Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydalarıDövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə ödənilir. Notariat hərəkətlərinin aparılmasına, beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə, habelə sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun 15 faizi dövlət rüsumu tutan orqanların xüsusi hesabına, 85 faizi isə dövlət büdcəsinə keçirilir. Dövlət rüsumları milli valyutada nağd və ya köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank qəbzinin əsli, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi verilir. Dövlət rüsumunun məbləği xarici valyutada nəzərdə tutulduğu hallarda dövlət rüsumu Azərbaycan Respublikası ərazisində ödənildikdə ödəniş tarixinə Milli Bankın rəsmi məzənnəsinə uyğun yalnız manatla ödənilir. "Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur. "Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hesabat təqdim etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə "Dövlət rüsumu haqqında" Qanunda və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynalxalq müqavilələrin müddəaları tətbiq edilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-08-18 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!