Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları

  1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır.
  2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.
  3. Hər kəsin Konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir.
  4. Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir.
  5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.
  6. Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.
    Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır.
  7. Azərbaycan Respublikasının vergiləri yalnız AR Vergi Məcəlləsi ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi AR Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə həyata keçirilir.
  8. Heç bir şəxsin üzərinə AR Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və AR Vergi Məcəlləsi ilə müəyyən edilməyən, yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
  9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin.
  10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.
  11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
  12. Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ hüquqi aktlarla azad tanış olmaq imkanı təmin edilməlidir.


Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi. Maddələr: 3

Yazı sonuncu dəfə 2023-10-19 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!