e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

202 İstehsalat xərcləri

Hesablar Planının 202-ci hesabı 8 N-li Milli Mühasibat Uçotu Standartına əsasən hesabat tarixində müəssisə tərəfindən məhsul istehsalı və ya xidmətin göstərlməsi üçün tələb olunan bütün birbaşa və dolayı məsrəfləri əhatə edir.

Məsrəflərin baş vermə yerləri və digər əlamətlər üzrə qruplaşdırılması, habelə kalkulyasiya uçotu, tərkibi və istifadə metodu istehsal fəaliyyətinin xüsusiyyətlərindən, quruluşundan, idarəetmənin təşkilindən asılı olaraq müəssisə tərəfindən müəyyən edilmiş ayrıca hesablar sistemində həyata keçirilə bilər.

Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilməsi xərclərin siyahısı və onların uçotu qaydası Milli Mühasibat Uçotu Standartları ilə nizamlanır.

202 "İstehsalat xərcləri" hesaba aşağıdakı subhesablar açıla bilər:

  • 202-1 "İstehsalatda istifadə olunmuş əsas xammal"
  • 202-2 "İstehsalatda istifadə olunmuş əsas materiallar"
  • 202-3 "Əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər"
  • 202-4 "İstehsalat aktivlərinin amortizasiya məsrəfləri"
  • 202-5 "İstehsalatda istifadə olunmuş köməkçi xammal"
  • 202-6 "İstehsalatda istifadə olunmuş köməkçi materiallar"
  • 202-7 "Köməkçi istehsalatla məşğul olan işçi heyətinə məsrəflər"

202 "İstehsalat xərcləri" hesabının debetində bilavasitə məhsul buraxılışı, yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar bibaşa məsrəflər (müstəqim xərclər), eləcə də köməkçi istehsalatların xərcləri, əsas istehsala xidmət və onun idarə edilməsi ilə bağlı dolayı (qeyri müstəqim) xərclər və zay edilmədən əmələ gələn itkilər əks etdirilir. Bilavəsitə məhsul buraxılışı, yerinə yetirilən iş və göstərilən xidmətlə əlaqədar olan birbaşa xərclər, istehsalat ehtiyatlarını, əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaları və s. uçota alan hesabların kreditindən 202 "İstehsalat xərcləri" hesabının debetinə silinir.

202 "İstehsalat xərcləri" hesabının krediti üzrə istehsalı başa çatmış məhsulun, yerinə yetirilmiş iş və xidmətlərin faktiki maya dəyərinin məbləğləri əks etdirilir. Bu məbləğlər 202 "İstehsalat xərcləri" hesabının kreditindən 204 "Hazır məhsul", 701 "Satışın maya dəyəri" və s. hesablarının debetinə yazılmaqla silinir.

202 "İstehsalat xərcləri" hesabı üzrə ayın axırına olan qalıq bitməmiş istehsalın dəyərini göstərir.

Misal Müəssisə corab istehsalı ilə məşğuldur. Ay ərzində müxtəlif modellərdə 99 000 cüt corab istehsal edilmişdir. Ay ərzində 20 000 manat dəyərində müxtəlif ceşiddə saplar, 10 000 manat dəyərində istehsalat işçilərinin əmək haqqısı, 8 000 manat istehsalat rəhbərlərinin və ofis işçilərinin əmək haqqısı, 1 500 manat sair istehsalat xərcləri, 800 manat sair təsərrüfat xərcləri, 500 manat avadanlığların cari təmiri təşkil etmişdir. Avadanlığın amortizasiyası bir ay üçün 5 000 manat təşkil etmişdir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Corabların istehsalı üçün istifadə edilmiş saplar 202-2 "Xammal və materiallar" 201-2 "Xammal və materiallar" 20 000
2 İstehsalat işçilərinin əmək haqqısı 202-3 "Əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 10 000
3 İstehsalat rəhbərlərinin və ofis işçilərinin əmək haqqısı 721-1 "İnzibati işçi heyəti üzrə xərclər" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 8 000
4 Sair istehsalat xərcləri 202-8 "Sair istehsalat xərcləri" 201-6 "Sair materiallar" 1 500
5 Sair təsərrüfat xərcləri 721-3 "Digər inzibati xərclər" 244 "Təhtəlhesab məbləğlər" 800
6 Sair təsərrüfat xərcləri 202-8 "Sair istehsalat xərcləri" 201-5 "Ehtiyat hissələri" 500
7 Avadanlığın amortizasiyası 202-4 "İstehsalat aktivlərinin amortizasiya məsrəfləri" 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya" 5 000
8 99 000 cüt hazır məhsul olan corabın anbara daxil olması 204 "Hazır məhsul" 202 "İstehsalat məsrəfləri" 35 000

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

202 İstehsalat xərcləri


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.