Gömrük ödənişlərinin hesablanması və ödənilməsiGömrük rusumunun, əlavə dəyər vergisinin, aksizlərin və gömrük yığımlarının hesablanması üçün əsas. Gömrük rüsumunun, aksizlərin və gömrük yığımlarının hesablanması üçün "Gömrük Tarifi haqqında" AR Qanununa uyğun olaraq müəyyən edilən malların və nəqliyyat vasitələrinin gömrük dəyəri əsas götürülür. Əlavə dəyər vergisinin hesablanması üçün malın gömrük dəyərinin və gömrük rüsumunun cəmi, aksizə düşən mallar üçün isə həmçinin aksiz məbləğinin cəmi əsas götürülür.
Gömrük ödənişlərinin ödəyiciləri Gömrük ödənişləri Gömrük Məcəlləsinə uyğun olaraq bilavasitə deklarant AR GM Maddə 17: gömrük rəsmiləşdirilməsi məqsədilə malları və nəqliyyat vasitələrini bəyan edən, təqdim edən, göstərən hüquqi şəxs; və ya başqa şəxs tərəfindən ödənilir. Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə hər bir marağı olan şəxs gömrük ödənişlərini ödəyə bilər. Gömrük ödənişlərinin ödənilmə müddətləri Gömrük ödənişləri gömrük bəyannaməsi qəbul edilənə qədər və ya gömrük bəyannaməsinin qəbul edilməsi ilə eyni vaxtda ödənilir. Kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən, gömrük ödənişləri gömrük bəyannaməsinin qəbul edilməsi ilə eyni vaxtda ödənilir. Gömrük bəyannaməsinin verilməsi gecikdirildikdə gömrük ödənişlərinin ödənmə müddəti gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilən müddətin keçdiyi gündən hesablanır. Gömrük ödənişlərinin ödənilmə qaydası Gömrük ödənişləri (yol vergisi, "İcazə" blankına görə dövlət rüsumu istisna olmaqla) Azərbaycan Respublikasının gömrük orqanına, beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsi operatorlarına ödənilir. Poçt rabitəsi operatorları göstərilən ödənişləri Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı ilə birgə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikası gömrük orqanlarının hesabına keçirir. Yol vergisi xarici dövlətlərin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə keçirilir. Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın uzadılması Gömrük ödənişlərinin (dövlət rüsumu istisna olmaqla) ödənilməsi üçün müstəsna hallarda ödəyiciyə möhlət verilə və ya vaxt uzadıla bilər. Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın uzadılması barədə qərarı gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanı qəbul edir. Gömrük ödənişlərinin ödənilməsi üçün verilən möhlət və uzadılan vaxt gömrük bəyannaməsinin qəbul edildiyi gündən etibarən iki aydan artıq olmamalıdır. Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verildikdə və ya vaxt uzadıldıqda bu Məcəllədə nəzərdə tutulmuş qaydada gömrük ödənişlərinin ödənilməsi təmin edilir. Möhlət verilməsinə və ya vaxtın uzadılmasına görə Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi kreditlər üzrə həmin bankın müəyyən etdiyi dərəcələrə uyğun olaraq faizlər alınır və dövlət büdcəsinə köçürülür. Gömrük ödənişlərinin ödənilməsindən yayınmaya cəhd göstərən şəxslərə bu cür ödənişlərin ödənilməsi üçün möhlət verilmir və ya vaxt uzadılmır. Gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi Gömrük ödənişlərinin ödənilməsi malların və nəqliyyat vasitələrinin girovu, üçüncü şəxsin zəmanəti və ya ödənilməli olan məbləğin depozitə verilməsi ilə təmin edilə bilər. Azərbaycan Respublikası gömrük orqanları başqa qərar qəbul etmirsə, girov qoyulan mallar və nəqliyyat vasitələri girov qoyan şəxsdə qalır. Girov qoyan şəxs Azərbaycan Respublikası gömrük orqanının razılığı olmadan girov qoyduğu əşya barədə sərəncam vermək hüququna malik deyil. Girovun rəsmiləşdirilməsi və ödənişin girov predmetinə yönəldilməsi girov haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir. Gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankından xarici valyuta əməliyyatları aparmaq üçün lisenziya almış bankın və digər kredit təşkilatlarının zəmanəti istifadə oluna bilər. Göstərilən banklar və digər kredit təşkilatları onların müraciətinə əsasən Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının apardığı reyestrə salınır. Bankların və digər kredit təşkilatlarının reyestrə salınma haqqında müraciətlərinə baxılma qaydasını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir. Bankların və digər kredit təşkilatlarının reyestrə salınmasına görə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda yığım alınır. Zəmanətin şərtlərinə və bu maddənin tələblərinə riayət edilmədikdə banklar və digər kredit təşkilatları Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı ilə reyestrdən çıxarıla bilər. Banklar və digər kredit təşkilatları reyestrdən çıxarılarkən ödənilmiş yığım qaytarılmır. Sərbəst dövriyyə üçün buraxılış zamanı və ya ixrac gömrük rejiminə uyğun aparılarkən ödənilməli olan gömrük ödənişlərinin məbləği depozitə verilir. Məbləğin depozitdə saxlanma müddəti üçün faizlər tutulmur. Ödənilməli olan məbləğin depozitə verilməsi və onların qaytarılması qaydasını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük ödənişlərinin ödənildiyi valyuta Gömrük ödənişləri Azərbaycan Respublikasının milli valyutası ilə aparılır. Müstəsna hallarda gömrük ödənişləri xarici valyuta ilə ödənilə bilər. Xarici valyutanın Azərbaycan Respublikasının milli valyutasına çevrilməsi, bəyannamənin qəbul edildiyi gün qüvvədə olan Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnələrlə hesablanır. Artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin qaytarılması Yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində vergilər istisna olmaqla, artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin məbləğləri bu ödənişlərin ödənildiyi və ya alındığı vaxtdan etibarən bir il ərzində şəxsin tələbi üzrə qaytarılmalıdır. Gömrük ödənişləri qaytarıldıqda onlardan faizlər ödənilmir. Yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində vergilər istisna olmaqla, artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin qaytarılması qaydalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla Gömrük Komitəsi müəyyən edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Əlavə dəyər vergisi məbləğlərinin vergi ödəyicisinə səhvən qaytarıldığı bütün hallarda gömrük orqanları səlahiyyətləri daxilində həmin məbləğlərin vergilərin tutulması üçün müəyyən edilmiş qaydada qaytarılmasını tələb etməlidir. Artıq ödənilmiş yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları Gömrük Komitəsi tərəfindən müəyyən edilir. Yazı sonuncu dəfə 2018-09-09 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!