e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

218 Şübhəli borclar üzrə düzəlişlər

Hesablar planının 218 "Şübhəli borclar üzrə düzəlişlər" hesabı 10 N-li Milli Mühasibat Uçotu Standartına əsasən şübhəli borclar üzrə düzəlişlər barədə qısamüddətli debitor borclarına aid olunan ümumiləşdirilmlş məlumatları əhatə edir.

Müəssisə ehtiyat məbləğlərini təsərrüfat fəaliyyətinin nəticələrinə aid etməklə digər müəssisələrlə məhsullara, mallara, işlərə və xidmətlərə görə hesablaşmalar üzrə şübhəli borclar üçün ehtiyat fondu yarada bilər.

Şübhəli borclar müəssisənin müqavilə ilə müəyyən edilmiş müddətdə ödənilməyən və müvafiq təminatı olmayan debitor borcları hesab olunur.

Şübhəli borclar üçün ehtiyat hesabat ilinin axırında müəssisənin debitor borclarının inventarizasiyasının nəticələri əsasında yaradılır. Şübhəli borclar üzrə ehtiyatın yaradılma qaydası müəssisənin uçot siyasətində müəyyən edilməlidir.

Ehtiyatın həcmi hər bir şübhəli borc üzrə ayrılıqda, borclunun maliyyə vəziyyətindən (ödəmə qabiliyyətindən) və borcun tam, yaxud qismən ödənilməsi ehtimalından asılı olaraq müəyyən edilir.

Əgər bu ehtiyatların hər hansı bir hissəsi şübhəli borcların ehtiyatının yaradıldığı ildən sonrakı ilin axırınadək istifadə edilməzsə, onda xərclənməmiş məbləğ müvafiq ilin mənfəətinə birləşdirilir.

Yaradılan ehtiyatların məbləği 731 "Sair əməliyyat xərcləri" hesabının debetində və 218 "Şübhəli borclar üzrə düzəlişlər" hesabının kreditində əks etdirilir. Əvvələr müəssisə tərəfindən şübhəli borc kimi hesab olunan və tələb olunmayan borclar üzrə məbləğlər balansdan silinərkən 218 "Şübhəli borclar üzrə düzəlişlər" hesabının debetində və 171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları", 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesablarının kreditində əks olunur.

Əvvəlki illərdə yaradılmış şübhəli borclar üzrə ehtiyat məbləğlərinin istifadə olunmamış hissəsi ilin sonunda mənfəətə birləşdirilən zaman 218 "Şübhəli borclar üzrə düzəlişlər" hesabının debetində və 801 "Ümumi mənfəət (zərər)" hesabının kreditində əks etdirilir.

Misal. Müəssisə debitor borclarının inventarizasiyasından sonra müəyyən etmişdir ki müəssisəyə borclu olan bir qrup debitor müəssisə borclarını ödəməyəcək. Və bunun nəticəsi kimi müəssisənin uçot siyasətinə uyğun olaraq şübhəli borclar üzrə 60 000 manat məbləğində ehtiyat yaradılmışdır. Məhkəmə qərarına əsaslanaraq şübhəli borclardan 40 000 manat məbləği ümidsüz borc hesab edilmiş və silinmişdir. Lakin, bir müddət sonra borclulardan biri 5 000 manat məbləğində öz borcunu qaytarmışdır. İlin sonunda istifadə edilməyən ehtiyat ilin maliyyə nəticələrinə silinmişdir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Şübhəli borclar üzrə ehtiyatın yaradılması 731 "Sair əməliyyat xərcləri" 218 "Şübhəli borclar üzrə düzəlişlər" 60 000
2 Borclu müəssisələrin borclarının silinməsi 218 "Şübhəli borclar üzrə düzəlişlər" 171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" 40 000
3 Borclu müəssisənin öz borcunun qaytarılması. 223 "Bank hesablaşma hesabları" 171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" 5 000
4 İstifadə edilməmiş ehtiyat məbləği maliyyə nəticələrinə silinir. 218 "Şübhəli borclar üzrə düzəlişlər" 801 "Ümumi mənfəət (zərər)" 20 000

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

218 Şübhəli borclar üzrə düzəlişlər


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.