Gömrük qaydalarının pozulmasına görə məsuliyyət

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi, yəni Azərbaycan Respublikası gömrük orqanlarının müəyyən etdiyi yerlərdən kənar və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar keçirilməsinə görə, cinayət əlamətləri olmadıqda — hüquqpozmanın bilavasitə obyektləri olan mallar və nəqliyyat vasitələri müsadirə edilir və ya həmin mallar və nəqliyyat vasitələri dəyərinin əlli faizindən, yüz faizinədək məbləğdə cərimə qoyulur.

Mallar və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulması, yəni bəyanetmə forması və yeri barədə, onun icra prosedurası barədə (o cümlədən bəyanetmə zamanı müvəqqəti, natamam, yaxud dövri bəyannamədən istifadə edilməsi barədə) müəyyən olunmuş tələblərə riayət edilməməsinə görə, bu fəslin digər maddələrində nəzərdə tutulmuş hallar istisna edilməklə — xəbərdarlıq edilir, yaxud lisenziya və ya ixtisas attestatı geri alınır və ya minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək cərimə qoyulur.

Azərbaycan Respublikası gömrük orqanına, onun müəyyən etdiyi müddətlərdə mallara və nəqliyyat vasitələrinə aid gömrük bəyannaməsinin, eləcə də gömrük məqsədləri üçün lazım olan digər sənədlərin və əlavə məlumatların təqdim edilməməsinə görə — lisenziya və ya ixtisas attestatı geri alınır və ya minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək cərimə qoyulur.

Banklar və digər kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası gömrük orqanlarının gömrük ödənişlərinin mübahisəsiz qaydada tutulması, gömrük ödənişlərinin ödəyicisinin hesabları üzrə əməliyyatların dayandırılması haqqında Gömrük Komitəsinin vəsatətlərinin icra edilməməsinə görə, eləcə də həmin vəsatətlərin icrasının əsassız olaraq gecikdirilməsinə görə - ödənilməmiş ödənişlərin məbləğində cərimə qoyulur.

Gömrük ödənişlərinin ödənilməsindən yayınma

AR Cinayət Məcəlləsinin 209-cu maddəsinə əsasən:

Maddə 209. Gömrük ödənişlərinin ödənilməsindən yayınma

209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma -

cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:

209.2.1. təkrar törədildikdə;
209.2.2. külli miqdarda törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

209.3. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın 4 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

Bu maddədə "xeyli miqdar" dedikdə, ödənilməmiş gömrük ödənişlərinin 20 000 manatdan yuxarı, lakin 100 000 manatdan artıq olmayan məbləği, "külli miqdar" dedikdə 100 000 manatdan yuxarı, lakin 500 000 min manatdan artıq olmayan məbləği, "xüsusilə külli miqdar" dedikdə 500 000 min manatdan yuxarı olan məbləği başa düşülür.



Yazı sonuncu dəfə 2019-01-05 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!