Torpaq vergisi: Vergi dərəcələri

İlk öncə, qeyd etmək lazımdır ki, torpaq vergisinin dərəcələri torpaqların kateqoriyalarından asılıdır. Vergitutma məqsədləri üçün torpaqlar aşağıdakı kateqoriyalara bölünürlər:

  • Kənd təsərrüfatı təyinatlı olan torpaqlar
    • Təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları
    • Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları
  • Kənd təsərrüfatı təyinatlı olmayan torpaqlar

Kənd təsərrüfatı təyinatlı olan torpaqlar

  • Təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları

    Kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir.

    Misal.

    Fiziki şəxsin Oğuz rayonun Xaşmaz kəndində mülkiyyətində 1 hektar kənd təsərrüfatı təyinatlı torpağı var. Lakin, həmin şəxs bu torpaqdan təyinatı üzrə istifadə etmir. Fiziki şəxsin ödəməli olduğu illik torpaq vergisini hesablayaq:

    10 000 / 100 * 2 AZN = 200 AZN

  • Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları

    AR Kənd Təsərrüfatı Nazirliyi (AR Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə) verdiyi arayışa əsasən kənd təsərrüfatı torpaqlarının torpaq vergisini hesablamaq üçün torpaq sahəsinin hər bir hektarını əvvəlcədən müəyyən edilmiş şərti bala vurmaq lazımdır. Şərti bal kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi, keyfiyyəti nəzərə alınmaqla konkret olaraq müəyyən edilərək torpağın sənədində qeyd edilmişdir.

    Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları AR Nazirlər Kabineti tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.

Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları AR Nazirlər Kabinetinin 29.12.2000-ci il tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Misal.

Müəssisəsinin Qazax rayonunda II-ci keyfiyyət qrupuna aid olan 60 hektar əkin sahəsi və I-ci keyfiyyət qrupuna aid 50 hektar örüş sahəsi vardır. Müəssisənin torpaq vergisini hesablayaq:

Qazax rayonunda II-ci keyfiyyət qrupuna aid olan əkin sahəsi altındakı torpaqların 1 hektarının şərti balı 45-dir. I-ci keyfiyyət qrupuna aid olan örüş sahəsi altındakı torpaqların 1 hektarının şərti balı isə 60-dir.

Əkin sahəsinin torpaq vergisi - 60*45*0.06= 162 AZN

Örüş sahəsinin torpaq vergisi * - 50*60/10*0.06= 18 AZN

*Qeyd: Biçənəklər, örüşlər və otlaqlar (yay və qış otlaqları da daxil olmaqla) üçün torpaqların 1 hektarlarının şərti balları müvafiq kadastr qiymət rayonunun əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların I keyfiyyət qrupu üçün müəyyənləşdirilmiş şərti ballarının 1/10 miqdarında qəbul edilir.

Cəmi torpaq vergisi: 162 + 18 = 180 AZN

Kənd təsərrüfatı təyinatlı olmayan torpaqlar

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq vergisini hesablamaq üçün həmin torpaq sahəsinin hər 100 kvadrat metrini aşağıdakı cədvəldə göstərilən dərəcələrə vurmaq lazımdır.

Yaşayış məntəqələri Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar( manatla) Yaşayış fondlarının, həyətyanı və bağ sahələrinin tutduğu torpaqlar(manatla)
10000 m2-dək olduqda 10000 m2-dən yuxarı olan hissə üçün 10000 m2-dək olduqda 10000 m2-dən yuxarı olan hissə üçün
Bakı 10 20 0.6 1.2
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 8 16 0.5 1
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 4 8 0.3 0.6
Rayon tabeçiliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 2 4 0.1 0.2
Misal.

Müəssisənin Bakı və Sumqayıt şəhərlərində ticarət təyinatlı torpaqları var. Bakı şəhərində torpaq sahəsi - 3 000 kv.m., Sumqayıt şəhərində isə - 1 000 kv.m. Müəssisənin illik torpaq vergisi aşağıdakı kimi hesablanmalıdır:
10 * 3 000/100 + 8 * 1 000/100 = 380 AZN

Misal.

Fiziki şəxsin Bakı şəhərində 10 sot həyətyanı sahəsi var. Bu 10 * 100 kv.m = 1 000 kv.m. edir. Fiziki şəxsin illik torpaq vergisi aşağıdakı kimi hesablanmalıdır:
0.60 * 1 000/100 = 6 AZN

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar - bu tip torpaqların istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

Yaşayış fondlarının, həyətyanı və bağ sahələrinin tutduğu torpaqlar - bu tip torpaqların hüquqi rejimi torpaq və mənzil qanunvericiliyi aktları əsasında müəyyən edilir.

Yazı sonuncu dəfə 2023-10-22 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!