçinin qarşılaşdığı maliyyə çətinliklərindən və müəssisənin maliyyə vəziyyətindən asılıdır. Bundan başqa, maliyyə yardımının göstərilməsi qaydası kollektiv müqavilədə də qeyd edilə bilər.

Maddi yardımın verilməsi ilə bağlı sənədləşmə.

Maddi yardım müəssisə rəhbərinin əmri ilə, və ya müəssisə rəhbəri tərəfindən təsdiqlənən işçinin ərizəsi əsasında verilir.

Maddi yardımın göstərilməsi ilə bağlı müəssisə rəhbərinin əmrində aşağıdakılar göstərilməlidir:

  • maddi yardımı alan şəxsin SAA;
  • maddi yardımın verilməsinin səbəbi (misal üçün, ağır maddi vəziyyətin olmasına görə, işçinin ailə üzvünün vəfatı ilə əlaqədar, əmlakının oğurlanmasına görə, bədbaxt hadisə və s.);
  • maddi yardımın miqdarı.

Maddi yardımın verilməsi ilə bağlı əmr aşağıdakı formada hazırlana bilər:

Qayalı MMC

Maddi yardımın edilməsi barədə

ƏMR N____

Bakı ş. 10.08.2018

Qayalı MMC-nin keçmiş işçisi olan İsmayılov A.V. müalicəsi üçün 1 000 AZN maddi yardım göstərilsin.

Baş icraçı direktor ___________ imza

Əmr ilə tanış oldum -

Baş mühasib ___________ Əliyev M.S.

İnsan resursları şöbəsinin rəhbəri ___________ Səmədov M.S.

Maddi yardım ərizə əsasında verildikdə, işçi ərizədə yardımın səbəbini qeyd etməlidir. Müəssisə rəhbəri işçinin ərizəsini imzalayır və ərizədə yardımın məbləğini qeyd edir. Misal üçün, "Mühasibatlığa - müəssisənin kassasından 2 000 manat məbləğində yardım göstərilsin."

Maddi yardım bədbaxt hadisə və ya başqa fövqaladə hadisə ilə bağlıdırsa (yanğın, oğurluq və s.), o zaman, işçi mühasibatlığa müvafiq təsdiqedici sənədləri təqdim etməlidir (misal üçün, yanğın idarəsindən arayış, hüquq-mühafizə orqanlarından oğrluq hadisəsinin baş verməsi ilə bağlı arayış və s.).

İşçiyə ailə üzvünün ölümü ilə bağlı maddi yardım göstərildikdə mühasibatlığa ölüm haqqında şəhadətnamənin sürəti təqdim edilir. Əgər maddi yardım dünyasını dəyişmiş işçinin qohumlarına verilirsə, o zaman, işçinin ölümü haqqında şəhadətnamənin sürəti təqdim edilir.

Bu sənədlər maddi yardımın göstərilməsi zamanı gəlir vergisinin hesablanamsında mühüm rol oynayır.

Maddi yardım işçiyə əmək haqqının ödənilməsi ilə birlikdə ödəniş cədvəli və ya kassa məxaric orderi ilə verilə bilər. Müəssisədə çalışmayan şəxslərə maddi yardımın verilməsi kassa məxaric orderləri ilə həyata keçirilir.

Vergi uçotu

Maddi yardım göstərilən zaman vergi uçotunda əsas məsələ maddi yardım kimi verilən bu məbləğlərin fiziki şəxslərin gəlir vergisinə cəlb olunmasıdır.

Belə ki, AR Vergi Məcəlləsinin 102.1.3 maddəsinə əsasən təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar fiziki şəxslərin gəlir vergisindən azaddır aşağıdakı məbləğlərdə:

  • hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1 000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2 000 manatadək olan hissəsi, mirasların dəyərinin 20 000 manatadək olan hissəsi;

    Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.

  • hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri gəlir vergisindən azaddır.

Bundan başqa, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə AR Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti Orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar fiziki şəxslərin gəlir vergisindən azaddır.

Vergi ödəyicisi olan müəssisə tərəfindən onunla əmək münasibətlərində olmayan digər şəxslərin təhsil və ya müalicə haqlarını ödədikdə bu məbləğdən ödəmə mənbəyində vergi tutulması nəzərdə tutulmamışdır. Bu halda belə gəliri əldə edən şəxs vergi uçotuna alınmalı və qeyd olunan gəlirin Vergi Məcəlləsinin 102.1.3-cü maddəsi ilə məhdudlaşdırılan məbləğindən çox hissəsindən gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bununla belə, ödəmələri aparan şəxslər qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər barədə vergi orqanlarına məlumat verməlidirlər.

Onu da qeyd edək ki, maddi yardım müəssisənin vergi tutulan xərclərinə aid edilmir, və müəssisənin öz sərəncamında qalan xalis mənfəəti hesabına verilə bilər.

Yazı sonuncu dəfə 2019-03-12 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!