e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hesablar planı - Qaydalar

Mühasibat uçotunun hesablar planı - mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik və subhesabların məcmusudur.

Mühasibat uçotunun Hesablar Planı – uçota alınan obyektlərin və məqsədlərin mühasibat uçotunun müəyyən edilmiş əlamətlərinə görə qruplaşdırılmış və rəqəmlərlə göstərilmiş sintetik hesabları və subhesabları məcmusudur. Hesablar planı maliyyə hesabatlarının göstəriciləri ilə uçot göstəriciləri arasında uyğunluğu təmin edir;

Beynəlxalq və Milli Standartların tələblərinə cavab verən mühasibat uçotunun Hesablar Planı bu Standartlara əsaslanan ehtimallar (prinsiplər), maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri və maliyyə hesabatları elementlərinin qiymətləndirmə metodlarına uyğun olaraq hazırlanmış və təsdiq edilmişdir.

Müəssisələr tərəfindən tərtib olunan "Maliyyə vəziyyəti haqqında hesabat"da digər maliyyə hesabatlarından fərqli olaraq informasiya Hesablar Planı vasitəsi ilə daha dolğun təqdim edilir.

Hesablar Planı maliyyə hesabatları elementlərinin qruplaşdırılması və dəyər ifadəsində vəziyyətinin əks etdirilməsi üçün nəzərdə tutulur. Hesablar Planı artan likvidlik dərəcəsi qaydasında düzülür. Hesablar Planında mühasibat uçotunun hesablarının nömrəsi, o cümlədən sintetik hesabların nömrəsi 3 rəqəmdən, subhesabların nömrəsi 4, 5 və ya daha çox rəqəmdən ibarət olmaqla müəyyən edilir. Nömrənin birinci rəqəmi aid olduğu bölməni, ikinci rəqəm aid olduğu maddəni, üçüncü rəqəm aid olduğu sintetik hesabı, dördüncü, beşinci və sonrakı rəqəmlər isə sintetik hesabın müvafiq subhesablarını göstərir. Hesablar Planında təhlilin, nəzarətin aparılması və maliyyə hesabatlarının tərtib olunması tələblərindən asılı olaraq müəyyən olunmuş subhesablardan istifadə edilir.

Müəssisələr təsdiq olunmuş uçot siyasətinə uyğun olaraq istifadə etdiyi hesablar planına əlavə subhesablar daxil etmək hüququna malikdir.

Müəssisələr maliyyə hesabatlarının tərtib olunması üçün mühasibat uçotunun aparılması zamanı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları ilə müəyyən edilmiş Hesablar Planından istifadə etməlidir.

"Maliyyə vəziyyəti haqqında hesabat"ın müvafiq maddələrində mühasibat uçotu subyekti tərəfindən hesabat dövrünün sonuna sintetik hesabların yekunlaşdırılmış qalıqları əks etdirilir.

Müəssisənin fəaliyyəti ilə bağlı baş vermiş maliyyə-təsərrüfat əməliyyatları vahid Hesablar Planı (sintetik hesabları, subhesabları) vasitəsi ilə müvafiq maliyyə hesabatlarında əks etdirilir. Sintetik hesablar maliyyə hesabatlarının elementlərinin (aktivlərin, öhdəliklərin və kapitalın, habelə gəlir və xərclərin) müəyyən edilmiş növlər və əlamətlər üzrə ümumiləşdirilmiş informasiyasının qruplaşdırılmasını təmin edir. Sintetik hesabın bir hissəsini təşkil edən subhesab özündə qruplaşdırılmış analitik uçot məlumatlarını əks etdirməklə, göstərilən sintetik hesabda maliyyə hesabatlarının elementləri barədə ümumiləşdirilmiş informasiyanı açıqlayır.

Hesablar Planı aşağıdakı bölmələrdən ibarətdir:

  • Bölmə 1. "Uzunmüddətli aktivlər";
  • Bölmə 2. "Qısamüddətli aktivlər";
  • Bölmə 3. "Kapital";
  • Bölmə 4. "Uzunmüddətli öhdəliklər";
  • Bölmə 5. "Qısamüddətli öhdəliklər";
  • Bölmə 6. "Gəlirlər";
  • Bölmə 7. "Xərclər";
  • Bölmə 8. "Mənfəətlər (zərərlər)";
  • Bölmə 9. "Mənfəət vergisi".

Yazı sonuncu dəfə 2018-09-14 tarixində yenilənib.

Hesablar planı - Qaydalar


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019